“Moskvanın görüş təşəbbüsü Vaşinqtonu bir balaca qıcıqlandırıb” – Professor

"Əgər həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirsəydilər, problem çoxdan həllini tapardı”.
Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.
Politoloq təəssüflə bildirib ki, danışıqlar formatı uzun illər davam etsə də, heç bir nəticə verməyib:
"Görünür, Moskvanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməsi Vaşinqtonu bir balaca qıcıqlandırıb. Ağ Ev münaqişənin nizamlanması prosesini paralel olaraq öz üzərinə götürməkdə maraqlı olduğunu göstərir.
Əgər Vaşinqtonun təşəbbüsü və aktivləşməsi Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxaracaqsa, çox gözəl, biz bunu alqışlayırıq. Rəsmi Bakı danışıqların getməsinə, eyni zamanda ABŞ-ın xüsusi fəallıq nümayiş etdirməsinə qarşı deyil. Ancaq Vaşinqtonun görüş təklifi sadəcə olaraq Moskvaya əks reaksiyadırsa, Rusiyanın üstünlük əldə etməsinə qarşıdırsa və problemin həllinə yönəlməyibsə, onda bu cür təmaslardan nəsə gözləməyə dəyməz.
Qarşılıqlı görüş təklifləri həmsədr dövlətlər arasında yarış formasını alacaq. Bu isə müsbət nəticə verməz. Bizə birgə və obyektiv səylər lazımdır ki, torpaqlarımız işğaldan azad olunsun”.
Qeyd edək ki, ABŞ Qarabağ danışıqlarının Vaşinqtonda keçirilməsini təklif edib. Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib. Xatırladaq ki, ötən gün Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilib.
İsmayıl