ABŞ dövlət katibi Mark Pompeonun Qarabağla bağlı növbəti görüşü Vaşinqtonda keçirilməsi barədə təklifi Moskavada ciddi narahatlıqla qarşılanıb. Ehtimallara görə, yaxın aylarda Kreml Vaşinqtonun regionda fəallığının qarşısını almaq üçün İrəvana təzyiqlərini artıracaq. Bir sıra ekspertlərin fikrincə, Kremlə yaxın şəxs sayılan analitik Aleksandr Duqinin "Lavrov planı”nın detallarını açıqlaması və nazirlərin Moskva görüşü barədə fikirləri Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizin təhlükəsizliyinə təhdiddir. Onların sözlərinə görə, masada olan "Lavrov planı” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir. Çünki bu plan Qarabağ, Kəlbəcər və Laçının bizdən birdəfəflik alınmasını özündə ehtiva edir.
Mövzunu "Sherg.az"a dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Moskvanın prosesdə fəallaşması müəyyən təhlükəli məqamlardan xəbər verir:
"Duqin bildirir ki, Qarabağda yaşayan erməni icmasının təhlükəsizlik qarantı Rusiyadır. Rusiya imkan verməz ki, orada erməniləri narahat edən proseslər yaşansın. Bu, Moskvanın münaqişənin həlli istiqamətində verdiyi mesajdır.
Əgər, Rusiya Qarabağdakı erməni icmasının təminatıdırsa, sabah həmin ermənilərə rus pasportunun verilməsini də qaldıra bilər.
"Lavrov planı”nda Qarabağdakı ermənilərə Rusiya pasportunun verilməsi bəndi olmasını istisna etmirəm. Göründüyü kimi Moskvanın prosesdə fəallığı Qarabağın Azərbaycandan qoparılmasına xidmət edir.
Azərbaycan jurnalistlərinin Ermənistana və Qarabağa səfərinin təşkil olunmasına gəldikdə isə bu da birbaşa işğalın legitimləşməsinə xidmətdir. Tamamilə əleyhimizə olan bir plandır”.
Siyasi şərhçi vurğulayıb ki, hazırda işğal olunmuş ərazilərdə məskunlaşma siyasəti aparılır:
"Bunun arxasında işğalçıların təhlükəsizliyinin təmin olunması məsələsi durur. Bu təhlükəsizliyi təmin edən tərəf isə Rusiyadır.
Ona görə də Vaşinqtonun münaqişənin həllində vasitəçiliyini dəstəkləmək, cəbhə xəttində işğalçı orduya güclü zərbələr endirmək lazımdır. Hücum diplomatiyasına keçməyin vaxtıdır. Moskvanın təkliflərindən imtina etməliyik”.
İsmayıl