Metsamor AES -lə bağlı həyəcan təbili çalmalıdır: "10 minlərlə insan məhv ola bilər"






"Metsamor AES-in partlaması on minlərlə insanın məhv olmasına gətirib çıxara bilər”.
Bu barədə "Sherg.az”a Ermənistandakı Metsamor AES-in reaktorunun təmirə bağlanmasından danışarkən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib. 

O diqqətə çatdırıb ki, AES-lərdə baş verən fəlakətin təzahürləri bir nəsil boyu davam edir, insanların müxtəlif xəstəliklərə düçar olmasına səbəb olur:

"Ermənistandakı AES-in artıq istismar müddəti bitib. Metsamorun bərpası üçün böyük maliyyə tələb olunur. Bu vəsait isə Ermənistanda yoxdur. Rusiyanın bu məsələdə yardım edəcəyi səsləndirilsə də, bu ölkədə də iqtisadi durum qənaətbəxş olmadığından yardımın baş tutacağını düşünmürəm. 

Ona görə, təmir məsələsi təxirə salınıb. Amma zaman-zaman bəzi texniki qüsurları aradan qaldırmaqla AES-i işə salırlar. Metsamor sayəsində Ermənistanın böyük bir ərazisi enerji ilə təmin olunur. Lakin bu region ölkələri - Türkiyə, İran, Azərbaycan üçün böyük təhlükə vəd edir. 

Bu səbəbdən tək regional təşkilatlarda deyil, beynəlxalq tribunalarda da AES-in bağlanması məsələsi qaldırılıb. Ermənistan isə Metsamorun fəaliyyəti müvəqqəti dayandırmaqla beynəlxalq aləmin diqqətini cəlb etməyə çalışır. 

Rəsmi İrəvanın məqsədi xarici donorların vasitəsilə yeni AES inşa etməkdir. Halbuki nə Avropa Birliyi, nə ABŞ səviyyəsində məsələyə diqqət göstərilir, maliyyə ayrılır. Ona görə, Metsamor AES region üçün təhlükə olaraq qalmaqda davam edir. Düşünürəm ki, region ölkələri məsələ ilə əlaqədar həyəcan təbili çalmalıdırlar”.

Qeyd edək ki, Metsamor AES-in baş direktoru Movses Vardanyanın sözlərinə görə, təmir işləri Rusiyanın "Atomenerqoremont” şirkətinə həvalə edib.

Məlumat üçün bildirək ki, Ermənistan hökumətinin proqramı AES-in istismar müddətini 2026-cı ilədək uzatmağı nəzərdə tutur. Maliyyələşmə Rusiyanın 270 mln dollar məbləğində verdiyi dövlət ixrac krediti və 30 mln. dollar məbləğində ayırdığı qrantın hesabına həyata keçiriləcək.

Aysel Aslan