Müsəlman ölkələri narazı qalıb

Hacı Şahin Həsənli: “İkinci dəfə Ümrə ziyarətinə gedənlərin əlavə ödəniş etməsi qərarını Səudiyyə Ərəbistanı verib”



Ümrə ziyarətinin qiymətində dəyişiklik edilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin işlər
müdiri, zəvvar qrupunun rəhbəri Həmdulla Babayev report.az-a açıqlama verib.Qrup rəhbəri bildirib ki, Ümrə ziyarətinə ikinci dəfə getmək üçün müraciət edənlər əlavə 530
ABŞ dolları ödəməli olacaq. 

Ümrə ziyarətinin qiyməti isə təklif edilən xidmət paketlərinə
müvafiq 1500-2500 ABŞ dollarıdır. Ötən il isə bu məbləğ 1200-2300 ABŞ dolları civarında idi.
Deməli, Ümrə ziyarətinin qiymətində 500 dollar artım var. Qrup rəhbəri bildirib ki, Ümrə
ziyarətinə ikinci dəfə gedənlərdən əlavə ödəniş tələbi Səudiyyə Ərəbistanının qərarıdır.
Qeyd edək ki, Ümrə ziyarətinə görə, əlavə ödəniş istənilməsi, müqəddəs torpaqlara səfər etməyə
hazırlaşanları çaşbaş salıb. Zəvvarlar əlavə ödənişin səbəbinə aydınlıq gətirilməsini istəyir.

Məsələ ilə bağlı "Şərq”ə danışan QMİ sədrinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş”
məscidinin imam-camaatı Hacı Şahin Həsənli qeyd etdi ki, qiymət artımının heç bir dini əsası
yoxdur:
- İkinci dəfə Ümrə ziyarətinə gedənlərin əlavə ödəniş etməsi qərarını Səudiyyə Ərəbistanı verib.
Məhz buna görə də bir sıra müsəlman ölkələri Ümrə ziyarətindən imtina edib. Bu qiymət
artımının heç bir dini əsası yoxdur, sırf dövlətin qəbul etdiyi iqtisadi bir qərardır. Bilirsiz ki,
Həcc ziyarəti ilə də bağlı qiymətlərə dəyişiklik edilir. Qiymət artımı baş verir.
Ümrə ziyarətinə məhz ikinci dəfə gedənlərə əlavə ödəniş şərti qoyulmasına gəlincə, H.Ş.Həsənli
bunun gəlir əldə etmək məqsədi daşıdığını bildirdi:

- Səudiyyə hökuməti bir dəfə zəvvara şans verir, ikinci dəfə gedirsənsə, artıq əlavə ödəniş tələbi
qoyulur. Səudiyyə Ərəbistanı ümumilikdə Ümrə ziyarətinin qiymətlərində artım edib. Bu da
müsəlman ölkələrini narazı salır.
H.Ş.Həsənli qeyd etdi ki, Ümrə ziyarəti il ərzində bir neçə dəfə təşkil edilir. Səfərlərin həyata
keçirilməsi zəvvar qruplarının toplanmasından asılı olur.

Məlahət Rzayeva