Məzmun və baza eynidir

Yeni qəbul qaydası problem yaratmayacaq




Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov qəbul imtahanları ilə bağlı yeni qaydaların gec açıqlanmasına etiraz edib. Deputatın fikrincə, tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil.

Millət vəkilinin fikrincə, bu cür addım bir-iki nəfərə deyil, minlərlə insana təsir edir: "Bir abituriyent hansı qaydada imtahan verməlidir?! Axı bunun hazırlaşdığı istiqamət başqadır. Bunu öncədən müəyyənləşdirmək lazımdır. Tutaq ki, Təhsil Nazirliyi desin ki, bu qaydalar 9-cu sinifdə oxuyanlara şamil olunmur. Yəni bu qaydalar 8-ci sinifdə oxuyan, o yaşda olanlara tətbiq ediləcək. Belə olan halda şagird hansı istiqaməti seçəcəyini əvvəldən müəyyənləşdirir”.

Dövlət İmtahan Mərkəzi (DİM) komitə sədrinin etirazına münasibət bildirib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə açıqlamasında deyib ki, ali məktəblərə yeni qəbul modeli 2017-ci ilin oktyabr ayında ictimaiyyətə təqdim olunub. Həmin vaxtdan etibarən qəbulun hansı qaydalar və model əsasında aparılacağına dair məlumatlar yayılıb.

Qurum rəsmisi vurğulayıb ki, bununla bağlı Dövlət İmtahan Mərkəzinin bütün elmi-metodiki seminarlarında müzakirələr aparılıb, rəhbərlik tərəfindən təhsil ictimaiyyəti, valideynlərlə görüşlər keçirilib və görüşlərdə yeni model təqdim olunub.

DİM sözçüsü, həmçinin qeyd edib ki, yeni modelin müəyyən detalları məlum olub və bu detallar ictimaiyyətə təqdim olunub: "Əvvəlcədən bildirilmişdi ki, şagirdlərin biliklərinin qiymətləndirilməsi yeni qaydalara uyğun aparılacaq. Orada nəzərdə tutulan bilik və bacarıqların yoxlanılması yeni test modelləri tətbiq edilməklə həyata keçiriləcək. Bununla bağlı kifayət qədər məlumat verilib. Dövlət İmtahan Mərkəzi orta mətkəblərdə monitorinq imtahanları keçirib, yeni növ test tapşırıqlarından istifadə edib. 2015-ci ildə monitorinq imtahanlarının nəticələri dərc olunub”.

X.Xanlarzadə bu il 11-ci sinfi bitirən məzunların yeni qəbul qaydaları, açıq tipli test tapşırıqları, yeni modellə artıq tanış olduqlarını deyib: "Dövlət İmtahan Mərkəzi tərəfindən 9-cu sinifdə təhsil alanların yeni model əsasında imtahanı iki il bundan öncə həyata keçirilib. Yəni, bu il 11-ci sinfi bitirən ilk kurikulum məzunları artıq bu tapşırıqlarla tanışdırlar. Ötən ilin oktyabr ayında qəbul imtahanın modeli ictimaiyyətə təqdim olundu. Bütün KİV-də bu dərc olundu və müzakirələr aparıldı. Yeni qəbul modelinin əsasında keçən ilin may ayında sınaq imtahanı keçirilmişdi ki, şagirdlər bu modelə öyrəşsinlər. Burada əsas məqsəd ondan ibarətdir ki, yaddaş məktəbindən təfəkkür məktəbinə keçid olsun. Bunun əsasında da qəbul qaydaları yeniliklərə məruz qalmalıdır”.

Təhsil eksperti Almaz Həsrət millət vəkilinin gündəmə gətirdiyi mövzunun həssas və maraqlı məsələ olduğunu deyib:

 "Ancaq hörmətli deputatın nəzərinə çatdırmaq istəyirəm ki, yeni qəbul kimi ictimaiyyətə təqdim edilən qəbul modeli haqqında bu ilin məzunlarının yetəri qədər təəssüratı var. Onlar artıq 11 ildir yeni təlim proqramı olan kurikulumla dərs keçiblər və bu sistemə hazırdırlar. Yeni model qəbul imtahanlarının məzmunu və bazası eynidir. Yalnız qiymətləndirmə sistemində fərq var. Bu ilə qədər ənənəvi üsulla təhsil alan şagirdlərin imtahan sualları testlə olduğundan abitruyentlər yalnız düzgün variantı qaralamaqla suala düzgün cavab vermiş hesab olunurdu. Builki məzunların isə test bilgiləri ilə yanaşı, şifahi mənimsəmələri də yoxlanılacaq”.

A.Həsrət yeni modelin ənənəvi imtahanlardan daha asan olduğunu deyib, nəinki cəmiyyətdə təşviş doğuracaq qədər mürəkkəb:

 "Əvvəlki məzunlar buraxılış imtahanından əlavə qəbul imtahanında 5 fəndən imtahan verir, test suallarını cavablandırırlar. Yeni model isə nisbətən yüngülləşdirilib. Gələnilki məzunlar 3 fəndən buraxılış imtahanı verəcək, 3 fəndən isə qəbul imtahanı verəcəklər. Burada isə anlaşılmayan və çətin bir şey yoxdur”.

Təhsil ekspertinin sözlərinə görə, qəbulda problem yaradacaq yeganə məsələ əvvəlki ilin məzunlarının yeni modellə imtahan verməsidir:

 "Ötən il qəbul imtahanında iştirak edən abituriyentlərin heç də hamısı uğurlu nəticə əldə etmədiyi üçün yenidən imtahanlarda iştirak etməli olacaqlar. Hesab edirəm ki, keçmiş məzunları nəzərə almalıdırlar. Yeni model onlara şamil edilməməlidir. Onlar geridə qalmasın deyə, şərait yaratsınlar əvvəlki qaydada test imtahanı versinlər”.

Şəymən