"Mətbu ictimaiyyət "reket jurnalistika"ya qarşı amansız olmalıdır"





""Reket” jurnalistika məhvə məhkumdur”.

Bunu "Sherg.az”a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

JAM sədri bəyan edib ki, mətbu ictimaiyyət "reket jurnalistika"ya qarşı amansız olmalıdır:

 ""Reket” jurnalistlər mətbuatın üz qarasıdır. "Reket" jurnalistlərin kökünü kəsmək üçün bütün vicdanlı qələm adamları səfərbər olmalıdır. Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı apardığı mübarizəni alqışlayıram.

 Şura yarandığı gündən mətbu sferanın saflaşması uğrunda mübarizə aparıb. Mübarizə bu gün də davam edir. Odur ki, indiki həssas məqamda Mətbuat Şurasını meydanda tək qoymaq olmaz. Qurumun rəhbərliyinə qarşı atılan böhtanlara hamılıqla cavab verməliyik. MŞ həmişə müstəqil mətbuatı, azad fikri müdafiə edib. 

Dəfələrlə şahidi olmuşam ki, Əflatun Amaşov jurnalistləri ayrı-ayrı məmurların, əlində ciddi maliyyə resursları olan iş adamlarının hücumundan qoruyub. Bununla paralel olaraq, "reket" jurnalistlərə münasibətdə prinsipial mövqe sərgiləyib.Bu isə qarşı tərəfi qıcıqlandırıb, onların şər böhtan kampaniyasına başlamasına səbəb olub. Əsas odur ki, Azərbaycan cəmiyyəti ayıqdır, ağı qaradan seçməyi bacarır. Bu baxımdan Azərbaycan Mətbuat Şurasına olan hücumları enerji itkisi hesab edirəm. Bu cür cəhdlər nəticəsiz qalacaq”.

Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.

İsmayıl