FHN-in "Xilasedici" komandasının kubalı peşəkar voleybolçu Luis Elian Estrada dizindən aldığı zədədən sonra TƏBİB-in tabeliyindəki Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya proqramı keçib.
TƏBİB-in tabeliyindəki Yeni Klinikadan Sherg.az-a verilən xəbərə görə, iki il əvvəl məşq zamanı dizindən zədələnən idmançı əməliyyat olunub. Müxtəlif ölkələrdə reabilitasiya keçməsinə baxmayaraq, onun hərəkət zamanı və voleybol oynayarkən ağrıları davam edib.

Azərbaycanda fəaliyyətə başladıqdan sonra reabilitasiya üçün Yeni Klinikaya müraciət edən L.Estrada mütəxəssislərin nəzarəti altında müvafiq proqram üzrə məşqlərə cəlb olunub.
Reabilitasiya prosesindən sonra idmançının fiziki vəziyyətində yaxşılaşma müşahidə olunub.