İngiliscə status paylaşanlara irad: “Özünü göstərmək üçün xarici dilə ehtiyac yoxdur”

  • Rauf Qarayev sosial şəbəkə istifadəçilərinə çağırış edib

“Bir çox insanlar özlərinin işini, fəaliyyətini nümayiş etdirmək, necə aktiv olduqlarını göstərmək üçün özləri və ya fəaliyyətləri barədə məlumatları müxtəlif dillərə tərcümə etdirib yayırlar. Məsələn, statuslarını ingilis dilində yazırlar, əlavə kontingent cəlb etmək üçün öz fikirlərini əcənbi dillərdə təqdim edirlər. Hesab edirəm ki, buna o qədər də ehtiyac yoxdur. Əgər sizin yazıdığınız, paylaşdığınız status və ya hər hansı bir məsələylə bağlı bildirdiyiniz fikir oxucuya maraqlıdırsa, onu özü anlaya biləcəyi dilə çevirib məzmunu ilə tanış olacaq”.

Bu fikirlər iqtisadçı Rauf Qarayevə məxsusdur. İqtisadi-sosial problemlərlə bağlı verdiyi şərhlər internet resurslarda yayılan R.Qarayevin paylaşdığı məzmunlar analitik paneldə 70.174 dəfə görünüb. Bu barədə Sherg.az-a danışan iqtisadçı qeyd etdi ki, bu, reklam xarakterli deyil, sırf təbliğat xarakterlidir: 

- Adi sosial şəbəkə istifadəçilərinin hesabı və ya məzmunun nəticələrini ölçən analitik panellər var. Bu cür panellər sosial şəbəkədə paylaşım edən şəxsin məzmununun nə qədər yayıldığını və auditoriyaya necə çatdığını göstərən statistika - analitik bölmə vasitəsiylə təqdim edir. Məsələn, mənim paylaşımlarım 70 174 dəfə görünüb. Bununla demək istəyirəm ki, özünü tanıtmaq, oxunmaq üçün mütləq deyil ki sən hansısa xarici dildən istifadə edəsən, mətni xaricə dilə çevirib yayasan. Əgər sənin fikrin, şərhin, izahın maraqlı və faydalıdırsa, onu oxumaq, ondan istifadə etmək istəyən şəxs anlayacağı dilə özü çevirəcək. Bizim məqsədimiz Azərbaycan dilində fikir bildirməyin əhəmiyyətini auditoriyaya çatdırmaqdır. Sosial şəbəkələrdə paylaşımların məqsədi, iş mühitindəki münasibətlərin təhlili və Azərbaycan vətəndaşlarının bilik və bacarıqlarının digər ölkələrin insanlarına nümayiş etdirilməsi vacibdir. Ancaq bunu mütləq əcnəbi dillərdə təqdim etməyə ehtiyac yoxdur. Bəzi insanlar sosial şəbəkələrdə öz fəaliyyətlərini, fəallıqlarını və fikirlərini nümayiş etdirmək üçün ingilis və digər dillərdə statuslar paylaşırlar. Bəzən bu üsuldan daha çox diqqət cəlb etmək və özünü fəal göstərmək üçün istifadə edilir. Əgər insanın fikri faydalıdırsa və başqaları üçün əhəmiyyət daşıyırsa, həmin fikri Azərbaycan dilində də ifadə etmək kifayətdir. Maraqlanan şəxslər onu öz dillərinə tərcümə edə bilər. Mən başqa dillərdə yazmağın əleyhinə deyiləm, amma öz fikrini çatdırmaq üçün mütləq xarici dildən istifadəyə ehtiyac olmadığı halda bundan istifadə edilməməlidir. Biz bununla ölkəmiz, xalqımız haqqında daha müsbət təsəvvürlər formalaşdıra bilərik. Amma əcnəbi dildə paylaşımlar etdikdə Azərbaycan vətəndaşlarının təhsili, bilik səviyyəsi və peşəkarlığı kənardan düzgün qiymətləndirməyə bilər. İş həyatına dair real hekayələrin və peşəkar təcrübələrin paylaşılması bu təsəvvürlərin dəyişməsinə kömək edə bilər. İnsanlar belə paylaşımları gördükdə Azərbaycanda da savadlı, bacarıqlı, düşünən və öz fəaliyyətini təhlil edə bilən insanların olduğunu görəcəklər. Azərbaycan vətəndaşlarının bilik və bacarıqlarını real nümunələrlə göstərmək ölkə və onun insanları haqqında daha obyektiv təsəvvürün formalaşmasına kömək edər.