“Mən 5-10 manat alıb, yala hürmürəm” – Əhməd Oruc hirsini tökdü
“İstəyirlər ki, Rəhim Qazıyevlə aramı vursunlar”
Azərbaycan Xalq Hərəkatı (AXH) parçalandı. Dünən parçalanmış təşkilatın İdarə Heyətinin digər qanadı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında növbəti toplantısını keçirib. İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov mayın 5-də AXH-nin Ali Məclisinin iclasının keçiriləcəyini bildirib.
İ.Həmidov digər qanadda olan Azadlıq Partiyasının sədri Əhməd Orucu ittiham edib. O, deyib ki, iki gün əvvəl İdarə Heyətinin üzvü, digər qanadda təmsil olunmuş Rəhim Qazıyevlə görüşüb, görüş nəticəsiz qalıb: "Əhməd Orucla da başqa şəxs görüşüb. Əhməd Oruc deyib ki, heç kimi qəbul etmirəm, lider özüməm. Bu da onun bədbəxtçiliyidir".
İdarə Heyətinin digər üzvü Ramiz Tağıyev də Ə.Oruca qarşı ittihamlar səsləndirib. O, AXH-nin parçalanmadığını iddia edib və Ə.Orucun partiyasının özündən ibarət olduğunu vurğulayıb: "Qatar sürət almamış buradan gedənləri parçalanma kimi qələmə vermək düzgün deyil. Ali Məclisi keçiriləcək, İdarə Heyəti formalaşacaq. Hələ İdarə Heyəti Ali Məclisdə formalaşmadığı üçün parçalanmadan danışmaq düzgün deyil. Burada birinin özünün lider olduğunu iddia etdiyi bildirildi. Partiyası yalnız özündən ibarət olan şəxs necə lider ola bilər? Lider xalqdır".
Sözlənilənlərlə bağlı "Şərq”ə danışan Ə.Oruc ilk öncə AXH-nın parçalanmasından söz açıb. Partiya sədrinin sözlərinə görə, qurumda bəzi adamlar olub ki, hakim dairələrlə danışıqlara gediblər…
-Verilən istiqamət üzrə də təşkilat daxilində zidiyyətləri dərinləşdirdilər. Bu ziddiyyətləri bir ay çalışdıq ki aradan qaldıraq, birliyi, vahidliyi qoruya bilək. Sonda bacara bilmədik, təşkilatın bütövlüyünü qoruya bilmədik. Anladıq ki, AXH-nın parçalanması ilə bağlı sifariş var, birgə fəaliyyət mümkünsüzdür. Beləliklə də AXH parçalandı. Hər şey bu qədər sadədir.
-Bundan sonra 2 AXH necə fəaliyyət göstərəcək? İsgəndər Həmidov iclasda bildirdi ki, sizin təmsil olunduğunuz qolla danışıqlara gedilib, təklif olunub ki, Ali Məclis çağırılsın. Amma siz razılaşmamısınız. Bundan sonra deyib ki, hərə öz bildiyi kimi, anladığı formada fəaliyyət göstərsin…
-Biz prinsipcə Məclisin keçirilməsinin tərəfdarıyıq. Amma Məclis üzvlərinin kimliyi, hansı formada seçilməsi açıq və şəffaf şəkildə olmalıdır. Məclis üzvlərinin siyahısı hələ də ortada yoxdur, bilinmir kimlərdir. Saxta siyahı ilə Ali Məclisi doldurmaq olmaz axı. Saxta, kənar adamları Məclisə salıb, sonra da İsgəndər Həmidovu sədr gətirməklə siyasi təşkilatları kənarda qoymağa çalışırlar. Yəqin ki buna da nail olacaqlar.
-Siz də bununla razılaşmırsız…
-Qətiyyən razılaşa bilmərəm. Proseslər şəffaf olmalıdır. Rayon şöbələrinin siyahıları ortada olmalıdır, biz bilməliyik o üzvlər kimlərdir. "Lipa” adamları Ali Məclisə doldurub, səsvermə keçirmək biabırçılıqdır.
-O saxta üzvlər kimlərdir? Real şəxslərdirsə, niyə onlara "lipa” deyirsiz?
-Tutaq ki, hansısa rayonda guya bizim şöbəmiz var. Amma onların siyahısı, Məclis üzvünün kimliyi bizə bəlli deyil. Bunu araşdıraq, görək kimdir, rayondandır, ordan deyil?! Bunlar bəlli olmadıqdan sonra necə Məclis keçirilə bilər? Bəlkə sabah ayrı-ayrı öyrədilmiş şəxslər göndəriləcək Məclisə?!
-Son iclasda İsgəndər Həmidov dedi, Rəhim Qazıyevlə danışıq aparılıb. Siz Rəhim Qazıyevə demisiz ki, mən heç bir lideri qəbul etmirəm, lider özüməm. AXH-nın liderliyinə iddialısız?
-Əstafurullah, mən elə bir şey deməmişəm. Əksinə, bildirmişəm ki, kim burda liderliyi bacaracaqsa, üzərinə bu məsuliyyəti götürəcəksə, onu qəbul etməyə, dəstəkləməyə hazıram. Amma hələ ki liderlik edəcək elə bir şəxs yoxdur. Əgər sübut etsələr ki, "lider mənəm” demişəm, üzr istəməyə hazıram.
-İdarə Heyətinin üzvü Ramiz Tağıyev də toplantıda deyib ki, partiyası yalnız özündən ibarət olan Əhməd Orucun lider olması mümkün deyil…
- Ramiz Tağıyevin dedikləri mənasızdır. O deyir ki, İsgəndər Həmidova görə təşkilata gəlib. Belə bir adamın nə dediyi önəmli deyil. İstəyirlər ki, Rəhim Qazıyevlə mənim aramı vursunlar. İkincisi də Ramiz Tağıyevə deyim ki, bizim partiyanın çox dəyərli üzvləri var ki, onların da kimliyi cəmiyyətə bəllidir. Məsələn mənim müavinlərimdən biri olan Kamran Məhərrəmli, Ramiz Tağıyev kimilərinin sürüsünü aparıb otarıb gətirər, dərə aşağı da buraxar. Bir də ki, mən tək olsam belə, varam, sözümü də deyirəm. Kimdənsə 5-10 manat pul alıb, ələkçinin qır verənliyini etmirəm, yala hürmürəm. Tək də olsam, mən varam, ictimai rəydə nüfuzum, çəkim bəllidir. Ramiz kimi şəxslərin lideri olmağı heç arzulamıram da. Getsinlər fəaliyyətlərini göstərsinlər. İsgəndər bəy liderləridir, onlara da azdan-çoxdan görüm-baxım edir. İşləri avand olsun. Təəssüf edirəm ki, o cür aşağı səviyyəyə düşdülər, ağıllarına gələni deyirlər. Mən yenə deyirəm, heç yerdə, "lider mənəm”, "lider olmaq istəyirəm” deməmişəm. Belə də ki, hansı qanunda yazılıb ki, liderin partiyasının çoxsaylı üzvləri olmalıdır? Ramiz özü də guya partiya yaradırdı. Adı, "Can Azərbaycan” idi, yoxsa "Cancana Azərbaycan” idi, nə idi bilmirəm. Nə oldu, nə yaratdı, ortaya nə çıxardı ki, indi deyir, Əhməd Orucun partiyası özündən ibarətdir. Bəzi adamlar kiməsə görə mövcuddurlar, həyatının mənası kimisə dəstəkləməkdən ibarətdir. Onların dediklərinə çox da ciddi fikir vermək lazım deyil. Allah Ramizə can sağlığı versin, bundan sonra da nə bacarırsa üfürsün.
Anar Bayramoğlu