Media buna diqqət yetirməlidir

“Vacib odur ki, televiziyaya baxmamaq Azərbaycan vətəndaşına necə təsir edəcək”



Noyabr ayının 1-dən analoq yayımın dayandırılması və rəqəmli yayıma keçidlə bağlı Bakı və
Abşeron yarımadasında TRT 1 telekanalının yayımı dayandırılıb. Növbəti mərhələdə 1 dekabr
2016-ci il tarixindən isə bütün ölkə üzrə analoq yayım dayandırılacaq.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya
açıqlamasında Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda
bərpası üçün danışıqlar aparıldığını və məsələnin həllini tapacağını deyib. O bildirib ki,
Azərbaycan telekanalları üçün mövcud olan şərtlər TRT 1 üçün də tətbiq edilə bilər: "Sadəcə
TRT 1-in rəqəmli formatda yayımı üçün Teleradio İstehsalat Birliyi ilə müqavilə imzalanmalı,
şərtlər yerinə yetirilməlidir. Teleradio İstehsalat Birliyi bu haqda TİKA-ya əvvəlcədən məlumat
vermişdi. Əgər müqavilə bağlanmasa, onların razılığı olmadan biz onların yayımını necə həyata
keçirə bilərik?!”
Məsələyə münasibət bildirən media eksperti Zeynal Məmmədli məsələnin texniki hal olduğunu
vurğulayıb. Onun sözlərinə görə Türkiyədə yayım, prinsipcə, rəqəmli yayımdır: "TRT-nin
yayımında sözsüz ki, hökumətlərarası bir razılaşma var. Çünki xarici televiziya olduğu üçün açıq
yayımda, yəni xüsusi bir paketdə olmayacaq. Sosial paketdə olduğu üçün bu kanala pulsuz
baxmaq imkanı yaranacaq. Düşünürəm ki, TRT-nin konfiqurasiyası yayımın analoq, yoxsa
rəqəmli olması məsələsini həll eləmir. Vacib odur ki, cəmiyyətdə televiziyaya baxmamaq
Azərbaycan vətəndaşına necə təsir edəcək. Televiziyaya baxış bölgələrdə o qədər azdır ki,
analoq yayımın ləğv edilməsi və dekoderin alınmaması heç nəyi dəyişməyəcək. Məncə media
əsasən buna diqqət yetirməlidir. TRT-nin bu dəqiqə göstərməməsi analoq və rəqəmli yayımın
hansının olmasını üzə çıxarmayacaq”.Xatırladaq ki, TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.

Yeganə Bayramova