Millət vəkilinin təklifi dəstək qazandı

İşğal olunmuş ərazilərimizlə bağlı mütləq qanun layihəsi hazırlanmalıdır



Son vaxtlar həqiqətən də Dağlıq Qarabağa qanunsuz səfərlərin sayının artdığını görürük. Əgər qanun qəbul olunsa, biz işğal altındakı ərazilərə səfər edən hər kəsin adını qara siyahıya salacağıq. Digər xarici vətəndaşlar, diplomatlar, dövlət rəsmiləri də biləcəklər ki, Azərbaycanın icazəsi olmadan separatçı bölgəyə səfər etmək bizim qanunvericiliyimizi pozmaqdır

Millət vəkilləri "işğal olunmuş ərazilər haqqında” qanuna ciddi ehtiyac olduğunu düşünür. Məqsəd isə Azərbaycanın erməni işğalı altındakı Dağlıq Qarabağ və ətraf bölgələrə Ermənistan və digər əcnəbi ölkə vətəndaşlarının qanunsuz səfərlərinin qarşısını almaqdan ibarətdir. Zaman-zaman bu məsələ Milli Məclisin plenar iclasında qaldırılsa da, konkret bir nəticəyə gəlinməyib.

Bu dəfə isə sözügedən qanun millət vəkili Qüdrət Həsənquliyev tərəfindən gündəmə gətirilib. İşğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin hazırlanmasını vacib hesab edən deputat deyib ki, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər: "Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqında qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir”.

Qüdrət Həsənquliyevin sözügedən təklifi cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi kəslər üçün "İşğal olunmuş torpaqlar haqqında qanun”un mahiyyəti anlaşılan deyil. Onlar hesab edir ki, torpaqlar işğal olunubsa azad olunmalıdır. Yəni biz hansısa qanun qəbul etmək yox, əraziləri sülh yolu istiqamətində geri qaytarmalıyıq.

Deputat Qənirə Paşayeva da bu qanun layihəsinin qəbuluna ehtiyac olduğunu düşünənlər sırasındadır: "işğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbul edilməsinə hazırda çox ciddi ehtiyac var. Çünki etirazlarımıza rəğmən Azərbaycan hökumətindən icazə alınmadan, Azərbaycanın işğal olunmuş ərazilərinə hələ də qanunsuz səfərlər edilir. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həllini öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin vətəndaşlarıdır. Odur ki, bu cür qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə "İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac var. Biz nəhayət, belə bir qanunu qəbul etməliyik”.

Bəs politoloqlar belə bir qanunun qəbul olunmasına necə yanaşırlar?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Qüdrət Həsənquliyevin təklifini dəstəklədiyini deyib. Onun sözlərinə görə, işğala aid nə varsa biz o faktlardan işğalçının iç üzünü açmaq üçün istifadə etməliyik: 

"Son vaxtlar həqiqətən də Dağlıq Qarabağa qanunsuz səfərlərin sayının artdığını görürük. Əgər qanun qəbul olunsa, biz işğal altındakı ərazilərə səfər edən hər kəsin adını qara siyahıya salacağıq. Digər xarici vətəndaşlar, diplomatlar, dövlət rəsmiləri də biləcəklər ki, Azərbaycanın icazəsi olmadan separatçı bölgəyə səfər etmək bizim qanunvericiliyimizi pozmaqdır. Bu pozuntu faktı aşkarlandığı halda isə onlara qarşı konkret addımlar atıla bilər”.

Politoloq Məhəmməd Əsədullazadə də belə bir qanunun qəbul olunmasına ehtiyac duyur: 

"Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanın işğalı ilə üz-üzədir və bu işğal davam edir. Ərazilərinin 20 faizi işğala məruz qalan ölkə olaraq bu illər ərzində aparılan diplomatik danışıqlar səmərəsiz və faydasız olub. Həmçinin, bu danışıqlar işğalın davam etməsinə şərait yaradır. Münaqişənin nizamlanması üzrə formalaşan ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı danışıqlar da, göründüyü kimi, irəliləyişə səbəb olmur. BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı qətnamələrinin olmasına baxmayaraq, Ermənistan üzərinə düşən bu hüquqi proseduru yerinə yetirmir. 

BMT tərəfindən işğal olunmuş ərazilərlə bağlı qətnamə qəbul edilirsə, Azərbaycan parlamenti də işğal faktoru ilə əlaqədar qanun qəbul etməlidir. Hesab edirəm ki, bunun qəbul edilməsi zəruridir. Hazırda aparılan diplomatik danışıqlar nəticəsizdir və status-kvonun qorunmasına hesablanıb. Paralel olaraq Milli Məclis də işğalla bağlı qanun qəbul etməlidir. Həmçinin, işğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması barədə rəsmi şəkildə Ermənistana ultimatum verilməlidir. Ermənistana hərbi təzyiqlər artırılmalıdır. 

Deputatlar tərəfindən bu qanun işlənib hazırlanmalı və il ərzində qəbul edilməlidir. Hesab edirəm ki, bununla biz Minsk Qrupu həmsədrlərinə də mesaj vermiş olacağıq. Milli Məclis Ermənistanla hərbi-texniki əməkdaşlıq edən ölkələrə sanksiya tətbiq etməlidir. Çünki BMT tərəfindən rəsmən Azərbaycanın ərazilərinin işğal faktoru qeyd olunub. İşğalçı ordunun işğal olunmuş ərazilərdən çıxarılmasına dair qeyd-şərtsiz qətnamələr var. Ona görə də belə bir qanunun qəbul edilməsi, siyasi olaraq, Azərbaycan üçün vacibdir”.

Şəymən