"Minlərlə müəllim iş tapmaq üçün növbədədir" - Acı həqiqət





"Kolleci yüksək nəticələrlə bitirən məzunların ali məktəblərin eyni ixtisaslarına imtahansız qəbul olunması haqqında təklifin əsasnaməsi hazırlanmalı, mexanizm işlənməlidir”.

Bu barədə "Sherg.az”a sözügedən təklifə münasibətini ifadə edərkən təhsil üzrə mütəxəsis, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirib. 

Sözügedən təklifi müsbət dəyərləndirən ekspert düşünür ki, qərarın dəqiq müəyyənləşdirilməsindən sonra tələbələrin motivasiyası artar, ali təhsil almaq və orta ixtisas təhsilini yüksək səviyyədə bitirməyə can atarlar:

"Amma təklif bu gün üçün real deyil. Çünki Azərbaycanda müəllim sayı kifayət qədər çoxdur. Çünki planlaşdırmadan irəli gələn qüsurlar aradan qaldırılmayıb. Minlərlə müəllim iş tapmaq üçün növbədədir. Elə müəllim var ki, imtahanlardan yüksək nəticə əldə edib, amma kənarda qalıb.

Bizə hansı ixtisaslar üzrə mütəxəssislərin lazım olmasına dair araşdırma aparılmalıdır. Burada tələskənliyə yol verilməməlidir. Tutaq ki, məktəblərdə informatika fənnindən mütəxəssislərə ehtiyac var. Gələn ildən də bunu reallaşdırmaq olar. 

Həmçinin məktəblərdə psixoloqlara da ehtiyac yaranır. Təxmini 17-18 faiz məktəblər bu ixtisasla təmin olunub. Bu kimi ehtiyac olan ixtisaslar üçün yaxın gələcəkdə təklifi reallaşdırmaq olar”.

Qeyd edək ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun sözlərinə görə, "Təhsil haqqında" qanunda da təhsilin fasiləsizliyinin təmin edilməsi məsələsi var: "Bu gün bunun həyat keçirilməsi orta ixtisas təhsili müəssisələrinin məzunları üçün daha real görünür. Bununla bağlı nazirlikdə müəyyən işlər görülür. Amma bu, hələ mümkün deyil".

Aysel Aslan