“Milli Ön” aparatı əhalini bezdirib

Bazarda bir neçə şirkət olmalıdır ki, rəqabət olsun




"Milli Ön” aparatı ilə bağlı problemlər bitmək bilmir. Aparatların işləməməsi artıq adi hal halıb. Aparatın işləməməsi ilə bağlı növbəti xoşagəlməz hal Bakı şəhəri Moskva prospektində ("Şamaxinka” kimi tanınan ərazi, üzü mərkəzə doğru) yerləşən dayanacaqda qeydə alınıb.
Sərnişin axınının çox olduğu ərazilər- Sumqayıtdan, Xırdalandan və digər böyük qəsəbələrdən şəhərə gələn yüzlərlə insan aparatların işləməməsi səbəbindən kartlarına gediş haqqı yükləyə bilməyib. Nəticədə ərazidə böyük insan kütləsi yaranıb, həmçinin nəqliyyatın hərəkətində çətinliklər ortaya çıxıb.
Şikayətçilər bildiriblər ki, dayanacaqdakı 3 aparatdan yalnız "BakıKart”a məxsus olanı işləyir: "Digər iki aparat isə nasazlıq səbəbindən işləmir. Bu problem artıq bir həftədən çoxdur davam edir və hər gün yaşanır”.
Məsələ ilə bağlı "Milli Ön” şirkətindən məlumat yayılıb və problemin gün ərzində aradan qaldırılacağı bildirilib.
Məsələyə fikirlərini "Şərq”lə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli rəqabət mühitinin formalaşmasının vacib olduğunu bildirib: "Aparatların normal fəaliyyət göstərməsi üçün bir mərkəzdən istifadə etmək lazım deyil. Hökumət və dövlət qurumlarının birgə verdiyi qərarlardan sonra bir neçə şirkətin bu tipli aparatların quraşdırılması və işlədilməsi ilə bağlı qərar verməsi yaxşı olar. Bəzi ölkələrdə belə praktika var. Bu da o deməkdir ki, rəqabətli mühit formalaşır. Aparatlara yaxşı qulluq etmək, vaxtlı-vaxtında təmirini həyata keçirmək və daha çox müştəri cəlb etmək üçün şirkətlər sanki yarışa girir. Bu da ciddi şəkildə keyfiyyət dəyişikliklərinə səbəb olur. İndi Azərbaycanda belə rəqabətli mühit yoxdur. Bir neçə şirkətin bazarda olması və rəqib olmaları daha məntiqli olardı. Ona görə də ola bilər ki, hökumətin müvafiq qurumları gələcəkdə bununla bağlı müəyyən qərarlar versin və bazara bir neçə şirkətin daxil olmasına şərait yaradılsın. Bu zaman həm keyfiyyətdə, həm də vaxtında təmir olunma ilə bağlı ciddi dəyişikliklər ola bilər”.

Yeganə Bayramova