Millət vəkilinin təklifi dəstəklənir

Sahib Məmmədov: “Azərbaycanda əmlakın tamlığı məsələsi təmin olunmalıdır”
Əliməmməd Nuriyev: “Obyektin yerləşdiyi torpağın mülkiyyətçiyə aid olmaması bir sıra hallarda sui-istifadə hallarına zəmin yaradır”



"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədə tikinti sahəsində yaranan
problemlərdən danışıb.
Millət vəkili deyib ki, obyektlə yanaşı, tikintinin altındakı mülkiyyət də özəlləşdirilməlidir:
"Bizdə evi satırlar, amma evin altındakı torpaq əmlakının ayrıca özəlləşdirilməsini tələb edirlər.
Bu, çox eybəcər bir şeydir. Ona görə də təklif edirəm ki, heç olmasa tikintinin altındakı torpaq
mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin
özəlləşdirilməsinə imkan verilsin”. 

Cavid Qurbanovun "tikintinin altındakı torpaq mülkiyyətinin
də özəlləşdirilməsinə imkan verilsin” təklifini müsbət dəyərləndirən "Vətəndaşların Əmək
Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov hesab edir ki, Azərbaycanda
əmlakın tamlığı məsələsi təmin olunmalıdır.Onun sözlərinə görə, ölkəmizdə bir mülkiyyətçi torpağın, digər mülkiyyətçi isə tikintinin sahibidir: 

"Bu məsələ özəlləşmə zamanı müxtəlif ziddiyyətlərə yol açır. Dövlət əmlakı
özəlləşdiriləndə altındakı torpaq qalır, üstündəki əmlakı özəlləşdirirsən. Bu da çoxsaylı
problemlərə yol açır. Məsələn, təcrübədə o qədər şahidi olmuşuq ki, biri gəlib obyekt tikib, sonra
torpaq sahibi də gəlib deyib ki, sök, bura mənimdir. Ona görə də, məsələ həll olunmalıdır. Bu
mövzu çoxdan gündəmə gətirilməli idi. Millət vəkili indi deyir, amma biz QHT olaraq bu
problemi 10 il öncə qaldırmışdıq. Bütün hallarda deputatın yanaşması tamamilə düzgündür.
Qanunverici orqanda kimsə həmin işə problem kimi baxırsa, bu, çox yaxşı haldır. Ona görə ki,
əmlak özəlləşdirilərkən onun altındakı torpaq da onunla bərabər satılmalıdır. Yəni əmlak tam
olmalıdır”.

Ekspert onu da əlavə edib ki, dövlət əmlakını idarə edən orqan bu işə ciddi diqqət yetirməlidir:
"Bununla bağlı layihə hazırlayıb, tətbiq etməli idi”.
Qeyd edək ki, millət vəkili, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov
tikintinin altındakı torpaq mülkiyyətinin də özəlləşdirilməsinə imkan verilməsini təklif edib.

Cavid Qurbanovun kifayət qədər əhəmiyyətli bir mövzuya toxunduğunu deyən Konstitusiya
Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev
də hesab edir ki, tikinti ilə yanaşı, onun altındakı torpaq da özəlləşdirilməlidir: 

"Bir çox ölkələrdə müvafiq konsepsiyaya uyğun olaraq, torpaq üzərindəki mülkiyyətlə birgə vahid
özəlləşdirməyə gedir. Azərbaycan qanunvericiliyi isə torpağın üzərindəki mülkiyyətdən ayrıca
özəlləşdirilməsini tələb edir. Bu mənada, Cavid müəllimin qaldırdığı məsələnin tərəfdarıyam.
Hesab edirəm ki, obyektin yerləşdiyi torpağın mülkiyyətçiyə aid olmaması bir sıra hallarda sui￾istifadə hallarına zəmin yaradır”. Mövcud qanunvericiliyin investorları hazır tikililərə sərmayə
qoymaqdan çəkindirdiyini deyən hüquq müdafiəçisinin sözlərinə görə, onlar istənilən vaxt
torpaq sahibinin mülkiyyət hüququndan istifadə edərək torpaq üzərində olan əmlakın
fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edə bilər.
Ə.Nuriyev tikintinin altındakı torpaq mülkiyyətinin obyektlə birlikdə özəlləşdirilməsi
məsələsinin qanunsuz tikililər probleminin də qarşısını alacağını düşünür.

Şəymən