
Meymunun Trampı seçməsi şeytan işidir
Firudin Qurbansoy: “Burada hansısa mistikadan söhbət gedə bilməz”“Donald Trampın səviyyəsi ağzını açan kimi görünür. Meymunun proqnozuna gəlincə, bu da çinlilərin fırıldağıdır”

Dünyanın dörd gözlə izlədiyi, səs-küylü idman yarışlarında heyvanların proqnozuna "güvənmək” son illər ənənəyə çevrilib. Yadınızdadırsa, 2010-cu il futbol üzrə Dünya Çempionatında azarkeşlər su ilbizinin hərəkətləri əsasında oyunlarda hansı komandanın qalib olacağını proqnozlaşdırırdılar. Nə işdisə, proqnozlar düz çıxırdı.
"Falçı Paul” İspaniyanı...
Almaniyanın Oberhauzen şəhərindəki "Sea Life” akvariumunda yaşayan Paul adlı 2,5 yaşındakı səkkizayaqlı ilbiz Dünya Çempionatının finalında hansı komandanın qalib gələcəyini də işarə etmişdi.
Paulun proqnozu İspaniya, Hollandiya, Almaniya və bir sıra digər ölkələrin telekanalları tərəfindən canlı yayımlanırdı. "Falçı İlbiz”in proqnozuna əsasən İspaniya milli komandası dünya çempionu olacaqdı. Final matçından əvvəl üçüncülük qarşılaşması ilə bağlı öncəgörməsini açıqlayan Paul "hesab edirdi ki”, Almaniya milli komandası Uruqvayı məğlub edəcək və dünya üçüncüsü olacaq.
Səkkizayaqlı ilbizin proqnozu bu qaydada öyrənilirdi: üzərinə qarşı-qarşıya gələcək komandaların bayraqları yapışdırılan 2 ədəd şəffaf yemək konteyneri hazırlanır və akvariuma qoyulurdu. İlbiz isə bu yemək qablarından birini seçirdi. İlbiz hansı yemək qabına tərəf hərəkət edirdisə, o ölkənin millisinin qalib gələcəyi bildirilirdi. İlbizin ən gərgin matçlarla bağlı proqnozları düz çıxmışdı.
Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya Çempionatının üçüncüsü adını qazanmaq uğrunda matç Port-Elizabet şəhərində, final qarşılaşması isə Yohannesburqda oynandı. İlbizin proqnoz verdiyi kimi üçüncülük uğrunda Almaniya ilə Uruqvay yarışdı və Almaniya qalib gəldi. Dünya çempionluğu uğrunda isə Hollandiya ilə İspaniya milli komandaları üz-üzə gəldi və İspaniya qələbə qazandı.
Meymun Portuqaliyanı çempion...
Eyni hal futbol üzrə Avropa Çempionatında da yaşandı. Bu dəfə çinlilər Geda adlı meymunu öncəgörən elan etdilər. Meymun hansı ölkənin bayrağına tərəf gedirdisə, o ölkənin millisinin qalib gələcəyi bildirilirdi. Futbol azarkeşlərinin ürəyi sanki meymunun ürəyi ilə bir döyünürdü. Fanatlar nəfəslərini kəsib meymunun hərəkətlərini izləyirdilər. Masa üzərinə birinin içərisində Fransa, digərində Portuqaliya millisinin adı yazılmış iki şəffaf qab qoyulmuşdu. Meymun hansı adı qabdan çıxarsaydı, Avropa çempionu o komanda olacaqdı. Meymunsa məhz Portuqaliya millisinin adı yazılmış kağızı çıxardı. Və pronoz "doğruldu”. Həqiqətən də Portuqaliya millisi final matçında Fransa millisini məğlub edərək tarixdə ilk dəfə Avropa çempionu titulunu qazandı.
... "Falçı Geda” Trampı prezident "elədi”
Bu dəfə isə ABŞ-dakı prezident seçkiləri ilə bağlı meymundan proqnoz verməsi istənilib. Çindəki Ekologiya və Turizm Parkında yaşayan məşhur meymun Geda ABŞ prezidentliyinə iki əsas namizəddən kimin qalib gələcəyini müəyyən edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, meymuna iki banandan birini seçmək təklif olunub və o, Trampın portreti önündəki bananı seçib. Üstəlik, Trampın şəklini də öpüb. Meymunun Trampı seçməsindən sonra çinlilər ABŞ-ın növbəti prezidentinin Donald Tramp olacağına "inanıb” və bunu dünyaya bəyan ediblər. Göründüyü kimi, Gedanın proqnozu düz çıxdı. Ağ Evin 45-ci sahibi Respublikaçılar Partiyasının namizədi Donald Tramp oldu. Yəqin, indi meymun Gedanın nüfuzu daha da artıb.
Bəs bəni-Adəm nəslindən olan öncəgörənlər, astroloqlar nə düşünür? Heyvanların proqnozları yalnız təsadüfdürmü, yoxsa burada hansısa mistik qüvvənin təsiri var?
"Şeytan işidir...”
Tanınmış azərbaycanlı astroloq Firudin Qurbansoy "Şərq”ə açıqlamasında hansısa heyvanın "öncəgörənlik” etməsini şeytan işi adlandırdı:
- Burada hansısa mistikadan söhbət gedə bilməz. Qeyri-adi bir şey də yoxdur. 2 nəfərdən biri prezident seçilməliydi və Tramp seçildi. Adətən münəccimlər əvvəlki astroloji proqnozlara baxır, tarixdə baş vermiş hadisələri göz önünə alır, təhlil edir və proqnoz verirlər. ABŞ-dakı prezident seçkilərində də çox böyük oyunlar oldu. Məqsəd də bu idi ki, iki namizəddən biri prezident seçilsin. Oğul Buş prezident seçiləndə də eyni vəziyyət idi. Hamı bilirdi ki, oğul Buş orta məktəb səviyyəli bir adamdır. Amma onu ABŞ prezidenti seçdilər. Donald Trampın da səviyyəsi ağzını açan kimi görünür. Meymunun proqnozuna gəlincə, bu da çinlilərin fırıldağıdır. O, əl meymunudur, öyrədilib. Trampın dəstəsinin düzəltdiyi bir oyundur. Bununla onu demək istəyirdilər ki, görürsünüz, hətta meymun da Trampı seçir, siz nəyi gözləyirsiniz?! Meymunun, yaxud da hansısa digər heyvanın "öncəgörənliyi” falın bir növüdür. Bunun bir adı var - fal. Və falın heç bir elmi izahı da yoxdur. Fal, sadəcə, şeytan işidir.
Məlahət Rzayeva