“Məlikməmməd nağılları”na inanmaq vaxtımız çoxdan keçib"

Elman Məmmədov: “Bizim başlıca amalımız ordumuzun köməyi ilə girovlarımızı azad eləmək, ərazi bütövlüyümüzü təmin eləmək olmalıdır”



Avropa İnsan Hüquqları Məhkəməsi illərdir ki, Laçında yaşamış məcburi köçkünlərin işinə baxır. Əmlaklarının məhv edilməsinə görə Avropa Məhkəməsinə müraciət edən laçınlılar, bu dəfə daha ümidli görünür.

"Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı aparılmış məhkəmə prosesi barədə məcburi köçkün olan Fəxrəddin Paşayev modern.az-a açıqlamasında məsələnin 2015-ci ildə həllini tapdığını, sadəcə, kompensasiya məsələsinin həll olunmadığını deyib: "Biz Ermənistanı məhkəmədə udmuşuq. Məhkəmə Ermənistanın əleyhinə, bizim lehimizə qərar verib. Ermənistan qarşımızda cavabdehlik daşıyır. Məsələnin siyasi tərəfini udmuşuq.

Avropa Nazirlər Kabineti, Avropa İnsan Hüquqları məhkəməsinin icraedici orqanıdır. Əgər məhkəmə qərar verirsə, Ermənistan kompensasiyanı ödəməyə bilməz”. Onun sözlərinə görə, bu ilin sentyabr ayında sənədlərin vaxtı bitib.

"Bu il iyun ayının 16-na qədər Ermənistana və bizə vaxt verilmişdi ki, razılığa gələk. Təbii ki, Ermənistanla necə razılığa gəlmək olar?! Mümkün olan məsələ deyil. Maddi təzminatın ödənilməsi (kompensasiya) haqqında sənədləri Avropa Məhkəməsinə təqdim etmişik. Onlar da bunu Ermənistana göndərib. Sentyabrın 16-na qədər Ermənistana vaxt verilmişdi ki, bunu cavablandırsın. Həmin vaxt da bitib. Çox güman ki, Ermənistan buna mənfi cavab verib”.

Millət vəkili Elman Məmmədov isə "Şərq”ə açıqlamasında deyib ki, ermənilər təkcə "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı yox, ermənilər tərəfindən hüquqları pozulan, bütün mülkləri talanan 1 milyondan artıq insanın kompensasiyasını ödəməlidir: "Ermənistan adlanan işğalçı qurum indi yox, 23 il bundan əvvəl beynəlxalq təşkilatları, onların qərarlarını görməzdən gəlir. Ermənilər beynəlxalq qurumların nə qərarlarını, nə də qətnamələrini icra edir. Belə görünür ki, heç əməl etmək niyyətləri də yoxdur. Əks təqdirdə, Ermənistan beynəlxalq hüquq normalarına əməl edərdi, Avropa İnsan Hüquqları Avropa Məhkəməsinin qərarlarını, hətta ondan daha səlahiyyətli qurum olan Beynəlxalq Millətlər Təşkilatının Qarabağla bağlı qətnamələrini icra edərdi. Demək istədiyim odur ki, biz artıq bu cür işlərlə vaxt itirməməliyik. Ermənistanın onsuz da cinayətkar bir qurum olduğu bütün dünyaya bəllidir. İtirəcəyi bir adı, imici yoxdur ki, ondan çəkinib Avropa Məhkəməsinin qərarlarını icra eləsin. Bizim yeganə ümidimiz Ordumuz olmalıdır. Yəni ki, Azərbaycan vətəndaşlarının hüquqları yalnız torpaqlarımız işğaldan azad olunduğu halda bərpa olunacaq. Biz ordumuzun köməyi ilə Ermənistan ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad etməyənə, axırıncı ermənini belə Cənubi Qafqazdan süpürüb çıxarmayana qədər hüquqlarımızın müdafiəsindən, bərpasından danışmaq sadəlövhlük olardı. Ermənistan bu gün özünü böyük dövlətlərin ərköyün, tərbiyəsiz övladı kimi aparır. "Məlikməmməd nağılları”na inanmaq vaxtımız çoxdan keçib. Bizim başlıca amalımız ordumuzun köməyi ilə girovlarımızı azad eləmək, ərazi bütövlüyümüzü təmin eləmək olmalıdır. Sonrakı mərhələdə güc tətbiq edərək kompensasiyaları ödətdirməliyik. Ermənistan bizə bundan başqa yol qoymayıb”.

Şəymən