Mətbuat Şurasına müəyyən statuslar verilməlidir
Yalnız bundan sonra çoxdan gözlənilən “sarı kart” məsələsini həll etmək mümkün olacaq
Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadəsi zaman-zaman gündəmə gəlib. Lakin hər dəfə də məsələ hansısa formada - ya məqbul, ya qeyri-məqbul - həllini tapmayıb. Müzakirələrdə heçə bir sonuc əldə edilməyib. Bunun bir səbəbi də, ictimai nəqliyyatdan pulsuz istifadə məsələsində jurnalistlər arasındakı fikir ayrılığıdır. Həmkarlarımızın bir qismi belə düşünür ki, jurnalistləri aztəminatlı təbəqə kimi qələmə verib hansısa güzəştlər tələb etmək, 143 yaşlı milli mətbuatımıza, yumşaq desək, yaraşmır. Bir az sərt desək, "jurnalist dilənçi deyil”, nəqliyyatdan pulsuz istifadə etsin.
Bir qədər optimal düşünənlər də var, əlbəttə. Və arqumentləri də budur ki, dünya mediasında, dünya reportyorluq anlayışında nəqliyyatdan istifadədə güzəştlər təcrübəsi mövcuddur. Hətta inkişaf etmiş Qərb dövlətlərində jurnalistlərə, reportyorlara güzəştli gediş haqqı tanındığı halda, niyə bizdə olmasın? Fransa, Almaniya jurnalistləri bizdən qat-qat artıq gəlir əldə edir, kiçik bir xəbərə görə. Niyə onlara xəbər dalınca qaçmağa görə maddi dəstək göstərilir, amma biz hələ bizə verilməyəndən bəri başdan imtina edirik?! Gərəksiz təkəbbürmü, bu?!
Alanyada jurnalistlər motosikletlə "gəzir”
Nəqliyyatdan güzəştli istifadə məsələsi bu günlərdə o səbəbdən gündəmə gəldi ki, aralarında "Şərq”in redaktoru Anar Bayramoğlunun da olduğu Azərbaycan parlamentinin bir qrup jurnalisti Alanya Qəzetçilər Cəmiyyətinin dəvəti ilə Türkiyəyə səfər edib. Səfər çərçivəsində azərbaycanlı jurnalistlər "Yeni Alanya” qəzetinin redaksiyasına gedib, qəzetin fəaliyyəti ilə tanış olublar. Bu səfər barədə geniş yazı oxucularımıza yaxın günlərdə təqdim olunacaq. Sadəcə, Alanya qəzetçiləri ilə söhbət zamanı maraqlı məqam üzə çıxıb. Türkiyəli həmkarlarımız iş şəraitindən danışarkən operativliyi təmin etmək üçün motosikletdən istifadə etdiklərini bildiriblər. Qəzet rəhbərliyi deyib ki, redaksiyanın 3 motoru (motosiklet) var. Hadisə barədə məlumat alınan kimi, reportyor dərhal hadisə yerinə yollanır. Motosiklet bu zaman reportyorun hədsiz köməyinə çatır. Tıxaca düşmədən, yolda ləngimədən hadisə yerində olur. Başqa bir özəllik budur ki, Cəmiyyətə üzv olan jurnalistlərə ictimai nəqliyyatdan pulsuz istifadə üçün xüsusi kart da verilir. Halbuki, Türkiyə, o cümlədən Alanya jurnalistləri Azərbaycanın sıravi jurnalistlərindən qat-qat artıq əmək haqqı alır. Sadəcə, jurnalistlərə müəyyən güzəştlərin tanınması jurnalist əməyinin dəyərləndirilməsi anlamı daşıyır. Çünki jurnalist cəmiyyətin xəbər daşıyanıdır. Xəbərin gecikmədən, vaxtında, zamanında ictimaiyyətə çatdırılması isə vacib şərtdir.
Jurnalistlər şəxsi avtomobillərdən istifadə edir
Görəsən, mediamızda, şəxsi avtomobili olan qəzet redaksiyaları nə qədərdir? Telekanallara münasibətdə məsələ bəllidir. Telekanalların xidməti avtomobilləri var. Bəzisində az, bəzisində çox, amma yenə də var. Qəzetlərdə isə məsələ çətindir. Ümid qalır, baş redaktorların, bəzən də, jurnalistlərin (olsa əgər - red.) şəxsi avtomobilinə. Amma çətin ki, qəzet redaksiyalarının sırf jurnalistlər üçün xidməti avtomobili olsun.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli redaksiyanın ehtiyacları üçün şəxsi avtomobillərdən istifadə edildiyini dedi:
- Ehtiyac yarandıqda şəxsi nəqliyyat vasitələrindən istifadə edilir. Redaksiyaya məxsus xidməti avtomobilimiz yoxdur. Harasa getmək lazım gəlirsə, təcili iş olursa, redaksiya əməkdaşlarının kimin şəxsi avtomobili varsa, istifadə olunur. Qaldı ki, jurnalistlərin ictimai nəqliyyatdan güzəştli istifadəsinə, bu, beynəlxalq təcrübədə var. Azərbaycanda bu işin həyata keçməsi üçün Mətbuat Şurasının statusuna yenidən baxılmalı, MŞ-yə müəyyən statuslar verilməlidir. Belədə Mətbuat Şurası çoxdan gözlənilən "sarı kart” məsələsini həll edə biləcək. Sarı kart verilmiş jurnalistlər də ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Müxtəlif ölkələrdə bu məsələlər müxtəlif cür həllini tapır. Məsələn, bizə daha yaxın olan Türkiyədə peşəkar jurnalistlərə kartları Baş nazirin yanında Basın, yayın və informasiya idarəsi verir. Rusiyada jurnalistlərin akkreditasiyasını Xarici İşlər Nazirliyi həyata keçirir. Azərbaycanda ictimai tənzimləmə mexanizmləri həyata keçirilir. Bu məsələlərin həlli mətbuatın maddi-texniki bazasının yüksəldilməsinə bağlıdır. Məlum məsələdir ki, Azərbaycanda mətbuata dövlət dəstəyi var. Dövlət mətbuata dəstək göstərir, yardımlar ayırır. Amma dəstək də bir yerə qədərdir. Mətbuatın maddi-texniki bazasının yüksəlməsi, gəlirlərin artması üçün mütləq reklam bazarı formalaşmalıdır. Mətbuatın reklam bazarı olsa, gəlirlər də artacaq. O zaman redaksiyaların motor da (motosiklet), avtomobil də almağa maddi imkanları çatacaq, jurnalistlər də hadisə yerinə vaxtında çatacaq.
Güzəştli kartlar verilə bilər
Qeyd edək ki, ictimai nəqliyyatdan güzəştli istifadə jurnalistlərin işinin asanlaşdırılması və sosial şəraitlərinin az da olsa yaxşılaşdırılması kimi dəyərləndirilir. Hələ bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyindən mətbuata bildirilmişdi ki, gələcəkdə jurnalistlərə güzəştli kartların verilməsi nəzərdə tutulur. Lakin bunun nə zaman gerçəkləşəcəyi məlum deyil.
Mövzu ilə bağlı MŞ sədri Əflatun Amaşov da bir neçə dəfə fikrini bildirib. MŞ sədri məsələnin həllinə mane olan başlıca problemin jurnalistlərin sayı ilə bağlı dəqiq məlumatın olmamasını göstərib. Bu da KİV-də əməkdaşlarla müqavilələrin olmamasından qaynaqlanır. Jurnalistləri daim hərəkətdə olan peşə sahibləri adlandıran MŞ sədrinin fikrincə, onların əməkhaqları yüksək olmadığı üçün müəyyən güzəştlərin tətbiqi də zəruridir. Bu səbəbdən də müvafiq qurumlarla güzəştlərlə bağlı məsləhətləşmələr istisna deyil.
Ə.Amaşov bildirib ki, jurnalistlərə imtiyazların verilməsinə dair müxtəlif fikirlər səsləndirilir: "Bir zamanlar nəinki jurnalistlər, cəmiyyətin bəzi digər nümayəndələri də imtiyazlardan istifadə edirdilər. Ancaq o imtiyazlar sonradan ləğv olundu. Bəzi ölkələrdə belə güzəştlərin tətbiqi jurnalistlərin çalışdığı müəssisələrin üzərinə düşür. Belə ki, jurnalistlərə metrodan və şəhərdaxili avtobuslardan istifadə etmək üçün kartlar verilir, hətta onlar avtomobillərlə təmin olunur. Belə güzəştlər dövlətin hesabına deyil, çalışdıqları redaksiyaların hesabına həyata keçirilə bilər”.
Deputatın sözlərinə görə, hazırkı şəraitdə Azərbaycanda o qədər jurnalist var ki, onlar üçün güzəştlər tətbiq etmək çox çətindir, hətta mürəkkəbdir: "Bu məsələni hansısa qurumun hesabına təşkil etmək mümkün olar. Ancaq bunun üçün həmin qurumlarla müzakirə aparmaq lazımdır. Belə qurumlara misal olaraq Həmkarlar İttifaqı Konfederasiyasını göstərmək olar. Təşkilatların özlərində də həmkarlar ittifaqları olur. Təşkilatlar Həmkarlar İttifaqından yığılan pullar hesabına bu məsələləri həyata keçirə bilər. Bu məsələni indiki şərait üçün müzakirə etmək lazımdır. Azərbaycanda jurnalistlərin sayı kifayət qədər çoxdur. Hər gün yeni bir xəbər portalı yaradılır. Ona görə də məsələnin həlli üçün müəyyən mexanizm lazımdır. Hələ ki, Azərbaycanda bu mexanizm yoxdur”.
Güzəştlər məsələni həll etmir
Jurnalist Firdovsi Fərzəliyev jurnalistlərin çevik fəaliyyəti üçün redaksiyaların xidməti avtomobillərə sahib olmasını müsbət hal sayır. Lakin hazırda Azərbaycan mətbuatı üçün bunun mümkünsüz olduğunu düşünür. Qalır, ictimai nəqliyyatda jurnalistlərə güzəştlərin tanınması, bu da qüsurlu yanaşmadır:
- Jurnalist niyə aztəminatlı təbəqə olmalıdır ki, belə güzəştlərə də möhtac qalsın? Avropa ölkələrinin təcrübəsi deyirsiniz - düzü, bu müstəvidə məlumatlı deyiləm, hər hansı bir araşdırma da aparmamışam. Amma qənaətim bundan ibarətdir ki, Qərb ölkələrində jurnalistika sahəsi heç də digər sahələrdən aztəminatlı deyil ki, belə güzəştlərə ehtiyac yaransın. Ümumiyyətlə, hər hansı bir peşə sahəsini ayırıb, ona ictimai sferada güzəştlər tətbiq edilməsi kökündən yanlış yanaşmadı. Axı jurnalistlərin fəaliyyəti, məsələn, mühəndisin, müəllimin, həkimin peşəsindən nə dərəcədə önəmlidir, nə dərəcədə vacibdir ki, ona belə güzəştlər tətbiq edilsin. Bu ayrıseçkilik hansı məntiqə söykənir?! Sabah müəllimlər, həkimlər də, hansı ki jurnalistlərdən də daha az məvaciblə çalışırlar, analoji tələblə çıxış etsələr, əlbəttə ki, haqlı olacaqlar. Yəni məsələnin həlli dövlətdən belə güzəştlər qoparmaqda deyil. Jurnalistikanın daha ciddi problemləri var ki, onlar çözülmədən belə mövzular tez-tez gündəmə gətiriləcək. Hesab edirəm ki, jurnalistlərə ictimai nəqliyyatda güzəştlərin verilməsi məsələsi lüzumsuzdur. Bu, gələcəkdə bir çox hallarda mübahisələrə səbəb olar. Öncəliklə bu güzəştlər hansı şəkildə tətbiq ediləcək, jurnalistlərin hər birinə bu imtiyaz necə veriləcək? Bu gün ölkəmizdə vahid mərkəzdən jurnalist vəsiqəsi verilməsi problemi öz həllini tapmayıb. Belə olduğu halda jurnalistlər bir kənarda qalacaq, hərə bir möhürlü kağız parçası ilə sürücülərlə qəpik davası edəcək. Bu, problemdən çıxış yolu deyil.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb