Artıq Azərbaycanın hərbi potensialı regional və beynəlxalq səviyyədə siyasi kursun müəyyən olunması zamanı mütləq nəzərə alınacaq
Mesaj ünvanına çatdı
Ordunun gücü dövlətin gücüdür
Artıq Azərbaycanın hərbi potensialı regional və beynəlxalq səviyyədə siyasi kursun müəyyən olunması zamanı mütləq nəzərə alınacaq
Artıq Azərbaycanın hərbi potensialı regional və beynəlxalq səviyyədə siyasi kursun müəyyən olunması zamanı mütləq nəzərə alınacaq
"Azadlıq” meydanında keçirilmiş hərbi parad bütün dünyaya Azərbaycan ordusunun arsenalında mövcud olan güclü silahları nümayiş etdirdi. Ekspertlər bu paradı Azərbaycan silahlı qüvvələrinin tarixində mühüm bir salnamə kimi qiymətləndirirlər. Hesab edirlər ki, artıq Azərbaycanın hərbi potensialı regional və beynəlxalq səviyyədə siyasi kursun müəyyən olunması zamanı mütləq nəzərə alınacaq. Ən əsası isə Azərbaycanın hərbi siyasi gücünü artırması, gələcək danışıqlarda öz təsirini hiss etdirəcək. Azərbaycanın arsenalına daxil etdiyi texnika Ermənistan ordusunun istifadəsində olan silahlardan hər mənada üstündür.
Milli Ordumuzun istifadə etdiyi silah-sursat daha müasirdir. Hərbi texnikanın dağıdıcılıq miqyası daha yüksəkdir. Azərbaycan ordusu güclü texnika ilə yanaşı, yüksək döyüş qabiliyyətinə də malikdir. Silahlı qüvvələrimiz düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin paradda bəyan etdiyi fikirlər də bunu təsdiq edir. Dövlət başçısının tədbirin əvvəlində etdiyi çıxış Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məsələsində qətiyyətli mövqeyinin dəyişməzliyini bir daha nümayiş etdirdi. Əlbəttə ki, Prezidentin belə qətiyyətli mövqeyi Azərbaycanın mövcud potensialından, ilk növbədə isə qüdrətli Ordumuzun olmasından qaynaqlanır. Paradda sərgilənən müasir silah və texnikalar Azərbaycanın öz hərbi arsenalını necə böyütdüyünü və modernləşdirdiyini göstərir. Bu mənada nümayiş olunan hərbi texnikalar Azərbaycanın müasir texnologiya və hərb elminin nailiyyətlərindən maksimum yararlanmasının göstəricisi sayılmalıdır. Parad Azərbaycanın hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, digər aspektlərdən də çox səciyyəvidir. Azərbaycan paradla dünyaya növbəti mesajını da verdi. O mesaj Bakının bütün kənar təzyiqlərə baxmayaraq, öz ərazilərini güzəştə getməyəcəyini ehtiva edir. İşğalçı Ermənistan Bakıda nümayiş etdirilən ən müasir silah və texnikanın sadəcə "parad eksponatı” olmadığını yaxşı bilir. Ona görə də təcavüzkar siyasətinə mütləq son qoymalıdır. Ötən ayın sonunda cılız, dağınıq və köhnə silahlara malik nizamsız erməni ordusunun keçirdiyi "parad” Ermənistanın nəyə qadir olduğunu göstərdi. Bir daha sübut olundu ki, Ermənistan ordusu elə ölkəsinin "müstəqil”liyi kimidir. Döyüş qabiliyyəti kifayət qədər zəif olan erməni ordusunda ən müxtəlif sahələri üzrə gerilik, arxaiklik hiss olunur. Xüsusən, hərbi hava qüvvələri sahəsində Ermənistanın Azərbaycandan geridə qaldığını əksər media nümayəndələri yazır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov "Trend”ə deyib ki, Azərbaycan Ordusunun paradda nümayiş olunan gücünü bütün dünya, o cümlədən düşmənlərimiz də gördü. Hər kəs bir daha əmin oldu ki, Azərbaycan qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etməyə qadirdir: "Azərbaycanda keçirilən paradda qabaqcıl orduların texnikası, insanların idarə etmədiyi texnikalar nümayiş olunub. Silahlı Qüvvələrimiz istənilən tapşırığı ən qısa müddətdə və yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Azərbaycan Ordusu güclü havadan müdafiə sistemi ilə təmin olunub. Hərbi əməliyyatlar başlasa, ən müasir silahlarla düşmənin mövqelərinə dərhal elə zərbələr endiriləcək ki, onlar başını qaldırmağa belə imkan tapmayacaqlar. Ölkə Prezidentinin də dediyi kimi, biz elə bir güclü ordu yaratmışıq ki, o, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir”. Hərbi paradı Ermənistana növbəti xəbərdarlıq kimi də dəyərləndirən deputat bildirib ki, Azərbaycan iqtisadi gücünü getdikcə artıracaq və Ordumuz daha da güclənir: "Ermənistan bundan nəticə çıxarmalıdır. Əgər Ermənistan münaqişəni qısa müddətdə sülh yolu ilə həll etsə, bu, onun xeyrinədir. Azərbaycan yenə də güclü, qüdrətlidir, ancaq biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq”.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin təmsilçisi Elçin Əhmədov da vurğulayıb ki, Azərbaycan Prezidentinin paraddakı çıxışları həm tarixə, həm hüquqa, həm də ədalətə əsaslanır. Onun sözlərinə görə, dövlət başçısının Silahlı Qüvvələrin yaranmasının 100 illiyi ilə bağlı keçirilən hərbi paradda söylədiyi sözlər Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasına yönəlib: "Cənab Prezident bildirdi ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Əlbəttə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və nəyin bahasına olursa-olsun bərpa edəcək. Buna görə də biz ordu quruculuğu işinə böyük önəm veririk və Azərbaycanın işğal altındakı ərazilərini azad etməyə hər zaman hazırıq. Təcavüzkar Ermənistan hər zaman olduğu kimi dövlət başçısının çıxışlarından qıcıqlanır. Ermənistanın, eləcə də işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin rəhbərlərinin ayrı-ayrı vaxtlarda verdiyi açıqlamalar olduqca gülüncdür. Prezident dəfələrlə vurğulayıb ki, "Dağlıq Qarabağ” adlı qurum mifdir. Burada olan ordunun da mif olması onunla sübut olunur ki, aprel hadisələrində Azərbaycan düşmənin layiqli cavabını verəndə orada ölən ermənilərin içərisində bir nəfər də olsun "Dağlıq Qarabağ vətəndaşı” yox idi. Orada ölənlər Ermənistandan Dağlıq Qarabağa göndərilən hərbi qulluqçular idi”.
E.Əhmədovun sözlərinə görə, 1992-ci ilə qədər Dağlıq Qarabağda yaşamış şəxslər indi orada yaşamırlar: "David Babayan kimi Dağlıq Qarabağda yaşamış ermənilərin bir neçəsindən başqa, orada erməni qalmayıb. Hazırda Dağlıq Qarabağda olan ermənilər Ermənistandan və Suriyadan gətirilənlər və şirnikləndirilərək ora göndərilənlərdir. Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək. Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Nəinki Dağlıq Qarabağdakı, Ermənistandakı strateji əhəmiyyətli obyektləri də nəzarətə almışıq. Gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, müharibə hələ bitməyib, müharibənin sadəcə birinci mərhələsi başa çatıb”.
İsmayıl