Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb və bu məqsədlə paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamenti tərəfindən reallaşan yarmarkalar metronun "Elmlər akademiyası”, "28 may”, "İnşaatçılar”, "Nəriman Nərimanov”, "Koroğlu”, "Neftçilər” və "Xalqlar dostluğu” stansiyalarının qarşısında yerləşir. Artıq əksər validyen həmin yarmarkalara üz tutaraq indidən məktəb alış-verişlərinə başlayıb.
Biz də "Sherg.az” olaraq oradakı qiymətlər və təklif olunan ləvazimatların keyfiyyətini öyrənmək məqsədilə metronun "Elmlər Akademiyası" stansiyasının çıxışında təşkil olunan yarmarkaya yollandıq. Alı-veriş edən valideyn və şagirdlərin fikirlərini öyrəndik.
Övladına məktəbli çantası almaq istəyən paytaxt sakini Gülşən Əmrahovanın sözlərinə görə, yarmarkadakı qiymətlər bazar qiymətlərindən aşağı olsa da, çeşid çox azdır:"Qızım üçün çanta, kitab dəftər almaq istəyirəm. Ləvazimatlar barədə qıtlıq olmasa da, çantalar, kitablar, iş dəftərləri və məktəbli formalarında çeşid çox azdır. Cəmi 8-10 çanta satışa qoyulub, övladıma uyğun birini tapıb, ala bilmədim”.
Digər payaxt sakini Ələkbər Mirzəyev bildirdi ki, bazar qiymətləri ilə yarmarkalar arasında ciddi fərq yoxdur:
"Məktəbli formalarının qiymətlərində 3 manat fərq var. Başqa mağazalarda 42 manata satılan Bakı Tikiş Evinin (BTE) formaları burada 39 manatdır. Amma ölçüləri olmadığından övladlarıma ala bilmədim. Qızım 3-cü, oğlum isə birinci sinfə başlayır. Yarmarkadakı məktəbli geyimləri daha böyük uşaqlar üçün nəzərdə tutulub. Satıcılar dedi ki, yaxın günlərdə yeni mallar artacaq və formaların da müxtəlif ölçülərini gətirəcəklər. Bir neçə gündən sonra yenidən baş çəkəcəyəm”.
Qeyd edək ki, yarmarkaya alış-veriş üçün yalnız valideynlər deyil, şagird və tələbələr də dəftər, kitab, qələm alış-verişlərinə başlayıb.
Yasamal rayon sakinləri Bahar Cəfərova və Dilbər Rzayeva yarmarkalarda tələbələr üçün elə də çox ləvazimat olmadığı deyiblər:
"Əsasən məktəblilər üçün nəzərdə tutulduğundan elə çox ləvazimat ala bilmədik. Qələm, dəftər, pozan, kağız üçün qovluqlar və s. almaq olar. Qiymətlərdə isə elə ciddi fərq hiss etmədik. Məsələn, bir dəftərin qiymətində adi mağazalarla müqayisədə 5, maksimum 10 qəpik fərq var. Qalan ləvazimatlar da eynilə. Yenə də belə yarmarkaların təşkil edilməsi yaxşıdır. Bir ailədə bir neçə uşağın təhsil aldığını hesaba qatsaq, çoxlu məktəb ləvazimatları alacaq ailələr yarmarkalara üz tuta bilər”.
Nəvələri üçün məktəbli ləvazimatları alan paytaxt sakini Əsmər Abdullayeva isə nağıl kitablarının və iş dəftərlərinin qiymətlərinin eyni olduğunu deyir. Nənənin sözlərinə görə, uşaqlar üçün kitablar da azdır:"Kiçik nağıllar kitabı almışam. Üzərində qiyməti 1,50 yazılıb, elə həmin qiymətə də aldım. Yarmarka olduğuna görə, düşünürdüm ki, daha ucuz olar. Amma başqa ləvazimatların qiymətlərində fərq var. Satıcılar dedi ki, dərslər başlayan ərəfədə iş dəftərləri və misal-məslə kitabları daha çox olacaq”.
İlahə Mədətova isə uşaqları üçün xeyli alış-veriş edib. Dəftər, qələm, pozan, plastilin, çanta üçün su və yemək qabı, çanta alan ana qiymətlərdən narazılıq etmədi:"Qiymətlərdə azca fərq var. Aldıqlarım çox olduğuna görə, adi mağaza ilə müqayisədə daha az pul xərclədiyimi deyə bilərəm. Amma lazım olan bəzi ləvazimatları burada tapa bilmədiyimdən başqa mağazalara da baxmalı olacağam. Məktəbli çantalarının və geyimlərin çeşidləri azdır, uyğun olanı tapa bilmədim”.
Qeyd edək ki, yarmarkalar 25 sentyabradək fəaliyyət göstərəcək.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin nümayəndələri bildirib ki, yarmarkalar və orada təqdim edilən qiymətlər vahid bir mərkəzdən idarə olunacaq. Onların dediyinə görə, bu yarmarkalar məktəb ləvazimatlarının qanunsuz küçə satışının qarşısını almaq və istehlakçılara daha keyfiyyətli xidmət göstərmək məqsədilə təşkil edilib.
Hazırladı: Aysel ASLAN