Millət vəkilləri qurtuluş yolu göstərir

Gec-tez 3-5 erməni Azərbaycana əsir düşəcəkO zaman onları Dilqəm və Şahbazla dəyişdirə bilərik

"İndiki reallıqda girovlarımızın azadlığı üçün başqa həll yolu görmürəm”
Öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev hələ də erməni işğalçılarının əlindədir. Tək günahı 21 ilin Vətən həsrətini içlərində boğa bilməyən bu azərbaycanlılar "casusluqda” ittiham edilərək, qondarma ölkədə qurulan saxta məhkəmənin qərarıyla həbs olunublar. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda, beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir. Azərbaycan onların azadlığı istiqamətində ciddi addımlar atsa da, onları qaytarmağa gücü çatmadı. Beynəlxalq aləm isə girovları taleyin ümidinə buraxıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri isə az qala hər gün mediada onların səhhəti ilə bağlı öz narahatlıqlarını ifadə edirlər. Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərovun sözlərinə görə, girovlarımızla görüşməyə və ya videogörüntü ilə onlarla danışmağa şərait yaradılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət etmələrinə rəğmən indiyə kimi müraciət reallaşdırılmayıb. Qardaşı hətta məktubların Dilqəm tərəfindən yazılmasına da şübhə ilə yanaşdıqlarını deyib: "D.Əsgərovdan gələn iki məktub rus dilində yazılıb. BQXK isə məktubun rus dilində yazılmasını komitənin oradakı nümayəndəsinin Azərbaycan dilində bilməməsi ilə əlaqələndirib. Onsuz da komitənin nə Bakıdakı, nə də Dağlıq Qarabağdakı nümayəndələri Azərbaycan dilində bilmirlər. Bunun nə fərqi var ki, Dilqəm məktubu hansı dildə yazır?”
Millət vəkili Fazil Mustafa isə deyib ki, bizim onlara əlimiz çatmır, amma Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə onlarla mütəmadi əlaqə qurmalıyıq: " Ən azı kiçik bir informasiya da olsa, BQXK əldə etməlidir. Bu mövzu ilə bağlı Avropa Şurası Parlament Assambleyasında ayrıca qətnamə də var. Sadəcə olaraq, ermənilər beynəlxalq hüququ tanımadıqları üçün biz bu mövzuda hər hansı bir irəliləyişlərə nail ola bilmirik. Amma BQXK-nin istədiyi vaxt girovlarla görüşmək imkanı var. Odur ki, onların bu cür qeyri-dəqiqliyi və biganəliyi bizdə təəccüb doğurur. Komitənin girovlarımızı videogörüntülü danışdırmaq imkanları da var, amma niyə etmirlər, bax, bu mənə də aydın deyil”.
Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ailəsinin onlarla görüşmək üçün Şuşa Həbsxanasına getmək üçün etdikləri müraciətə gəldikdə isə millət vəkili bunun təhlükəli olduğunu deyib: "Bunun üçün onların təhlükəsizliyi ilə bağlı erməni tərəfinin razılığı lazımdır. Ancaq onlar təhlükəsizliyə təminat versələr, Qızıl Xaç Komitəsi belə bir görüş təşkil edə bilər”.
Xocalıdan olan millət vəkili Elman Məmmədov da qeyd edib ki, girovlarımızın azad olunması ilə bağlı məsələ heç vaxt Azərbaycan dövlətinin diqqətindən yayınmayıb: "Beynəlxalq təşkilatlar lap əvvəldən girovlarımızın qaytarılması ilə bağlı ədalətli mövqe nümayiş etdirmədilər və onların laqeydliyi nəticəsində separatçı qurum özünün təlxək oyununu reallaşdıra bildi”. Sivil qaydalar fonunda Azərbaycanın beynəlxalq təşkilatlara müraciət eləməkdən başqa təsir vasitəsi olmadığını vurğulayan E.Məmmədovun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevi erməni girovluğundan xilas etməyin əsas yollarından biri qarşılıqlı dəyişmədən ibarətdir: "Təbii ki, girovları azad etməyin başqa yolları da var. Amma bu məsələnin müzakirəsi dövlət rəhbərliyinin və güc strukturlarının səlahiyyətində olduğu üçün konkret variantlar səsləndirmək doğru olmaz. Ancaq onu deyə bilərəm ki, girovların azad olunması dövlətimizin hər an diqqətindədir. Onların azad olunması ilə bağlı lazımi işlər görülür. Ölkə başçısı Ramil Səfərovun ölkəmizə qaytarılmasına necə nail oldusa, Dilqəm Əsgərovla Şahbaz Quliyevi də ermənilərin əlində qoymayacağına əminəm. Biz güc nümayiş etdirməklə erməniləri girovları qaytarmağa məcbur qoya bilərik. Onsuz da hansı yolla olur-olsun, Azərbaycan dövləti öz girovlarını azad edəcək. Ancaq yaxşı olmazmı ki, bunu insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar etsinlər. Əgər onlar öz missiyasını yerinə yetirərsə, cəmiyyətin beynəlxalq qurumlara etimadı artar”.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə beynəlxalq hüquqi mexanizmlərin daha güclü şəkildə işlənilməsinə zərurət olduğunu deyib: "Axı Dilqəmlə Şahbaz itkin düşən, haqlarında qeyri-müəyyən məlumatlar olan insanlar sırasına daxil deyillər. Onların yeri-yurdu, harada saxlanıldıqları bəllidir. Qarabağdakı saxta hakimiyyətin girovlarımız üzərində həyata keçirdikləri vandalizm də ortadadır. Dilqəmlə Şahbaza qarşı göstərilən münasibət hüquq adı altında pərdələnmiş cinayətdən başqa bir şey deyil. Buna da səbəb azərbaycanlıların Qarabağa səfər etməsinin qarşısını almaqdan ibarətdir. Ermənilər girovlarımıza bu cür amansız davranaraq bir növ bizlərə göz dağı verirlər ki, əgər kimsə öz dədə-baba yurduna səfər etmək istəsə, sonu bu cür olacaq”.
Millət vəkilinin sözlərinə görə, indiki reallıqda Azərbaycanın Beynəlxalq Qızıl Xaç və Qırmızı Aypara Cəmiyyəti ilə müntəzəm əməkdaşlıqdan başqa çıxış yolu yoxdur: "Dövlət başçısının şəxsi tapşırığı əsasında bu məsələ ilə bağlı müvafiq diplomatik addımlar atılıb. Ancaq erməni tərəfi beynəlxalq hüquq normalarına əhəmiyyət vermədiyi üçün aparılan danışıqlar bir fayda vermir. Yeganə yolumuz ermənilər tərəfindən hərbi şəraitdə götürülən girovların Şahbaz və Dilqəmlə dəyişilməsidir. Gec-tez 3-5 erməni Azərbaycana əsir düşəcək. İndiki reallıqda girovlarımızın azadlığı üçün başqa həll yolu görmürəm. Hansısa kəşfiyyat qrupunu hazırlamaq və gizli əməliyyatla onları həbsxanadan azad etməklə bağlı səslənən iddiaları abstrakt layihələr hesab edirəm”.
Şəymən