Media nümayəndələrinin fikirləri haçalandı

Bəziləri jurnalistlərə ictimai nəqliyyatda güzəştin tətbiqini istəsələr də, bir çoxu bunu məqbul saymayıb



(əvvəli ötən sayımızda)

Son günlər jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi məsələsi yenidən aktuallaşıb. Bununla bağlı müxtəlif fikirlər səslənir. Kimi bu məsələnin jurnalistlərin işini asanlaşdırması və sosial şəraitlərinin az də olsa yaxşılaşdırması kimi dəyərləndirib, təqdir edir, kimi isə Azərbaycanda nəqliyyat xərclərinin cüzi məbləğ olduğunu əsas gətirərək güzəştlərin tətbiqini pisləyir. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova mətbuata bildirib ki, bunun üçün gələcəkdə həmin şəxslərə güzəştli kartların verilməsi nəzərdə tutulur.

Eyni zamanda N.Allahyarova indiki məqamda media mənsublarına belə bir güzəştin verilmədiyini söyləyib: "Hazırda jurnalistlərin nəqliyyatdan istifadəsi pulsuz deyil”. Məlumat üçün bildirək ki, "Kütləvi İnformasiya Vasitələri haqqında” 1992-ci ildə qəbul edilən, 1999-cu ildə isə qüvvədən düşən qanunun V fəsil 39 maddəsinin 9-cu bəndində jurnalistlərin şəhər, rayondaxili ictimai nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə etməsi yer almışdı. Təbii ki, qanun qüvvədən düşəndən sonra yenisi ilə əvəzlənib. Ancaq yeni qanunda yuxarıda qeyd etdiyimiz bənd çıxarılıb. Maraqlıdır, görəsən, yeni qanuna dəyişiklik edilərək jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi bərpa oluna bilərmi?

Sualımızı cavablandıran Milli.az-ın redaktoru Firdovsi Fərzəliyev ictimai nəqliyyatda jurnalistlərə güzəştlərin tələb edilməsini qüsurlu yanaşma hesab edir: "Jurnalist niyə aztəminatlı təbəqə olmalıdır ki, belə güzəştlərə də möhtac qalsın? Avropa ölkələrinin təcrübəsi deyirsiniz - düzü, bu müstəvidə məlumatlı deyiləm, hər hansı bir araşdırma da aparmamışam. Amma qənaətim bundan ibarətdir ki, Qərb ölkələrində jurnalistika sahəsi heç də digər sahələrdən aztəminatlı deyil ki, belə güzəştlərə ehtiyac yaransın. Ümumiyyətlə, hər hansı bir peşə sahəsini ayırıb, ona ictimai sferada güzəştlər tətbiq edilməsi kökündən yanlış yanaşmadı. Axı jurnalistlərin fəaliyyəti, məsələn, mühəndisin, müəllimin, həkimin peşəsindən nə dərəcədə önəmlidir, nə dərəcədə vacibdir ki, ona belə güzəştlər tətbiq edilsin. Bu ayrıseçkilik hansı məntiqə söykənir?! Sabah müəllimlər, həkimlər də, hansı ki jurnalistlərdən də daha az məvaciblə çalışırlar, analoji tələblə çıxış etsələr, əlbəttə ki, haqlı olacaqlar. Yəni məsələnin həlli dövlətdən belə güzəştlər qoparmaqda deyil. Jurnalistikanın ayaq bağı olan daha ciddi məsələlər var ki, onlar çözülmədən belə mövzular tez-tez gündəmə gətiriləcək”.

"Report.az” informasiya agentliyinin baş redaktoru Murad Alıyev söyləyib ki, ümumiyyətlə, müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib: "Cənab Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlar milli mətbuatın inkişafına dövlət tərəfindən davamlı dəstəyin göstərilməsinə, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Jurnalistlər üçün nəqliyyatda güzəştlərin tətbiq olunması təşəbbüsü dəfələrlə ölkə mətbuatı tərəfindən gündəmə gətirilib. Buna ən yaxşı nümunə kimi qardaş Türkiyəni göstərmək olar. Bu ölkədə nəinki güzəşt tətbiq olunur, media işçiləri üçün nəqliyyatdan istifadə ümumiyyətlə pulsuz təşkil olunur. Eyni zamanda nəzərə alaq ki, Türkiyədə ictimai nəqliyyatdan istifadə tarifləri Azərbaycandan daha bahadır. Hesab edirəm ki, Azərbaycanda da belə güzəştin tətbiq olunması müsbət hal olardı. Çünki jurnalistlərin xəbər, reportaj ardınca Bakını və ölkə ərazisini dolaşmağı vacibdir. Əgər başqa peşə sahibləri səhər işə gedib axşam işdən evə qayıdırlarsa, bir jurnalist gün ərzində tədbirlərə, reportajlara getmək üçün dəfələrlə ictimai nəqliyyatdan istifadə edir. Bu səbəbdən ictimai nəqliyyatdan istifadədə güzəştlər jurnalistlərin maddi durumuna müsbət təsir edəcək mühüm addım olardı”.

Araşdırmaçı-jurnalist Dilqəm Əhməd bildirib ki, hazırda təhsil aldığı İstanbul şəhərində jurnalistlərə bəzi güzəştlər var: "Məsələn, Kültür Bakanlığına tabe olan muzeylər jurnalistlərə pulsuzdur. Eləcə də, nəqliyyatda ya güzəştli, ya da tamamilə pulsuz xidmət var bildiyim qədər. Burda nəqliyyat baha olduğuna görə jurnalistlər, tələbələr, müəllimlər üçün güzəştlər tətbiq edilir. Azərbaycanda isə buna nəqliyyatda ehtiyac yoxdur. Çünki həm nəqliyyat ucuzdur, həm də jurnalistlər toplumun ehtiyaclı təbəqəsi deyil. Tələbə və şagirdlərə pulsuz "Bakıkart” xidmətinin verilməsini istəyərəm”.

"Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlunun fikrincə, bu, media nümayəndələri üçün yaxşı haldır: "Çünki Azərbaycanda media sahəsində çalışanların sosial durumu ürəkaçan deyil. Ona görə də hesab edirəm ki, bu addımın atılması jurnalistlər üçün müsbət olar. Niyə də mümkün olmasın? Burada çətin nə var ki? Azərbaycanda jurnalistlərin sayı 10 minlərlə deyil ki, nəqliyyat sektoru bundan ziyan çəksin. Belə addım atılsa, bu sektor heç bunu hiss etməyəcək. Bir şərtlə ki, məsələ ciddi formada tənzimlənsin. Yəni reket jurnalistlər və ya ümumiyyətlə jurnalist olmayanlar saxta vəsiqələrlə bundan yararlanmağa çalışmasın. Mətbuat Şurasının vahid vəsiqə tətbiqi bunun qarşısını ala bilər. Düşünürəm ki, bu peşəkar jurnalistika ilə məşğul olanlar üçün əlverişlidir. Avropa ölkələrində belə bir təcrübənin olması haqqında bilgim yoxdur. İkincisi də bu məsələ ilə bağlı Avropa ölkələrinin təcrübəsinə gərək yoxdur. Çünki orada fəaliyyət göstərən jurnalistlərlə Azərbaycan jurnalistlərinin sosial durumu arasında ciddi fərqlər var. Bundan başqa, Azərbaycanda jurnalistlərə mənzil verilir. Avropada isə bu yoxdur. Niyə bu addım atılır? Çünki Azərbaycanda real şərtlərlə jurnalistlərin mənzil alması mümkün deyil. Dövlət də bunu nəzərə alır. Ona görə də jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadəsi üçün Avropa təcrübəsindən yararlanmaq zorunda deyilik”.

Tanınmış teleaparıcı İlham Tumas diqqətə çatdırıb ki, vaxtilə veterenlara, tələbələrə, elə jurnalistlərə də belə güzəştlər vardı, ancaq təəssüf ki, sui-istifadə halları çox olduğundan alınmadı: "Ona görə mənasız iş olar. Məncə, jurnalistlərə bundan qeyri daha çox şeylər lazımdır. Avropa ölkələrinə gəldikdə isə, mən biləni, bəzi beynəlxalq jurnalist təşkilatları var ki, xüsusi kartlar verirlər və jurnalistlər bu kartlarla idarələrə, muzeylərə və digər jurnalist işinə dair idarələrə maneəsiz girə bilirlər. Daha yaxşısını Avropaya təcrübə dalınca gedən jurnalist dostlarımız daha yaxşı bilər”.

Teleqraf.com-un redaktoru Ruslan Xəlil hesab edir ki, jurnalistlərə ictimai nəqliyyatda güzəşt edilməsinə ehtiyac yoxdur: "Digər sahələrin işçiləri kimi biz də aylıq maaş və ya yazıya görə qonorar alırıq. Nə üçün müəllim, həkim, vergi, gömrük işçiləri, usta və fəhlə yolpulu verməlidir, jurnalist yox? Məgər biz əlilik? Fiziki və əqli məhdudluğumuz var? Hesab edirəm ki, bu təklifin özü jurnalistlərin ələ alınmasına, bir qədər də aşağılanmasına hesablanıb. Əslində, biz müəllimlərdən, tibb işçilərindən, bir sözlə, büdcədən maliyyələşən qurumların əməkdaşlarından heç də az maaş almırıq və onlardan pis yaşamırıq. Şəxsən, mən polisin yolpulu verməyib avtobusdan düşdüyünü görəndə narahat oluram. Polisin maaşı müəllim və həkimin maaşından çoxdursa, niyə yolpulu verməməlidir? Düşünürəm ki, ictimai nəqliyyatda jurnalistlərə güzəşt edilərsə, digər sərnişinlər buna yaxşı baxmayacaqlar. İnanmıram ki, Avropa ölkələrində belə bir təcrübə olsun”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov vurğulayıb ki, jurnalistlərə ictimai nəqliyyatda güzəştlərin verilməsi məsələsi lüzumsuzdur: "Bu, gələcəkdə bir çox hallarda mübahisələrə səbəb olar. Öncəliklə bu güzəştlər hansı şəkildə tətbiq ediləcək, jurnalistlərin hər birinə bu imtiyaz necə veriləcək? Bu gün ölkəmizdə vahid mərkəzdən jurnalist vəsiqəsi verilməsi problemi öz həllini tapmayıb. Belə olduğu halda jurnalistlər bir kənarda qalacaq, hərə bir möhürlü kağız parçası ilə sürücülərlə qəpik davası edəcək.

Həmçinin mətbuatda bu haqda məlumatlar yazıldıqdan sonra qısa bir araşdırma apararaq gördüm ki, xarici təcrübədə də buna rast gəlinmir. Mən özüm də bir müddət xarici ölkə KİV-lərində çalışmışam, həmin ölkələrdə də jurnalistlər ictimai nəqliyyatdan ödənişli istifadə edirlər. Son olaraq bir daha qeyd edim ki, buna ehtiyac yoxdur və bu kimi müzakirələr cəmiyyətdə jurnalistlərə qarşı qıcıq da yarada bilər”.

(Davamı var)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb