Məhz bu səbəbdən də cəbhə xəttində vəziyyət gərginləşib və hərbi amil önə çıxıb
“Fransa Qarabağ münaqişəsindən ehtiyac yarandığı halda bir alət kimi yararlanır”
ATƏT-in Minsk Qrupu həmsədrlərinin dialoq üçün şəraitin yaradılması istiqamətində səylərini əsirgəmədiyini vurğulayan Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantyenin sözlərinə görə, vasitəçilər əmindirlər ki, münaqişənin həllində sülh danışıqlarından başqa yol yoxdur.
İnsan itkilərinin təkcə aprel müharibəsi zamanı olmadığını qeyd edən səfir bunun az qala gündəlik vəziyyət olduğu qənaətindədi. Amma o, belə vəziyyətin qaneedici olmadığını deyib. Fransanın tərəflərin görüşünü qəbul etməyə hazır olduğunu vurğulayan Fransa səfiri israr edir ki, münaqişənin həlli yalnız danışıqlar yolu ilə ola bilər.
Vasitəçilərin tərəflər arasındakı bərabərliyi necə başa düşdüklərinə gəldikdə isə diplomat Minsk Qrupunun 1-1,5 il əvvəl verdiyi bəyanatlara nəzər salmağı məsləhət görüb: "Sətiraltı oxuyun, dəqiq mesajları görəcəksiniz”.
Son illər Qarabağ probleminin tənzimlənməsi istiqamətində Fransanın təşəbbüslərinin hədsiz dərəcədə azaldığını deyən millət vəkili Zahid Orucun sözlərinə görə, buna səbəb Avropa məkanında yaşanan proseslər ola bilər. Eyni zamanda Fransanın Cənubi Qafqazla bağlı yeritdiyi siyasət də konkret deyil. İqtisadi mənafeləri naminə onlar üç həmsədr ölkədən biri olmalarına rəğmən nisbətən geridə dayanıblar:
"Fransa Qarabağ münaqişəsindən ehtiyac yarandığı halda bir alət kimi yararlanır. Bu isə başadüşüləndir. Amma söhbət yalnız Fransanın ermənipərəst mövqeyindən getmir. Eyni zamanda Moskvanın Cənubi Qafqazdakı iqtisadi-siyasi, hərbi proseslərdə əsas oyunçu olması da onları ciddi şəkildə narahat edir. Ukrayna və Suriya məsələlərində həlledici mövqeyə yiyələnən Rusiya Putinin səyləri hesabına Avropa məkanında yeni və tam fərqli münasibətlərə qədəm qoya bilər”.
Z.Orucun sözlərinə görə, Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı dəyərləndirmə apararkən ezop dilini seçməsi və cəmiyyəti sətiraltı mənalara varmağa çağırması absurddur:
"Xatırlayırsınızsa, bir neçə gün əvvəl Fransa prezidenti Fransua Olland erməni diaspora nümayəndələri ilə görüşündə verdiyi açıqlamalar Azərbaycan cəmiyyətində haqlı narazılıqlar doğurdu. Ola bilsin ki, prezidentin komandası görüş zamanı ifadə olunan fikirlərin bir çoxunun Azərbaycan-Fransa arasındakı münasibətlərə zərbə vuracağı ehtimalına qarşı daha mötədil və mülayim bir dil seçiblər”.
Son 7 ay ərzində Minsk Qrupunun təşəbbüsləri və səylərinin sıfıra endiyini vurğulayan millət vəkilinin sözlərinə görə, dövlət rəhbərliyi səviyyəsində görüşlər və kommunikasiyalar dayandırılıb. Məhz bu səbəbdən də cəbhə xəttində vəziyyət gərginləşib və hərbi amil önə çıxıb. İndi artıq Qarabağ danışıqları səngərdə ordular arasında gedir. Minsk Qrupunun təmsilçiləri isə döyüş meydanındakı vəziyyətin hansı məcraya yönələcəyini gözləyir. Bütün bunlar fonunda Fransanın Ermənistandakı səfirinin verdiyi bu açıqlama heç bir siyasi məna yükü daşımır.
Şəymən