"Məktəblərə muxtariyyət, direktorlara sərbəstlik vermək hegemonluq yaradacaq"
Kamran Əsədov: "Məktəb direktorlarına müəllimlərin işə qəbulunda müstəqillik vermək hələ tezdir"
Təhsil naziri Mikayıl Cabbarov 2016-cı təqvim ilinin yekununda "Media ilə üz-üzə” verilişinə müsahibəsində müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun uğurlu variant olmadığını deyib. Nazirin qənaətincə, müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir.
M.Cabbarov hesab edir ki, müəllim imtahan verib biliyini təsdiqlədibsə, o, müasir məzmunlu pedaqogikanı, psixologiyanı bilirsə, artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Qısa müddət ərzində bir sıra məktəblərə bu hüququn veriləcəyini söyləyən təhsil naziri xüsusi olaraq vurğulayıb ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır.
Hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük işlər aparıldığını deyən təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında qeyd edib ki, təhsil sahəsində İslahat Proqramı çərçivəsində təhsilin müxtəlif aspektlərini əhatə edən Dövlət Proqramları həyata keçirilir, təhsilin maddi-texniki bazası möhkəmləndirilir, məzmunu və onun təşkili formaları yeniləşdirilir, kadr potensialını gücləndirməklə bağlı müəyyən işlər görülür:
"Təhsildə aparılan islahatların qarşıya qoyduğu problemlərin həlli ilə bağlı dövlət və hökumət tərəfindən nə qədər yüksək səviyyəli qanunlar, qərarlar, əmrlər, təlimatlar və s. qəbul edilir-edilsin, əgər onların fəlsəfəsi - ideyası, məzmunu və mahiyyəti təhsil müəssisələrinin - məktəblərin pedaqoji kollektivləri və onların rəhbərləri tərəfindən lazımınca dərk edilməzsə, islahatın həyata keçirilməsində köklü uğur qazanmaq mümkün olmayacaq. Çünki sistemləşdirilmiş təhsilalma - təhsilvermə, təlim-tərbiyə - tədris prosesi məhz məktəbdə - siniflərdə, qruplarda, sinifdənxaric və məktəbdənkənar məşğələlərdə həyata keçirilir”.
Əksər məktəb direktorlarının öz vəzifələrini icra edə bilmədiklərini vurğulayan təhsil eksperti deyib ki, belə olmasaydı, son beş ayda işdə əmək məcəlləsinin 70-ci bəndi ilə çoxlu sayda direktor azad edilməzdi:
"Təkcə 2016-cı ildə Bakı şəhərində 15-ə yaxın belə fakt yaşandı. Onların sayı qurtarmayıb, hələ də var. Bu baxımdan orta məktəb direktorlarına müəllimlərin işə qəbulu üzrə məsələlərdə müstəqillik verməyə hələ ki ehtiyac olmadığını düşünürəm. Düzdür, bu təklif təhsilin inkişafına yönəlmiş addımdır. Amma bizim məktəbləri idarə edən direktorların böyük faizi buna hazır deyil. Əlbəttə ki, nazir bunu orta məktəblərin səmərəliliyini artırmaq üçün həyata keçirməyi düşünür. Qanunvericiliyə əsasən məktəb direktorlarının kifayət qədər müstəqilliyi və səlahiyyətləri var.
Direktor məktəbdə təlim-tərbiyə və maliyyə-təsərrüfat işinin səmərəliliyini yüksəltmək, hər bir işçinin məsuliyyətini artırmaq məqsədi ilə müvafiq normativ-hüquqi sənədlər və "Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif - İxtisas Sorğu Kitabçası" əsasında işçilər arasında vəzifə bölgüsü aparır və bunu əmrləşdirir”.
K.Əsədovun sözlərinə görə, onlara muxtariyyət verməklə həm də onlara hegemonluq vermiş oluruq. Yəni, məktəb direktorunun bir rəhbər kimi özünütəsdiqində və nüfuzunun yüksəldilməsində onun şəxsi mənəvi keyfiyyətləri, peşəkarlığı ilə bərabər, qəbul etdiyi qərarların ədalətliliyi daha böyük rol oynayır:
"Çünki insanlar həmişə rəhbərin hərəkətlərində və münasibətlərində onun ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər zaman əməkdaşların hörmətini, etibarını qazanır, kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik olur. Hər hansı bir şəxsin məktəb direktoru vəzifəsinə təyin edilməsi barədə əmr verildikdə təhsili idarəetmə orqanı tərəfindən ona müəssisəyə, oradakı kollektivlərə rəhbərlik etmək hüququ, səlahiyyəti verilir, şəxsi nüfuzla bağlı əmrə heç nə əlavə edilmir. Direktor nüfuzu şəxsi nümunəsi, biliyi, təşəbbüskarlığı və digər mənəvi keyfiyyətləri ilə qazanmalı və özünü bir rəhbər kimi təsdiq etməlidir.
Bu parametrlərə cavab verən direktorlarımız az deyil, lakin hazırkı şəraitdə bəziləri direktorluğunu yüksək amallarla yox, kollektivdə hay-küy salmaqla, bəzilərini işdən qovmaqla, hədələməklə, "burda mənəm, Bağdadda kor xəlifə", filan "Həsən ağanın" qohumudur xofunu yaratmaqla özünü rəhbər kimi təsdiq etməyə çalışırlar, özünü "hakimi mütləq" kimi aparır, idarəetmənin demokratik prinsiplərinə məhəl qoymur, amirlik üsuluna üstünlük verir, nəticədə kollektivdə mənəvi-psixoloji iqlim pisləşir, konflikt yaranır, rəhbər nüfuzunu, son nəticədə vəzifəsini itirir.
Lakin ən çox itirən şagirdlər və müəllimlər, bütövlükdə təhsil sistemi olur. Çünki müəyyən zaman kəsiyində pedaqoji kollektiv təlim-tərbiyə prosesini daha da təkmilləşdirmək əvəzinə, yaranmış konflikt situasiyaların araşdırılması ilə məşğul olur, ən qiymətli şey - vaxt itirilir. Yadda saxlamaq lazımdır ki, "öz işçilərini şöhrətpərəstliklə və mənsəbpərəstliklə idarə edən adam ağıllı hesab edilə bilməz" .
Müəllimlərin, ümumən də kadrların işə qəbulunun çox ciddi məsələ olduğunu vurğulayan ekspert deyib ki, Təhsil Nazirliyi özü son illər ərzində bu sahədə böyük təcrübəyə malik olsa da, məktəb rəhbərliyi o qədər də peşəkar deyil:
"Təsəvvür edin ki, 2009-cu ilə qədər müəllimlərin işə qəbulu rayon təhsil şöbələri və direktorların səlahiyyətində idi və il ərzində müəllimlərin işə qəbulu 700-900 arası idi. Sonra bu, mərkəzləşmiş qaydada həyata keçirilməyə başladı ki, bu uğurlu islahatın nəticəsində 2013-cü ildə müəllimlərin işə qəbulu imtahanında cəmi 1240-a, 2016-cı ildə isə 2400-dan çox oldu. Əlbəttə ki, bu, təhsildə inqilab hesab oluna biləcək hadisədir”.
Şəymən