Milli-mənəvi dəyərlərin keşiyində ilk növbədə media durmalıdır

Yeni texnologiyaların müasir cəmiyyət üçün faydası çoxdur, amma biz onun zərərlərinə də məruz qala bilirik




(... əvvəli ötən sayımızda)

Günümüzün aktual mövzularından biri də milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir.

Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.

Əslində Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.

Başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Adətən ölkəmizlə bağlı mühüm ictimai-siyasi hadisələr, seçkilər, xüsusilə beynəlxalq qurumların Azərbaycana dair hesabatlarının açıqlanması ərəfəsində xaricdə yaşayan və ələ alınmış bəzi azərbaycanlılar tərəfindən ölkəmiz, dövlətimiz, seçkilər dövründə isə namizədlərə qarşı sistemli şəkildə təhqir və böhtan xarakterli fikirlər səsləndirilir. Belə böhtan və təhqir kampaniyasının aparılması Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən həm QHT, həm də KİV təmsilçiləri belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar. Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.
Bəs görəsən, media nümayəndələri milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolunu necə dəyərləndirir?

Qeyd edək ki, bir neçə gün əvvəl Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Avropaya sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirdiklərini söyləyib.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri (CASCFEN) Azər Həsrətin sözlərinə görə, mediada milli-mənəvi dəyərlərin qorunub saxlanılması çox ciddi və həllini gözləyən vacib məsələlər sırasındadır: "Azərbaycanda milli-mənəvi dəyərlər yeni medianın qurbanlarından birinə çevrilib. İnternet mediada operativlik, sensasiya arxasınca qaçan çoxsaylı jurnalistlər və ümumilikdə sosial media istifadəçiləri çox zaman milli-mənəvi dəyərləri arxa plana keçirirlər, bəzi hallarda isə heç nəzərə alınmır. Yeni texnologiyaların müasir cəmiyyət üçün faydası çoxdur, amma biz onun zərərlərinə də məruz qala bilirik”.

A.Həsrət hesab edir ki, mediada milli-mənəvi dəyərlərin pozulması hallarının qarşısını almaq, problemi kökündən həll etmək üçün senzura və ya nizamlama tədbirlərinə əl atmaq mümkün deyil. Çünki Azərbaycan mediasında söz, ifadə azadlığı Konstitusiya ilə təmin edilir. Biz maarifləndirmə işini genişləndirməliyik. Milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən materialların paylaşım şəbəkəsini genişləndirməliyik. Bir növ insanları milli-mənəvi dəyərlərimizi qorumağa təşviq etməliyik. Biz milli-mənəvi dəyərləri operativliyə qurban verən insanlara izah etməliyik ki, biz texnologiyaları öz dəyərlərimizdən üstün tutmamalıyıq. Bu dəyərlərin gözardı edilməsi millətə vurulan ən böyük zərbədir. Əgər o şəxslər bunu dərk etsələr, biz ancaq o zaman milli-mənəvi dəyərlərin yeni mediada qorunmasına nail ola bilərik.

"Azadinform” İnformasiya Agentliyinin baş redaktorunun müavini, jurnalist Elçin Bayramlı isə hesab edir ki, milli-mənəvi dəyərlərin qorunmasında Kütləvi İnformasiya Vasitələri həmişə böyük rol oynayıb. Bu gün də belədir. Məsələ burasındadır ki əvvəllər bu müsbət rol olub, bu gün isə əsasən mənfi roldadır. Bunun əsas səbəblərindən biri də televiziya və mətbuatda ifrat azadlığın mövcudluğu və nəzarət sisteminin olmamasıdır:

"İfrat azadlıq dedikdə o başa düşülür ki, bu gün istənilən şəxsin bir az pulu varsa, bir media vasitəsi açır və orda ağlına gələni yaza bilir ki, çox hallarda bu mənfi təbliğat olur. Yəni cəmiyyətə zərərli fəaliyyət olur, ictimai və dövlət maraqlarına zidd, yad dəyərlərin təbliği, yalnız media sahibinin siyasi və biznes maraqlarını güdən bir vasitə olur. Nəzarət dedikdə isə ictimai və dövlət nəzarətinin olmaması, hər hansı bir antimillli, antidövlət fəaliyyəti zamanı həmin media orqanının cəzalandırılmaması faktı başa düşülür. Yəni, ictimai qınaq yoxdur və ya faydasızdır, dövlətin isə buna qarışması guya demokratik hüquqların pozulması faktı kimi qələmə verildiyindən dövlət də hansısa cəza mexanizmi tətbiq edə bilmir. Nəticədə bu gün faktiki olaraq KİV-lərin əksəriyyəti üçün əsas məsələ xalqın, ölkənin maraq və mənafeləri deyil, mediasının əsas funksiyalarından biri olan maarifləndirmə deyil, o media orqanı sahiblərinin tabe olduğu siyasi mərkəzlərin planlarına, ən yaxşı halda isə biznes maraqlarına işləyir. Yəni maarifləndirmə funksiyası demək olar ki, aradan qalxıb”.

E.Bayramlının sözlərinə görə, medianın 2-ci əsas funksiyası - məlumatlandırmada da vəziyyət ürəkaçan deyil. Belə ki, bu məlumatlandırma zamanı əksər hallarda səhv məlumatlandırma prosesinə şahid oluruq. Yəni obyektivlik arxa plana keçir, məqsədli informasiyalar yayılır. Qarabağ cəbhəsində kritik situasiyalar zamanı bunun daha qabarıq şəkildə şahidi olduq: 

"3-cü funksiya - əyləndirmə sahəsində isə tam biabırçılıqdır. Mövzumuza ən çox dəxli olan funksiya budur. Çünki əyləndirmə adı altında insanların əxlaqının, sağlam düşüncəsinin, gənc nəslin tərbiyəsinin, bütün mənəvi dəyərlərin sıradan çıxarılması üçün iş aparılır. Özəl televiziyalara, radiolara və internet saytlarına baxmaq dediklərimi sübut etmək üçün kifayətdir. Mənə elə gəlir ki, bu işlə məşğul olan mütəşəkkil qruplar var ki, bunlar da hansısa qlobal mərkəz tərəfindən idarə olunur”.
Həmkarımız hesab edir ki, milli-mənəvi dəyərlərin deqradasiyaya uğramasında ən əsas rolu media oynayır: "Düzdür, sağlam media orqanları da var, lakin onların nədənsə cəmiyyətə təsir imkanları çox azdır. Konkret olaraq bir çox media qurumu mənfi fəaliyyətlə məşğuldur ki, bunun da qarşısı alınmalıdır.

Məncə, KİV haqqında Qanunun tələbləri sərtləşdirilməli, Mətbuat Şurası və Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalı, cəmiyyətə zərərli olan, dövlət maraqlarının əleyhinə işləyən media orqanlarının faəliyyətinə xitam veriməlidir. Sırf milli-mənəvi dəyərlərin qorunmasına nəzarət üçün Prezident yanında İctimai Şuranın yaradıla və həmin şuraya xalqımızın intellektual şəxslərinin daxil edilə və onlara bu mövzuda zərərli fəaliyyət göstərən KİV-lərə qarşı sərt cəzalandırma hüququ verilə bilər. Bununla da bu problem həll olmuş olar”.

"Azxəbər.com”un saytının həmtəsisçisi Əfsələddin Ağalarov isə hesab edir ki, bütün dünyada medianın əsas rolu cəmiyyətə informasiya vermək və insanları məlumatlandırmaqdan ibarətdir: 

"Mətbuatı ona görə, "4-cü hakimiyyət” adlandırırlar ki, ictimaiyyətə və cəmiyyətə təsir imkanları genişdir. Məhz bu səbəbdən də medianın rolu heç bir halda cəmiyyətin informasiya tələbatının ödənilməsi ilə məhdudlaşdırılmır. Medianın ən əsas funksiyalarından biri də aid olduğu ölkənin bu günə qədər formalaşmış dəyərlərinin və milli-mənəvi ənənələrini, tarixi abidələrini qorumaq, onları gələcək nəsillərə faydalı şəkildə ötürməkdən ibarətdir. Bu mənada Azərbaycan mediasının üzərinə düşən əsas missiyalardan biri də xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və bu istiqamətdə həyata keçirilən informasiya siyasətinin doğru seçilməsidir”.

Həmkarımız hesab edir ki, indiki reallıqda Azərbaycan mediasının milli-mənəvi dəyərlərimizin qorunması istiqamətindəki rolunu qənaətbəxş hesab etmək olar: "Bu istiqamətdə müxtəlif addımlar atılır. Eyni zamanda mətbuat özü də bu istiqamətdə üzərinə çox böyük missiya götürüb”.

(Davamı olacaq...)

Şəymən