Məşhəd şəhərinə dini ziyarət.. - Küçələrdə ELAN

Seyid Camal Əzimbəyli:"Bu məsələlər sistemli şəkildə, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, aidiyyəti dövlət quruları tərəfindən tənzimlənməlidir"
"İnsanların müqəddəs ziyarətlərə getməsini təqdir edirəm”.
Bunu "Sherg.az”a tanınmış şərqşünas Seyid Camal Əzimbəyli deyib. 
O xüsusilə vurğulayıb ki, insanların dini duyğularının istismarı olmadan ziyarətlərinin təşkili alqışlanmalıdır:
"Ancaq bu məsələlər sistemli şəkildə, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, aidiyyəti dövlət quruları tərəfindən tənzimlənməlidir. Hətta bu məsələdə bir az da gecikirik. Çünki belə ziyarətləri təşkil edən mərkəzlərin dövlətlə, aidiyyəti qurumlarla razılaşmış, tərtibatda qurulması dövlətçilik üçün xidmətdir. 
Çünki bəzən bu ziyarətləri təşkil edənlər milli maraqlara xidmət etmirlər. Buna görə, gələcəkdə narahatlıqların yaşanmaması üçün bunu təşkil edənlərin dövlət qurumları ilə əməkdaşlıq etməsi vacibdir. Hər zaman Azərbaycan dövlətinin bütövlüyü, dövlətin yaşaması üçün mərkəzdən idarə olunma təmin edilməlidir.
Onu da əlavə etmək istərdim ki, bu ziyarətlərin təşkilində nə isə mənfi hal axtarmaq fikrində deyiləm. Amma bunların arxasında gələcəkdə fərqli məqsədlərin yer almaması, insanların dini duyğularının istismar olunmaması üçün dövlətin tənzimləməsi müsbət hal olar”.
Qeyd edək ki, Bakının bəzi küçələrində insanları Məşhəd şəhərinə dini ziyarətə dəvət etmək üçün elanlar yerləşdirilib.
Aysel Aslan