Millət vəkili: "DSMF-nin xərclərinin 95 faizi əmək pensiyaları üzrə ödənişin payına düşür"




"Prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-cı il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi xərclərin optimallaşdırılmasına xidmət edəcək".

"APA-Economics"in məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, gələn il DSMF-nin büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb: "DSMF-nin xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək. Dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi ildən-ilə azalır. Əgər 2012-ci ildə dövlət büdcəsindən transfert Fondun gəlirlərinin 42%-ni təşkil edirdisə, gələn il bu göstərici 37,4%-ə düşür".

H. Rəcəbli bildirib ki, Fondun xərclərinin 95%-i əmək pensiyaları üzrə ödənişin payına düşür.