“...Müəllimlərin işə gəlmədən maaş alması halı kütləviləşib" - Ekspert nazirliyə haqq qazandırdı

"Kamran Əsədov Direktorlar müəllimlərin aylıq gəlirlərinin bir hissəsini mənimsəməklə onların bu cür çirkin əməllərinə göz yumurlar"
"Məktəblərdə tərbiyə, qanun öryədən müəllimlərimiz tərbiyəni, qanunuları kobudluqla pozurlar”
Bu sözləri "Sherg.az”a təhsil eksperti Kamran Əsədov məktəblərə getməyən müəllimlərin əmək haqqı alması məsələsinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, məktəblərdə belə halların yaşanması təəssüf doğurur:
"Rayon məktəblərinin əksəriyyətində müəllimlərin işə gəlməyərək maaş alma problemi kütləvi hal alıb.
Araşdırmalarıma görə, əsasən Neftçala, İmişli və Sabirabad rayonlarda belə hallar daha çox yaşanır. Mənə edilən şikayətlərdən yola çıxıb, araşdırmalar apardım. Məlum oldu ki, bir sıra müəllimin gündəlik dərslərdə iştirakı haqqında qeydlər var. Amma həmin müəllimlər Bakıda və digər rayonlarda, yəni, məktəbdən uzaqda yaşayırlar. 
Həqiqətən, ölkəmizdə belə bir olayların yaşanması arzuolunan deyil. Bütün bunların yeganə günahkarları orta təhsil müəsissələrinin direktorlarıdır. Direktorlar müəllimlərin aylıq gəlirlərinin bir hissəsini mənimsəməklə onların bu cür çirkin əməllərinə göz yumurlar. Təsəvvür edin ki, məktəblərdə övladlarımıza tərbiyə verməli və qanun öyrətməli olan müəllimlərimiz tərbiyəsizliklə, qanunsuzluqla məşğuldur. Hər bir şagirdimiz Mübariz İbrahimovdur. Onlar gələcəymizin qəhrəmanıdır. 
Amma biz belə müəllimlərin sayəsində qəhramanlarımızı, igidlərimizi itiririk. Bunun əsas həlli yolu məktəblərin girişinə müəllimlərin barmaq izləri ilə işləyən sistemlərin quraşdırılmasıdır. Həmin avadanlıqlar da vahid mərkəzdən izlənməlidir. Beləliklə də müəllimlərin dərsə gəlib, gəlməməsi asanlıqla müəyyən olunacaq. Buna uyğun da müəyyən ölçülər götürüləcək. Bəzi rayon məktəblərində şagirdlərin qəbul və buraxılış imtahanlarında aşağı nəticə göstərməsi məhz bu kimi özbaşınalıqla bağlıdır. 
Hətta həmin təhsil ocaqlarında şagirdlər belə dərsə getmir. Neftçada rayonunda 4 orta məktəbdə direktor müəyyən ödənişlər müqabilində uşaqların dərsə gəlməməsinə göz yumur. Belə şagirdlərdən rayonlarda 10 minlərlədir. Adları orta təhsil müəsisələrində gedir, amma özləri isə Bakıda müəyyən hazırlıq kurslarındadır. Bu, düzgün deyil. Məktəblərimizdə belə problemlər yoluna qoyulmasa, prosesin sonu heç də yaxşı olmayacaq”.
Qeyd edək ki, Maliyyə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, bəzi təhsil müəssisələrində işlərin dəyəri əsassız olaraq şişirdilir, işə gəlməyən əməkdaşlara maaş ödənilir. Bu fakt Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirləri nəticəsində aşkar olunub.
Kənan Eynuroğlu