“Müharibə veteranları və şəhid ailələrinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” - Deputat
Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir.
Qeyd edək ki, siyahılara əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Bu məqsədilə 2018-ci il üçün 58 mln. manat, 2019-cu il üçün isə 50 mln. Manat ayrılıb. Bu günə olan tarixə birdəfəlik ödəmə verilməsi barədə Komissiya tərəfindən qərar qəbul edilib 750 şəhidin 1035 vərəsəsinə birdəfəlik ödəmə verilib.
Eyni zamanda vurğulamaq yerinə düşər ki, əlavə olaraq, şəhid ailələrinə və müharibə əlillərinə daim diqqət və qayğı gstərilir. 01.10.2018-ci il tarixinə kimi şəhid ailələrinə və əlilliyi olanlara 6 063 mənzil paylanılıb. Onlardan 5,6 mini şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib. 2018-ci ildə 583 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Onlardan artıq 01.08.2018-də Qaradağ rayonunda 35 mənzil verilib. 2018-ci ilin sonuna kimi Bakı və Abşeronda 391 mənzil satın alınaraq bu kateqoriyadan olan insalara paylanılacaq. Bundan başqa 2018-ci ilin sonuna kimi regionlarda 90 mənzil istifadəyə veriləcək. Belə ki, bu məqsədlə İmişlidə 54 mənzildən ibarət 6 mərtəbəli yaşayış binası, Şamaxıda isə 36 mənzildən ibarət 4 mərtəbəli yaşayış binası inşa olunub. 2018-ci ildə regionlarda 67 fərdi evin inşası başa çatdırılacaq. Qalan və ilin sonunadək 548 mənzil və fərdi ev paylanılacaq.
Həmçinin diqqətə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb.
Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni 2018-ci ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.
Belə ki, 01.11.2018-ci il tarixə kimi müharibə əlillərinə 6 144 avtomobil (Cari ildə 265 avtomobil verilib) paylanılıb.
Müharibə əlillərinə verilən Prezidentin aylıq təqaüdünə gəlincə, qeyd edək ki, I qrup çüharibə əlillərinin aylıq təqüdü 182 AZN, II qrup 158 AZN, III qrup isə 121 AZN-ə qədər yüksəlib. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət də alır. Bundan əlavə müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. İl ərzində dövlət vəsaiti hesabına 1,8-2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi (əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və digər) verilir. Qarabağ müharibəsi əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Eyni zamanda onu da yaddan çıxarmaq olmaz ki, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində də ciddi əməli addmlar atılıb. Şəhid ailələrinə 242 AZN aylıq Prezident təqaüdü ödənilir. Əmək pensiyasına hər ay əlavə vəsait ödənilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət verilir. Şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə ƏƏSMN tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir. Özünəməşğulluq proqramına 2018-ci ildə 158 şəhid ailəsi, 1000 nəfərdən çox əlilliyi olan şəxs (onlardan bir hissəsi Qarabağ müharibəsi əlilidir) cəlb olunub. Milli Qəhrəmanlara (və ya həlak olanların ailələrinə) aylıq 1500 AZN Prezident təqaüdü ödənilir. Milli Qəhraman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir.
Bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının ilbəil artdığını söyləyən millət vəkili Aydın Hüseynov "Sherg.az”a söyləyib ki, bu yaxınlarda şəhid vərəsələrinə 11 min manat ödəmənin verilməsinə başlanıb və bu addım ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına, məxsusi şəhid ailələrinə olan diqqət və qayğısının bariz nümunəsidir:
"Ölkə başçısı çox yüksək humanizm nümayiş etirərək belə bir fərman imzalayıb və tam əminəm ki, haqqı çatan hər kəsə bu vəsait veriləcək. Heç kim diqqətdən kənarda qalmayacaq, yaddan çıxmayacaq. Kimlər bu kateqoriyaya aiddirsə, onların hamısı həmin vəsaiti alacaq. Bu bir daha onu göstərir ki, doğrudan da cənab prezident təkcə bu kimi məsələlər deyil, şəhid ailələri, Qarabağ qazilərinin sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atır. Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın aprel döyüşçülərinə, eləcə də digər qazilərə göstərdiyi diqqət və qayğı ortadadır. Eyni zamanda cənab Prezident bütün çıxışlarında məmurlardan şəhid ailələrinə, qazilərə həssas və diqqətli yanaşmalarını tələb edir".
Deputat onu da əlavə edib ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir:
Ölkəmizdə ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin və onlarının rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminəm ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək”.
Hazırladı: Ayyət Əhməd