Xilas yolu barədə media biliciləri fərqli fikirlər söyləyirlər
Mətbuatda ekspert qıtlığı var...
Eyni şəxslər, simalar qəzetlərin, saytların “bəzəyinə” çevrilib
Xilas yolu barədə media biliciləri fərqli fikirlər söyləyirlər
Xilas yolu barədə media biliciləri fərqli fikirlər söyləyirlər
(... Əvvəli ötən sayımızda)
Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya o mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Amma bir çox hallarda jurnalistlər müxtəlif sahələrdə ekspert qıtlığından şikayətlənirlər. Kütləvi İnformasiya Vasitələrində ekspert böhranı yaşanır desək, daha doğru olar. İllərdir mətbuata açıqlama verən mütəxəssislərin sıraları seyrəlməkdədir - dünyasını dəyişənlər, ölkəni tərk edənlər və mətbuata qadağa qoyanlar medianın onsuz da yaxşı olmayan vəziyyətini daha da çıxılmaz edib.
Az qala bir redaksiyada çalışan üç müxbirdən ikisi ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırır. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı yaşanır. Ölkədə bir hadisə baş verən kimi müxtəlif media orqanlarında çalışan jurnalistlər eyni ekspertlərə müraciət edirlər. Bu isə mediada xəbər eyniləşməsinə gətirib çıxarır. Eyni mövzu, eyni ekspert, sadəcə xəbərin yayımlandığı saytın adı fərqlidir.
"Azadinform” İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlının fikrincə, ölkədə ekspert, mütəxəssis qıtlığı yoxdur, əksinə, xeyli çoxdur. Sadəcə, mətbuat beş-on nəfərdən yapışıb. Bu da psixoloji səbəblərlə bağlıdır. Jurnalistlər yalnız tanınmışları, ya da tanıdıqlarını danışdırır. Bir çox hallarda baş redaktorlar imkan vermir ki, filankəsi niyə müftə reklam edirsən ki, bizim hesabımıza tanınacaq, filan. Halbuki, bu adam o tanınmışlardan daha savadlı mütəxəssisdir, daha güclü ekspertdir, konkret sahə üzrə.
Elmlər Akademiyası və onun institutları müxtəlif sahələrdə alimlər, mütəxəssislərlə doludur. Onları tanımırlar, tanımaq istəmirlər. Elə sosial şəbəkələrdə də konkret mövzularda çox dəyərli, elmi təhlillərini yazan şəxslər var ki, jurnalistlər onların rəylərini, şərhlərini ala bilərlər. Yəni, potensial var, həvəs, maraq yoxdur: "İndi hamı politoloq, ekspert olub. Cavan uşaqlar politoloq, psixoloq, sosioloq və ekspert kimi rəy verir. Bu biabırçılıqdı. Məncə, yaşı 35-40-dan, iş təcrübəsi 15-20 ildən az olan adamı ciddi mütəxəssis kimi qəbul etmək çətindir. Üstəlik, bu adam nə dərəcədə həmin sahədə fundamental biliklərə malikdir, beynəlxalq aləmdən və ölkədən həmin sahəyə aid informasiya axınını izləyirmi, onları analiz etmək qabiliyyəti varmı? Bunlar da əsasdır. Bütün bu keyfiyyətlər daha çox jurnalistlərdə olur, təbii ki, sadaladığım tələblərə cavab verən jurnalistlərdə. Yoxsa ki, 20-25 yaşlı uşağın çıxıb, televiziyalarda, qəzetlərdə camaata ağıl öyrətməsi, yol göstərməsi ayıbdır”.
Xüsusən, sosial sahə üzrə ekspert qıtlığı yaşandığını vurğulayan E.Bayramlı deyib ki, qalan sahələrdə maşallah, bolluqdur! Redaktorun sözlərinə görə, bu sahədəki qıtlığın əsas səbəbi ekspertliyin müftə hanballıq olması, buradan heç bir gəlirin gəlməməsidir:
"Nə qədər enerji, vaxt, vəsait sərf edirsən, əvəzində heç nə əldə etmirsən. Kim buna razı olar? Təbii ki, yalnız başqa yerdən yaxşı gəliri olan adam. Fikrimcə, yaşlı və təcrübəli jurnalistlər arasından müxtəlif sahələr üzrə ekspertlər ortaya çıxarıla bilər, lakin burada maddi məsələ əsas plana çıxacaq. 300-400 manat maaş alan jurnalist bunun müqabilində bütün günü işləyir. O heç televiziyalarda verilişə çıxmaq üçün əyninə normal bir kostyum almaq imkanına belə malik deyil. Bu vəziyyətdə ondan ciddi effekt gözləmək mənasız olardı. Lakin ümumən bu yaxşı təklifdir və reallaşdırılmasına ehtiyac var. Bundan əlavə mən təklif edərdim ki, elmi sahələrdə də Elmlər Akademiyasının alimləri mütəxəssis kimi mətbuat və TV-lərdə tez-tez çıxış etsin. Nə qədər şou olar? TV və mətbuat elmi sahələrə daha çox müraciət etməlidirlər”.
Milli.az informasiya portalının baş redaktoru Anar İmanovun fikrincə də, Azərbaycanda ekspert qıtlığı yox, bu və ya digər sahəni dəqiq bilən, geniş bilgiyə malik olan mütəxəssis qıtlığı var. Azərbaycanda hər şeydən bir az bilən şəxslər bəzən ekspert qismində çıxış edirlər. Müşahidə olunan situasiyanın əsas səbəbi mediamızın "klişe” əsasında fəaliyyətidir. Bəzi hallarda mövcud ekspertlərin rəylərinin peşəkarcasına çatdırılmasında problem var:
"Azərbaycan mediasında baş verən hadisələrlə bağlı analitik-ekspert rəyinin çox kasad olduğu sahələr çoxdur. Məsələn, təbii fəlakətlər, qəzalar, maliyyə və bankinq fəaliyyəti, kənd təsərrüfatı, yeni biznes və kommunikasiya vasitələri, fond bazarı, ekologiya, beynəlxalq və lokal hüquq, konfliktologiya, konkret ölkələr üzrə regionşünaslıq analizləri və s. Bəzi hallarda problemin həll yolu alternativ ekspert axtarışı yox, jurnalistlərin konkret sahələr üzrə ixtisaslaşmasıdır, çünki bu gün nəqliyyat infrastrukturundan yazan jurnalist sabah Xəzərin statusu haqda yazanda, təbii ki, "əl altında” olan ekspertləri axtaracaq. Hər bir işə peşəkarcasına yanaşmaq lazımdır. Bəzən bu məqam unudulur və bu, bir çox hallarda problem yaradır”.
"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli jurnalistlər artıq "tükənmiş, erası bitmiş ekspertlərlə deyil, gənc ekspertlərlə əməkdaşlıqda maraqlı olmalıdır” fikrini irəli sürür:
"Gənclər içərisində çoxsaylı ekspertlər, istedadlı mütəxəssislər var. Sadəcə media onları tapıb üzə çıxartmalıdır. Hesab edirəm ki, jurnalistlər ekspert qıtlığı yaşayırsa, bunun günahı bir az da özlərindədir. Daimi axtarışda olmaq onların işidir”. Gənc ekspertlər öz piarlarını düzgün qurmalı və özlərini ictimaiyyətə tanıtmalıdırlar. O zaman Azərbaycan mediasında ekspert qıtlığı yaranmaz.
R.Bəşirlinin sözlərinə görə, Azərbaycanda daha çox iqtisadi sahədə ekspert qıtlığı yaşanır.
"Sputnik.az” saytının əməkdaşı İradə Cəlil də deyib ki, son zamanlar mətbuatda eyni mövzular, eyni ekspertlər tərəfindən müxtəlif saytlarda təkrar-təkrar təhlil edilir: "Açığını desək, günah bizim özümüzdədir. Biz tanınmış ekspertlərə əlçatan olduqları üçün daha çox üstünlük veririk. Amma istənilən sahədə bizim tanımadığımız kifayət qədər savadlı və ətraflı danışa bilən mütəxəssislər var. Sadəcə biz onları axtarıb tapmağa, üzə çıxarmağa ərinirik. Məsələn, hər hansı iqtisadi bir məsələ ilə bağlı tanınmış iqtisadçılara üz tuturuq və eyni fikri alırıq. Amma İqtisad Universitetində suallarımızı elmi əsaslandıra biləcək ekspertləri unuduruq. Eləcə də digər sahələrdə. Məsələn, tikinti, səhiyyə, turizm, miqrasiya və s. Bu kimi sahələrdə 1-2 tanınmış ekspert var və biz yeni insanlar axtarmırıq. Tənbəlik. Zaman sərf etmək istəmirik. Bir az da eqoistik. Tapacağımız insan tanınmış deyil deyə, biz onu tapıb dəstək verib, ekspert etmək istəmirik”.
İ.Cəlilin sözlərinə görə, ekspertləri biz jurnalistlər özümüz üzə çıxartmalıyıq. Biz isə hazıra öyrəşmişik. Elə mən özüm tutaq ki, hansısa universitetə zəng edib, daha mükəmməl danışa bilən bir adamı uzağı iki dəfə axtarıram, tapa bilməyəndə, hazır əlçatan ekspertlərdən birinə yazıb cavabımı alıb, yazımı təhvil verirəm:
"Müxtəlif sahələrdə çox savadlı insanlar tanıyıram ki, onlar KİV-də fikirlərini bildirmək üçün hər şeyə hazırdır. Ancaq onlar KİV-lə əlaqə saxlamaq yollarını bilmirlər. Həm də gəlin etiraf edək, hansısa bir mütəxəssis bizim elektron ünvanımıza yazı göndərib, zəng edəndə hansı sifəti gətiririk? "Nə istəyir e bu?” deyib dodaq da büzürük. Biz o insanlara dəyər versək, bu qədər sıxıntı yaşamarıq.
Bir az tənbəlliyi kənara atıb axtarışda olmaq lazımdır. Bu dəqiqə bizim zənglərimizin arzusunda olan, KİV-ə açıqlama vermək istəyən kifayət qədər savadlı insanlar var”.
Tanınmış jurnalist Jalə Mütəllimova isə hesab edir ki, bizim əsas problemimiz bütün saytların, qəzetlərin eyni ekspertlərdən istifadə etməsindən qaynaqlanır. Hətta xəbər saytlarında gedən mövzuların da mahiyyəti eynidir:
"Xəbərlər də bir-birinin təkrarıdır. Bu da bir növ gündəmlə bağlıdır. Əgər bu gün əsas gündəm mövzusu Amerika-Türkiyə münasibətlərində Azərbaycanın hansı mövqeni tutacağıdırsa, bütün saytlar bundan yazacaq. Tanınmış jurnalist sosial şəbəkədə vida mesajı yazıb, intihara cəhd edirsə, yenə bütün saytlar bunu da yazacaq. Ekspertlərin eyniliyi də yenə obyektiv səbəblərdən qaynaqlanır. Bəlli bir siyahı müəyyənləşib ki, hansı ekspert hansı sahə üzrə şərh verə bilər. Bunun siyasi və yaxud ictimai mövqedən qaynaqlandığını, yoxsa sırf həmin insanların fərdi şəxsiyyəti ilə bağlı olub-olmadığını dəqiq deyə bilmərəm. Düzdür, müxtəlif sahələr üzrə öz mövqeyini və münasibətini aydın, səlis ifadə etməyi bacaran ekspertlərimizin sayı yetərli deyil. Həm iqtisadi, həm siyasi, həm də sosial və digər sahələr üzrə bacarıqlı ekspertlərə ehtiyac duyulur. Bizim kifayət qədər güclü analitik təfəkkürə sahib olan şərhçilərimiz də var. Azər Rəşidoğlu və Azər Sarıoğlunun adını xüsusi qeyd etmək istəyirəm. Onların hər ikisi jurnalistika sahəsində bişib yetişmiş insanlardır. Rəsul Mirhəşimli daxili siyasətlə bağlı çox gözəl təhlil qabiliyyətinə sahibdir. Amma nəyə görəsə bu cür insanlar öz qabiliyyətlərindən istifadə edilməsini istəmirlər.
Təbii, bu da öz qərarlarıdır. Media sahəsində yaşanan ekspert qıtlığının bir səbəbi də bizim baş redaktorların şəxsi maraqları, simpatiya-antipatiya məsələləridir. Çünki Azərbaycanda güclü təhlil qabiliyyəti, ictimai mövqeyi olan yetəri qədər insanlar var. Sadəcə onları araşdırıb üzə çıxarmaq lazımdır. Biz şəxsi simpatiyaları və ya antipatiyaları bir kənara buraxıb istedadlı şəxslərdən istifadə etməliyik. İctimai fikrimizin formalaşması üçün cəmiyyəti yönəldən, maarifləndirən şəxsin kimliyindən çox şey asılıdır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb