Bayramlarda nə qədər pul yığılacaq, kitabların, dəftərlərin qiyməti mesaj kimi axıb keçir
Valideynlər və müəllimlər arasında yaradılmış vatsap qrupları qeybət məkanına çevrilib
Azərbaycan məktəblərində valideynlər və müəllimlər arasında vatsap mesajlaşması zaman-zaman gündəmə gətirilərək müzakirə predmetinə çevrilib. Sözügedən mesajlaşma proqramında yaradılan qruplardakı yazışmalar sosial şəbəkələrə sızdırıldığı halda həmin qruplarda olan yazışmalardan bütün cəmiyyət xəbərdar olur. Məktəb daxilində baş verən hadisələr üzə çıxır. Yazışmalarda daha çox maliyyə məsələləri və valideynlər arasında mübahisəli problemlər müzakirə olunur.
Qeyd edək ki, valideyn komitələrinin təşəbbüsü ilə yaradılan vatsap qrupları əksər hallarda rüşvət mənbəyi kimi qiymətləndirilir. Yeni İl və Novruz bayramlarına, "8 Mart” Beynəlxalq Qadınlar günü və digər bayramlarla bağlı bütün maliyyə söhbətləri valideyn komitələrinin yaratdığı "Whatsapp” qruplarında aparılır. Həmçinin hansısa sinifin növbəsinin dəyişdirilməsi və ya hansısa xüsusi kitablara görə pul yığılması barədə bütün məlumatlar həmin qruplara yazılır. Əsasən belə qruplar ibtidai sinif şagirdlərinin valideynləri arasında aktualdır. Çünki valideynlər uşaqlarının yaşı az olduğu üçün bütün məsələləri özləri həll edirlər. Valideynlərin əksəriyyəti isə belə qrupların yaradılmasından narazıdır.
Uşaqların yaşı çoxaldıqca, "Whatsapp” qruplarındakı mövzular bir az dəyişir. Yəni əvvəl yalnız puldan söhbət gedirdisə, sonrakı mərhələdə şagirdlərin bir-biri ilə münasibəti maliyyə məsələlərilə bərabər müzakirə olunur.
Valideynlər belə qruplarda öz aralarındakı münasibətlərə də aydınlıq gətirir və bəzən şiddətli mübahisələr düşür, ardınca əyani "razborkalar" aparılır. Bunun acısını isə uşaqlar çəkir. Valideynlərarası münasibətlər uşaqların bir-biri ilə ünsiyyətinə təsir edir, uşaqlar, "filankəslə dostluq elə", "filankəsə yaxın getmə" kimi tələblərlə üzləşirlər. Yəni vatsap qruplarında təhsildən başqa bütün mövzulara müraciət edilir. Hətta mobil tətbiqlər vasitəsilə valideynlərin şayiələr yayıb, şagirdləri və valideynləri vahiməyə saldığı da məlum olub.
Sosioloq Elçin Bayramlının fikrincə, hər bir texnologiyadan faydalanmaq olar. Onun sözlərinə görə, valideynlər və müəllimlər arasında belə qrupların olması pis deyil, çünki indiki dövrdə onların tez-tez real ünsiyyəti mümkün olmur:
"Lakin bizdə bu imkanlardan düzgün istifadə olunmur, bu qruplar qeybət və sair məqsədlər üçün istifadə olunur. Bu halda qrupdakı bütün üzvlərə mesaj gedir və onlar mənasız və faydasız mesajlara vaxt itirir və narahat olurlar. Yaxşı olar ki, valideynlər bu qrupda yalnız biri-birinə kömək, faydalı məlumat mübadiləsi aparsınlar, bu da gündə bir və ya iki məlumatla bağlı ola bilər. Vatsap qruplarında tez-tez dezinformasiyalar, əsassız şayiələr yayılır və savadsız adamlar da bunlara inanır. Lakin, misal üçün, Feysbuk, Vkontakte, Tvitter kimi ciddi auditoriyanın toplaşdığı sosial şəbəkələrdə belə hallar olmur, çünki burada əksəriyyəti savadlı şəxslərdir, hər hansı belə cəhd baş tutmur”.
E.Bayramlı deyib ki, bizim cəmiyyət belə faydalı resurslardan düzgün bəhrələnə bilmirsə, qruplara üzv olmasınlar: "Çünki qruplara üzv olduqda xeyli vaxt itirir, beyni yorulur. Özünə hörmət edən şəxslərə məsləhət görürəm ki, qruplarda boş-bekar qadınların qeybət prosesinə qoşulmasınlar. Kiminsə kiməsə sözü varsa, ona zəng edə və ya mesaj yaza bilər”.
Jurnalist Naibə Qurbanova isə hesab edir ki, əvvəllər şagirdlər özləri məsuliyyətli idi, dərslərini gündəliyə yazırdılar amma indi yazmırlar, dərsdə müəllimə qulaq asmırlar, valideynlər də məcbur olub dərsin yerini, ev tapşırıqlarını vatsapdan öyrənməli olurlar:
"Bu qruplar bir növ bizim işimizi asanlaşdırıb. Valideynlərin vatsap qrupunda bir il olmadım. Bununla nə isə itirdiyimi düşünmürəm. İkinci il məni də əlavə etdilər qrupa, dərsin yerini öyrənmək, dərs vaxtını öyrənmək üçün faydalıdır. Bizim qrupda sinif müəlliminin özü də olduğu üçün orda kiminsə müəllimə söz çatdırmağına, screenlərinə ehtiyac yoxdur. Müəllimə yaxın olmaq istəyən analar isə bunu onsuz da hər hansı yolla edəcəklər. Çox istərdim ki, uşaqlar yoluxmasın bu mərəzə. Nadir hallarda baxıram qrupa, nəsə yazdığımı da xatırlamıram”.
Şəymən