"Mərkəzi Bank uçot dərəcəsini azaltmasa, kredit faizləri enməyəcək" - Açıqlama

Fuad İbrahimov: " Mərkəzi Bankın uçot dərəcəsi 13 faizdirsə, təklif olunan kreditlər mütləq bu faizdən yüksək olacaq”





"Kredit faizlərinin miqdarını azaltmaq, problemli kreditlərin həll yollarını tapmaq üçün ilk növbədə Mərkəzi Bankın (MB) müəyyən olunmuş uçot dərəcəsini nəzərə almalıyıq”.

Bunu "Sherg.az”a problemli kreditlərin həll yolları ilə bağlı danışarkən iqtisadçı- ekspert Fuad İbrahimov deyib. 

O bildirib ki, uçot dərəcəsi necə müəyyənləşirsə, banklar da ona uyğun kredit təqdim edir:

"Digər bir məsələ isə imkansız ailələrə, ehtiyacı olan şəxslərə kredit verilməsidir. Bu təbəqəyə güzəştli kreditlərin verilməsi üçün mütləq bir mənbə lazımdır. Məsələn, ya hökumət, ya da Neft Fondu tərəfindən bu istiqamətdə yatırım olmalı, fond yaradılmalıdır. Müəyyən siyasət seçilməli, addım atılmalıdır.

Kreditlər fondu ayrılmasa, heç bir kommersiya bankı müəyyən olunan uçot dərəcəsindən aşağı kredit verməyəcək. Uçot dərəcəsi 13 faizdirsə, təklif olunan kreditlər mütləq bu faizdən yüksək olacaq”.

Bir müddət  əvvəl qardaş Türkiyədə də kredit faizləri ilə bağlı müzakirələr aparıldığını xatırladan iqtisadçı bildirib ki, siyasi nöqteyi-nəzərdən faizlərin minimuma endirilməsi qərarı verilə bilər:

"İstənilən halda Türkiyənin maliyyə sistemi də bazar münasibətlərinə cavab verməlidir. Qeyd etdiyim kimi, konkret bu təyinatla fond yaradılıb, maliyyə mənbəyi kimi istifadə olunmasa, faizlərin minimuma endirilməsi mümkün deyil”.

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin dünən baş tutan plenar iclasında kreditləşmə prosesindəki problemlərdən danışıb. O söyləyib ki, bu məsələ ciddi araşdırılmalıdır:

"Son dövrlərdə kreditlərlə bağlı məsələlər qaldırılır, onların araşdırılması bəllidir. İstərdim ki, bu məsələ ilə məşğul olanlar onu ciddi araşdırsınlar. Gərək hesabat verilsin ki, nə qədər insan krediti fermer təsərrüfatı üçün, nə qədər insan maşın üçün alıb. Əgər hansısa insan öz şəraitinə görə məcburiyyətdən alıbsa, ona güzəşt olunmalıdır. İnsanların vəziyyəti ilə bağlı kreditlər dəyərləndirilməlidir. Kimisi toy üçün kredit alıb, bu insanlar nəzərə alınmalıdır”.

Aysel Aslan