Məlahət Mürşüdlü:"Müəllimlərə aydın oldu ki, bu əməlin cəzası..."





"Şagirdi döyən müəllimə həm töhmət verilib, həm də işdən çıxarılıb. Bu cəzaların sadəcə birinin tətbiq edilməsi daha doğru olardı”.

Bunu "Sherg.az”a 189-190 nömrəli məktəbdə baş verən hadisə haqqında danışarkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. 

O diqqətə çatdırıb ki, indiyə qədər belə fakta görə, müəllimin bu şəkildə ciddi cəzalandırıldığı müşahidə olunmayıb:

"Mətbuatda şagirdlərin döyülməsi barədə xəbərləri tez-tez oxuyurduq. Amma hansı tədbirin görüldüyü, valideynin şikayətinə baxılıb-baxılmadığı məlum olmurdu. Hazırda konkret şəkildə müəllimin işdən qovulması, faktla bağlı ciddi addım atılması belə qanun pozuntularının qarşısını alacaq. Müəllimlərə aydın oldu ki, bu əməlin cəzası sadəcə xəbərdarlıq deyil, işdən azad olunmaya gətirib çıxara bilər”.

Qeyd edək ki, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) qərarı ilə məktəbdaxili intizam qaydalarına, "Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə işdən azad edilib.

"Müəllimlərin Etik Davranış Qaydaları”na uyğun olaraq, müəllim təhsil alanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməli, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməlidir. Müəllim təhsil alanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Bütün təhsil idarəretmə qurumları bu kimi hallara qarşı barışmazdır və belə halların yolverilməz olduğunu bildirir.

Xatırladaq ki, Bakının 189-190 saylı orta məktəbində ibtidai sinif müəlliminin 1 sinif şagirdini döydüyü barədə məlumatlar bir neçə gün əvvəl mətbuatda və sosial şəbəkələrdə yayılıb.

Aysel Aslan