Mətbuatda milli dəyərlər qorunur

Jurnalistlər bu məsələdə hər zaman keşikçilik sərgiləyiblər




Günümüzün aktual mövzularından biri də milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir.

Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.

Əslində Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.

Başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Adətən ölkəmizlə bağlı mühüm ictimai-siyasi hadisələr, seçkilər, xüsusilə beynəlxalq qurumların Azərbaycana dair hesabatlarının açıqlanması ərəfəsində xaricdə yaşayan və ələ alınmış bəzi azərbaycanlılar tərəfindən ölkəmiz, dövlətimiz, seçkilər dövründə isə namizədlərə qarşı sistemli şəkildə təhqir və böhtan xarakterli fikirlər səsləndirilir. Belə böhtan və təhqir kampaniyasının aparılması Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən həm QHT, həm də KİV təmsilçiləri belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar. Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.

Bəs görəsən, media nümayəndələri milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolunu necə dəyərləndirir?

Qeyd edək ki, bir neçə gün əvvəl Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Avropaya sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirdiklərini söyləyib.

Sosioloq-jurnalist Lalə Mehralı hesab edir ki, milli-mənəvi dəyərlər və azərbaycançılıq bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Bu amillər milli ruhun, milli şüurun simvolu olaraq tanınır: "Xalqımız əsrlər boyu qoruduğu, bəzən əlindən alınmağa çalışılan adətləri bugünədək gətirib çıxara bilib, bu, milli özünüdərkin formalaşmasına böyük kömək edib. Düzdür, tarix boyu bu sərvətimizə göz dikən yadellilər olub, amma bir millətin dəyəri onun qanında, genetikasındadır, o səbəbdən də milli-mənəvi dəyərlərimizi bizdən almaq cəhdləri həmişə boşa çıxıb. Azərbaycan elə bir ölkədir ki, milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Dövlət idarəsi, cəmiyyətin təşəkkülü də bu fondadır. 

Mətbuat da bu vəhdəti yaradan əsas amillərdəndir. Mətbuat həmişə cəmiyyətin vuran qolu, görən gözü, qılıncı, qalxanı olub. Demək istədiklərimizi deyib, görmək istədiklərimizi göstərib. Siz də, biz də dəfələrlə şahidi olmuşuq, milli dəyərlərə qarşı hər hansı bir hörmətsizlik olduğu anda mətbuat kampaniyaya başlayıb, o yalnışı düzəldənədək də əlindən gələni edib. Milli dəyərlərə bəzən köhnəlmiş fikir, bəzən geridəqalmışlıq, bəzən də gərəksiz adət kimi baxanlar üçün media güzgü olub. Görmək istəmədiklərini göstərib, eşitmək istəmədiklərini eşitdirib.
Amma etiraf edək ki, bəzən elə media da milli-mənəvi dəyərlərə qarşı biganəlik nümayiş etdirir. Bayrağımızın tərs formada tutularaq çəkilmiş şəkillər, kadrlar yayımlanmasından tutmuş kök salmış milli adətlərin təhqir edilməsinədək bir çox məqamda buna şahid olmuşuq. 

Milli dəyərlərin qorunmasında sosial şəbəkələr də böyük rol oynayır. Hətta bəzən medianın edə bilmədiyini sosial şəbəkə istifadəçiləri edir. Dəqiq kim olduğunu xatırlamıram, amma bir neçə il əvvəl siyasətçilərdən biri bayraqla şəkil çəkdirmişdi, masanın üstündəki bayraq tərs qoyulmuşdu. Şəbəkə istifadəçiləri şəkli tərs çevirərək yayımlamışdılar, "əsas bayraq düz dayansın” kimi də bir mesaj yazmışdılar. Yəni demək istəyirəm ki, əslində insanlarımız mediadan daha çox həssaslıq göstərir belə məsələlərdə. Media orqanları, mətbuat həqiqi televiziyaçıların, qəzetçilərin əlində olduğu müddətcə milli adət-ənənələr nə təhqir edilər, nə də unudular. Əksinə, işini bilən peşəkarlar sayəsində bu dəyərlərimiz qorunur, milli adət-ənənələr, mənəvi dəyərlər qorunduğu müddətcə dövlətçilik və dövlət də qorunur. Axı bir dövləti var edən, kök salmasına, möhkəm olmasına onun milli-mənəvi dəyərləri xidmət edir”.

Milli.az informasiya portalının baş redaktoru Anar İmanov da milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun böyük olduğunu deyib. Onlayn medianın oxucuya daha yaxın olduğunu vurğulayan baş redaktorun sözlərinə görə, sosial şəbəkələr inkişaf etdikcə, onlayn media aparıcı rolu oynamağa başlayır: "Milli-mənəvi dəyərlərin qorunması istiqamətində medianın rolu, əsas funksiyası maarifləndirmədən ibarət olmalıdır. Reytinq naminə, oxucuların saytda cəlb edilməsi üçün bu faktor unudulmamalıdır, əxlaq normaları gözlənilməlidir, bayağı xəbərlər verilməməlidir. Düşünürəm ki, bugünkü Azərbaycan mediası bu işin öhdəsindən yaxşı gəlmir, çatışmazlıqlar var və bununla mübarizə aparılmalıdır. Çatışmazlıqlar əsasən ondan ibarətdir ki, tanımadığın birisi, əsasən gənc yaşında olanlar, mətbuata aidiyyəti olmayanlar sayt açır və istədiyi kimi onu idarə edir. Saytlarına daxil olub milli-mənəvi dəyərlərdən uzaq olan mövzular, xəbərlər, başlıqlar, şəkillər və s. görmək mümkündür. Təzə "xəstəlik” isə ondan ibarətdir ki, çox köhnə xəbərlər, məsələn, 5 il bundan öncə yayımlananlar bu gün sayta yerləşdirilir. Niyə? Çünki başlıq "cəlbedicidir”. Hesab edirəm ki, bu məsələdə ciddi nəzarət olmalıdır və belə neqativlərə mediada son qoyulmalıdır”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədovun sözlərinə görə, günümüzdə informasiya ictimai proseslərin formalaşmasında, eyni zamanda onun idarə edilməsində əhəmiyyətli rola malikdir: "Belə ki, yenilənmək, inkişaf etmək, sivil, müasir dünyanın bir parçası olmaq vacibdir və bununla paralel cəmiyyətimizin malik olduğu mənəvi dəyərlərdən uzaq düşmək də olmaz. İnternet media resurslarının sayı artdıqca, xüsusilə də sosial şəbəkələrin fəaliyyətinin genişləndiyi bir vaxtda formalaşmaqda olan gənc, yeni nəslin bu dalğanın mənfi təsirlərindən kənarda saxlanılmasına mütləq şəkildə diqqət yetirilməlidir. Hesab edirəm ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün çox mühüm məsələlər sırasındadır. Milli-mənəvi dəyərlərimizə, sadiq nəslin formalaşdırılması üçün öz növbəsində medianın üzərinə ciddi məsuliyyət düşür.

Bu gün mediamızda milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə ilə bağlı məqalələr dərc etmək lazımdır. Mətbuatımız maraqlı, keyfiyyətli, peşəkar səviyyədə məqalələr hazırlamaq potensialına malikdirlərmi sualına cavab vermək çətin olsa da, bunun öhdəsindən gələn nümunələr də var”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, medianın sosial məsuliyyəti deyilən bir anlayış var. "Əslində biz medianı cəmiyyətdən fərqləndirməməliyik. Media nümayəndələri də cəmiyyətin bir üzvüdür. Jurnalistlər informasiya alan zaman iki fakt qarşısında qalırlar. Birincisi odur ki, jurnalist qarşılaşdığı hadisəni qeydə almalı, onun haqqında material hazırlamalıdır. Həmin materialın cəmiyyətin maraqlarına nə dərəcədə cavab verməsi isə ikinci vacib amildir. Jurnalistikanın nəzəriyyəsini bilən hər bir media nümayəndəsi bu iki amilə diqqət yetirir. Ənənəvi mediada çalışan peşəkar jurnalistlər bu qaydalara da əməl edir. Bilirlər ki, xalqın, ictimaiyyətin marağına zidd olan, milli-mənəvi dəyərləri kölgə altına alan məlumatların yayılması dövlətçilik ənənələrinə ziddir. Ancaq çox təəssüf ki, xəbər yaradıcılığı ilə ancaq jurnalistlər məşğul olmur. Xəbərin hazırlanma qaydasını bilən də, bilməyən də xəbərin istehsalı və yayımı ilə məşğul olur”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb