Millət vəkilləri tətili harada keçirəcəklər ? - SORĞU




Milli Məclisin yaz sessiyası mayın 31-də keçirilən plenar iclasla başa çatıb.

Spiker Oqtay Əsədov yaz sessiyasını bağlı elan etdikdən sonra dövlət himni səsləndirilib. Beləliklə, Milli Məclisin tətil müddəti başlayıb.

Bəs, görəsən deputatlarımızın yay istirahəti haqqında planları nələrdir? Milli Məclis üzvləri ölkədə, yoxsa xaricdə istirahət etməyi düşünürlər ? 

İstirahət planı haqqında "Sherg.az”a danışan millət vəkili Asim Mollazadə Milli Məclisin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası başa çatsa da, tətilin başlamadığını xatırladıb:

"Qərar qəbul olundu ki, iyul ayında parlamentin fövqəladə sessiyası davam etdiriləcək. Mən isə tətil imkanından Bakıda istifadə edəcəyəm. Yay tətili üçün xarici ölkələrə getməyi planlaşdırmıram”.

Millət vəkili Fazil Mustafa da Milli Məclisin davam etməsi səbəbi ilə hələlik istirahət imkanı olmadığını söyləyib:

"Ümumiyyətlə isə, yay tətilini Bakıda keçirirəm. Adətən ölkədən kənara çıxmıram. Bu il üçün də ölkə daxilində istirahət planım var”.

79 millət vəkilinin müraciəti ilə parlamentin iyun ayında işləməyi qərara aldığını diqqətə çatdıran millət vəkili Zahid Oruc isə parlament üzvlərinin elə də çox yorulmadığını söyləyib:


"Hər həftə 2-3 dəfə toplaşmaq durumunda deyilik. Düzdür, qanunverici orqanın fəaliyyəti tək plenar iclaslardan ibarət deyil, deputatların seçicilərlə görüşləri, yerli tədbirlər, regional və beynəlxalq konfranslar kimi geniş səpkidə işlər görülür. Amma Milli Məclisin üzərinə düşən böyük dövləti vəzifələrə rəğmən, siyasi, hüququ, iqtisadi məkanda əksər fundamental qanunlar qəbul olunub. İndi isə bu qanunların üzərində dəyişikliklər aparılır. Prezident seçkilərindən sonra ölkə başçısı da qarşıyamühüm məqsədlər qoyub. Milli Məclis üzvləri tətil dövründə və digər zamanlarda bunu nəzərə almalıdırlar.

İstirahət məsələsi isə fərdi yanaşmadır. Zahid Oruc olaraq mən, istirahətimi ölkə içərisində düşünmüşəm. Çünki övladlarımız, onların gələcək həyatının planlaşdırılması ilə bağlı işlərimiz var. Mən dünyanı, Avropa və Asiyanı müəyyən qədər görmüş insan kimi deyə bilərəm ki, Azərbaycan təbiəti, həqiqətən, gözəldir. Ölkədə nəfəsini dərmək, dincəlmək, bu istirahətdən sonra yüksək enerji ilə siyasi məkana qayıtmaq mümkündür.

İstirahət günlərində oxumaq üçün ayırdığım kitablar var. Bununla bərabər, mütaliə etməli, görüləcək mənəvi, intellektual, siyasi işlərimi başa çatdırmalıyam. Bütün bunlar yay tətili ərzində planlarıma daxildir. İstənilən halda əlçatan vəziyyətdə olacağıq”.

Millət vəkili Elman Məmmədov da yayda ölkə ərazisində dincələcək:

"Təsadüfi hallarda, yay tətilində respublikadan kənarda olmuşam. Hətta 2000-ci ildən bu yana cəmi 4-5 dəfə xarici ölkələrdə istirahət etmişəm. Bu il də xaricə getmək fikrim yoxdur. Ölkədə, rayonlarımızda istirahət edəcəyəm”.

Ölkə ərazisində dincələcək deputatlarımızdan biri də Ziyad Səmədzadədir. Belə ki, millət vəkili yay istirahətini Xəzərin sahilində keçirməyi düşünür.

İstirahət haqqında planını öyrənmək üçün millət vəkili Araz Əlizadəyə də zəng etdik. Lakin deputat artıq xaricdə olduğunu söylədi.

Aysel Aslan