Məlumatlandırma vacibdir

Dövlət qurumları mətbuatla mütəmadi təmasda olmalıdırlar
Jurnalistlər mediaturları düzgün seçməlidirlər, hər tura qatılmamalıdırlar


Media nümayəndələrinin işi xəbər yazmaq, məlumat verməkdir. Ancaq bəzi nazirliklər KİV nümayəndələri ilə əməkdaşlıq etməyə o qədər də maraqlı deyil. Məlum məsələdir ki, dövlət orqanları hər hansı bir informasiyanı əldə etməkdə jurnalistlərin köməyinə çatır. Çox təəssüf ki, heç də bütün nazirliklər və digər dövlət orqanları haqqında bu sözü demək olmur. Əksər qurumların mətbuat sözçüləri jurnalistlərə kömək olmaq əvəzinə onların işini daha da ağırlaşdırır. Bununla belə KİV əməkdaşlarını unutmayan, hər zaman onlarla sıx ünsiyyətdə olmağa maraq göstərən nazirlərimiz də var. Bu cür örnək məmurlardan biri də yeni kənd təsərrüfatı naziri İnam Kərimovdur.

Qeyd edək ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi (KTN) Şəki, Qax, Gəncə və Ucara mediatur təşkil edib. 20 nəfərə yaxın media nümayəndəsinin qatıldığı mediaturun əsas məqsədi qeyd edilən bölgələrdə görülən kənd-təsərrüfat işləri ilə ictimaiyyəti məlumatlandırmaq olub. Ümumilikdə 3 günü əhatə edən mediaturun 2-ci günündə jurnalistlər Azərbaycan Dövlət Aqrar Universitetində olub. Universitetdə jurnalistlərə bələdçilik edən ali təhsil müəssisəsinin rektoru, professor İbrahim Cəfərov bir sıra faktları açıqlayıb. Rektor bildirib ki, son illər dövlətin qayğısı nəticəsində xeyli işlər görüblər.
Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlərlə olan bu əməkdaşlığı digər qurumlara da örnək olacaq. Mediaturda iştirak edən jurnalistlər 3 günlük səfərin olduqca səmərəli və maraqlı olduğunu deyiblər.

Bəzən isə müxtəlif qurumların və özəl təşkilatların təşkil etdiyi mediaturlar birmənalı qarşılanmır. Bunu jurnalistlərin obyektiv dəyərləndirilməsinin qarşısını alan bir fakt kimi dəyərləndirirlər.
Sputnik.az saytının əməkdaşı Təranə Xudabaxşıyeva isə səsləndirilən ittihamlarda müəyyən qədər həqiqət payı olduğunu düşünür. Onun sözlərinə görə, özlərinin PR kampaniyalarını keçirən qurumlar gördükləri iş haqqında jurnalistlərin daha ətraflı məlumat yaymasını təmin etmək üçün mediaturlar təşkil edirlər: "Amma jurnalistin iştirak etdiyi mediaturdan hazırladığı material da qurumun fəaliyyətinə görə dəyişir. Əgər turun keçirildiyi ərazi sırf həmin qurumun fəaliyyəti, gördüyü işlə bağlıdırsa, bu cür tədbirlərin keçirilməsini lazımlı hesab edirəm. Bu, bir növ jurnalistlərin maariflənməsinə xidmət edir. Amma bəzi qurumlar məhz jurnalistləri özlərindən asılı vəziyyətə salmaq, gözükölgəli etmək üçün hansısa istirahət məkanına bir neçə günlük mediaturlar təşkil edirlər. Hansı ki, həmin ərazinin sözügedən təşkilta heç bir bağlılığı yoxdur. Ona görə də jurnalistlərimiz iştirak etdikləri mediaturları düzgün seçməlidir. Əgər jurnalist balansı qoruya bilirsə, mediaturların keçirilməsini dəstəkləyirəm.

APA TV-nin baş direktoru, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl deyir ki, Azərbaycan jurnalistikasının ən böyük problemlərindən biri ixtisaslaşmanın olmamasıdır: "İllərdir bu barədə deyilir, yazılır, amma problem həllini tapmır ki, tapmır. Nəticədə itirən də, nüfuzdan düşən də yenə kütləvi informasiya vasitələri olur. Bu baxımdan ayrı-ayrı qurumlar tərəfindən jurnalistlər üçün infoturların, eləcə də təlimlərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Jurnalistinin hansısa qurumdan asılı vəziyyətə düşməsini istəməyən baş redaktorun vəzifəsi isə əməkdaşına normal maaş verməkdir”.


Jurnalist Aqil Camal həm hökumət, həm də qeyri-hökumət qurumlarının, kommersiya təşkilatlarının mediada çalışan insanlar üçün təşkil etdikləri sosial layihələrə müsbət baxır: 

"Hansısa əlamətdar günlərlə bağlı yeməkli görüşlərin təşkili, hədiyyələr, səyahətlər, xarici səfərlər və s. Təbii ki, bu aksiyaları keçirən təşkilatların başlıca məqsədi media ilə münasibətlərini istiləşdirmək, şəxsi münasibətlər qurmaqdır. Və bunu da normal qarşılamaq olar. Eyni zamanda, jurnalistlərin bu aksiyalarda iştirakını da. Amma bütün bunlar jurnalsitlərin özünəsenzura tətbiq etməsinə gətirib çıxarmamalıdır. Yaxud, media işçilərinə yönəlik aksiya keçirmiş hansısa qurum özü ilə bağlı tənqidi məqamlar görəndə, etdiyi işi kiməsə xatırlatmamalıdır. Bu ən azı etik baxımdan doğru deyil”.

Jurnalist Lalə Mehralı da mövzudan danışaraq, bir hadisəni xatırlayıb:

 "Neçə il əvvəl "Nar” baş redaktorlar üçün Antalya turu təşkil etmişdi. Bu səfərdən sonra uzun müddət aparıcı media orqanlarında "Nar”ın reklamı getdi və heç bir tənqidi yazılar görünmədi. İctimaiyyətdə belə bir fikir formalaşdı ki, "Nar” keçirdiyi mediatur vasitəsilə özünü sığortaladı. Mediaturda iştirak etməyən baş redaktorların rəhbərlik etdiyi media qurumları bu məsələni uzun müddət gündəmdə saxladı.

Jurnalistlərin il boyu gərgin rejimdə işlədiyini vurğulayan L.Mehralı hesab edir ki, onların da istirahət haqqı var: "Heç bir jurnalist öz maaşı ilə istirahətə getmək imkanına sahib deyil. Bu mənada dövlət və ya özəl təşkilatların mediaturlar təşkil etməsini müsbət hal hesab edirəm. Jurnalistlərin də bir az ailə və iş qayğılarından uzaqlaşıb istirahət etmək haqqı var. 

Öz əməkhaqqımız hesabına biz, uzaqbaşı, "dədə evi”ndə dincələ bilirik. Jurnalistlərin hansısa təşkilat tərəfindən istirahətə aparılması onların məhsuldarlığının artmasına da səbəb olur. Əgər hansısa şirkət və ya dövlət qurumu gördüyü işi, həyata keçirdiyi layihələri ictimiayyətə təqdim etmək üçün jurnalistlər mediatur təşkil edirsə, burada pis yozulmalı heç nə yoxdur. Onun məqsədi gördüyü işi reklam etmək olsa belə yenə də qazanan jurnalistlər olur”.

Jurnalist Elşad Məmmədlinin qənaətincə, mediaturlar tamamilə normal bir əməkdaşlıq formatıdır: 

"Bu mediaturlar zamanı həm jurnalistlərin bu sahədə görülən işlərdən məlumat almaq, reportajlar hazırlamaq imkanları olur, həm də qurumla media orqanları arasında əməkdaşlıq ənənəsi formalaşır. Bu da nəticə etibarı ilə qarşıda da bu təşkilatdan informasiya almaq imkanlarını yaradır. Mediaturlar qətiyyən hansısa media orqanını o qurumdan asılı hala sala bilməz. Çünki burada söhbət sağlam əməkdaşlıqdan gedir, hansısa gizlin iş görülmür”.

Jurnalistlərin ixtisaslaşmasına ehtiyac olduğunu vurğulayan media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, hər hansı bir sahə ilə bağlı keçirilən görüşlər, tədbirlər baş verən faktla yerində tanış olmağa şərait yaradır. Bu mənada mediaturların təşkilini jurnalistlərin ixtisaslaşması baxımından uğurlu bir layihə hesab edirəm.

M.Ələsgərlinin sözlərinə görə, Azərbaycan mediasında jurnalistlərin rastlaşdığı əsas problemlərdən biri də ilkin informasiyanın əldə olunmasıdır. "Mediaturlar zamanı isə müvafiq qurum və ya biznes şirkətləri ilə jurnalistlər arasında yaxın ünsiyyət qurulur, əməkdaşlıq əlaqələri formalaşır. Bu zaman da jurnalistlər üçün verdikləri suala cavab almaq asanlaşır. Əgər jurnalistlərin ixtisaslaşması və informasiyanı birbaşa mənbədən əldə etmək baxımdan mediaturlar faydalı bir layihədirsə, niyə də təqdirəlayiq hesab olunmasın?

Mediaturlar barədə formalaşan neqativ fikirlərə gəldikdə isə M.Ələsgərli hesab edir ki, mediaturlar olsa da, olmasa da, təsirə düşən jurnalist bir yolunu tapıb neqativ sahədəki əməkdaşlığını davam etdirir. Bunu birbaşa turlarla bağlamaq düzgün deyil”.

JuHİ rəhbərinin sözlərinə görə, mediaturlarla bağlı narahatlıq doğuran yeganə məsələ bu səfəri təşkil edən müəssisələrin ancaq onlar haqqında yaxşı informasiya yazan, fəaliyyətlərini təqdir edən jurnalistləri dəvət etməsidir. "Biz bütün media turlarda eyni jurnalistləri görürük. Yaxşı olar ki, müəssisələr bu layihələri yalnız yaxın münasibətdə olduqları jurnalistlər çərçivəsində məhdudlaşdırmasınlar”.

Jurnalist Səxavət Məmməd də qurumların mediatur təşkil etməsində heç bir problem görmür: "Əslində mediaturlar çox zaman jurnalistlərin girə bilmədiyi, məlumat ala bilmədiyi yerlərə girmək şansı yaradır. Buna görə də, mediaturları jurnalistlər üçün əhəmiyyətli hesab etmək olar. Bu məsələnin problemli tərəfləri də var. Açığı, müxtəlif qurumların jurnalistləri aparacaqları yerlər əvvəlcədən hazırlanır, nöqsanlar aradan qaldırılır, ya da nöqsan olmayan yerlərə səfər edilir. 

Diqqətli jurnalist təbii ki, bunu anlaya bilir və yazır. Düzü, bu cür turlara mən də qarşı olmuşam. Buna səbəb isə jurnalistin görmək istədiyi yox, özlərinin göstərmək istədiyi yerləri göstərdikləridir. Bəzi qurumlar jurnalistlərin tənqidini qaralama kimi başa düşür. Tənqid olunan sahə qalır kənarda, problemi həll etmək yaddan çıxır, yazını hansısa bir yolla aradan qaldırmağa çalışırlar. Mediaturların jurnalistləri qurumlardan haradasa asılı saldığı və yaxud üz-üzdən utanıb tənqidin yazılmadığı məsələsi olur. Bunu görürük də. Ancaq prinsipiallıq məsələsi başqadır. 

Qurumlar jurnalistləri bəy tərifi üçün yox, problemləri jurnalist gözü ilə görüb yazmaları və yaxud demələri üçün aparmalıdırlar. Kənd Təsərrüfatı Nazirliyinin sonuncu mediaturunda iştirak etdim. Turun son günü Ucar Pambıq Emalı Zavodunda olduq. Zavodun həyətinə girdikdə günorta idi və isti havada fəhlələrin işlədiyini gördüm. Yerindəcə zavod direktoruna Nazirlər Kabinetinin isti havalarda işlərin dayandırılması əmrini xatırlatdım.

 Düzdür, direktor əvvəlcə bəhanə gətirməyə çalışdı, ancaq az sonra açıq havada işləyən fəhlələr işi dayandırdılar. Məncə, peşəsinə hörmət edən jurnalist heç nəyə baxmayaraq iradını bildirməlidir, yazmalıdır. Yoxsa bütün qurumlar mediatur yolu ilə tənqiddən xilas olmağa cəhd edəcəklər”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb