"Muradın xatirəsi əbədiləşdirilməsə..." - Şəhid atası Sabirabadın başçısından narazıdır

"Mətbuat məsələni dəfələrlə gündəmə gətirsə də, şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün heç bir addım atılmır”.
Bu barədə "Sherg.az”a aprel hadisələrində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin atası Telman Mirzəyev danışıb. 
Şəhid atasının sözlərinə görə, idarəetmə orqanları məsələ ilə məşğul olmur:
"Bu yaxınlarda Heydər Əliyev Fondunun təşkilatı ilə şəhid ailəsinə torpaq ayrılıb. Məni də dəvət etdilər. Əlavə olaraq, İcra Hakimiyyətinə, müvafiq orqanlara müraciət etmədik. Yəqin ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün zaman lazımdır. 
Amma harada mümkündürsə, şəhidin xatirəsi əbədiləşdirilməlidir. O mənim övladım idi, şəhid olduqdan sonra isə xalqın, dövlətin, vətənin övladıdır. Muradın xatirəsi əbədiləşdirilməsə də, şəhidliyinə qiymət verilir.
Mən maraqlandıqda deyilir ki, sənədləşmə aparılır. Bir şəhid atası kimi Muradın adının əbədiləşdirilməsini gələcək nəsil üçün vacib bilirəm. Mən bu gün varam, sabah yoxam. Amma gələcək nəsillər aprel döyüşlərinin qəhrəmanlarını tanımalıdır. Lakin hələlik heç bir iş görülməməsinin səbəbini izah edə bilmərəm”.
Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Aysel Aslan