Qadir İbrahimli: " Düşünmürəm ki, neftin qiyməti uzun müddət dayanıqlı şəkildə davam edəcək. Çünki buna iqtisadi deyil, siyasi amillər təsir göstərir"
"2014-cü ildə Mərkəzi Bank əhaliyə müraciət etdi ki, pullarınızı Azərbaycan manatında saxlayın. Amma cəmi bir neçə ay sonra ilk devalvasiya baş verdi”.
Bunu "Sherg.az”a 2018-ci ildə manatın məzənnəsinin vəziyyəti ilə bağlı danışarkən iqtisadçı ekspert Qadir İbrahimli deyib.
O xatırladıb ki, ilk və ikinci devalvasiya arasındakı 10 ay ərzində Azərbaycan manatı 122 faiz dəyərini itirdi:

"Bu baxımdan, Mərkəzi Bankın əhaliyə müraciətləri təminatlı mesajlar deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanda maliyyə sabitliyi dünyanın neft bazarındakı qiymətlərdən asılıdır. Ona görə, bir qədər ehtiyatlı olmaq gərəkir. Düşünmürəm ki, neftin qiyməti uzun müddət dayanıqlı şəkildə davam edəcək. Çünki buna iqtisadi deyil, siyasi amillər təsir göstərir. Üstəlik dünyada alternativ enerji mənbələrinə maraq daha da artıb. Bütün bunları nəzərə aldıqda manatın məzənnəsinin uzun müddət sabit qalmasını düşünmək çətindir. Risklər həmişə var. Amma indiki şərtlər daxilində, təsir edən amillər dəyişməzsə, manat öz məzənnəsini qoruyacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı mətbuatda dərc olunub. Bəyanatda bildirilir ki, proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) 2018-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənilir. Bundan başqa, sənəddə vurğulanıb ki, idxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcək.
Aysel Aslan