Ərdoğanın seçkinin ilk turunda qalib gələcəyi real görünür
Türkiyədə prezident seçkilərində öz namizədliyini irəli sürmüş 7 nəfərdən 3-nün müraciəti qəbul edilib. Ölkənin Ali Seçki qurumunun rəhbəri Sədi Güvənin məlumatına görə, Doğu Perinçik, Meral Akşener, Təməl Karamollaoğlu və Vecdet Özün namizədliyi qeydə alınıb. 3 nəfərin müraciəti isə sənəd çatışmazlığı səbəbindən qəbul edilməyib. Ana müxalifət hesab edilən Cümhuriyyət Xalq Partiyası da namizədini rəsmən açıqlayıb. 116 millət vəkilinin qatıldığı qrup toplantısında Məhərrəm İncənin namizədliyinin irəli sürülməsinə qərar verilib.
Türkiyəli köşə yazarı Dəniz Zeyrək "Hürriyyət” qəzetində yayımlanan "Kılıçdaroğlu niyə İncəni seçdi?” başlıqlı yazısında maraqlı məqamlara toxunub. O bildirib ki, Kılıçdaroğlunun İncəni namizəd göstərməsinin bir sıra səbəbləri var: "Partiyadan, Məclisdə təmsil olunan deputatlardan və idarəçilik orqanlarından "namizədimiz əsl CHP-çi olsun” çağırışları səslənirdi. Partiyanın keçirdiyi sorğularda da İncənin adı ön planda idi. Əgər növbəti tur nəzərə alınaraq, İstanbul millət vəkili İlhan Kəsici və ya Əbdüllətif Şənər namizəd göstərilsəydi, partiyadakı təzyiqdən dolayı Səlahəddin Dəmirdaş və Meral Akşenerin yerində dəyişiklik baş verərdi. Belə halda CHP-nin namizədi prezident seçkilərində ilk ikiliyə daxil ola bilməzdi. Bu da partiyaya böyük bir zərbə deməkdir. İncə özü mühafizəkar, milliyyətçi və kürd seçicilərin səsini toplamaq məsələsində iddialıdır”. Müəllif İncənin milliyyətçi olduğuna görə digər partiyaların seçicilərinin də dəstəyini qazanacağını deyib:
"Prezident Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə və Səlahəddin Dəmirdaş TBMM-dəki qrupları sayəsində birbaşa namizəd olacaq. Meral Akşener, Təməl Karamollaoğlu və Doğu Perinçinyin namizədliyi isə yalnız 100 min imza toplandıqdan sonra rəsmiləşəcək. Ərdoğanın seçkilərdən birinciliklə çıxması qəti görünür. Əgər seçki ikinci tura qalarsa və İncə də CHP-nin 2015-ci ilin oktyabrdakı kimi səs toplaya bilərsə, ikinci tur Ərdoğanla İncə arasında baş tuta bilər. CHP-çilərin fikrincə, milliyyətçi kimi tanınan İncə İYİ Partiyasının milliyyətçi səslərini toplamaqda çətinlik çəkməz. Həm də toxunulmazlığın ləğv edilməsinə "yox” dediyinə görə, HDP-li seçicilərin dəstəyini qazanar. Cümə və bayram namazlarına gedən, çıxışlarında hicablı bacısından danışan İncə Anadolunun mühafizəkar əhalisindən səs toplaya biləcəyinə də inanır.
Lakin politoloq Natiq Miri hesab edir ki, Məhərrəm İncə iddia edildiyi kimi seçkinin taleyini həll edəcək ciddi siyasi fiqur deyil. "Şərq”ə danışan ekspertin sözlərinə görə, CHP sədri Kamal Kılıçdaroğlunun öz namizədliyini irəli sürməməsi və göstərdiyi səbəblər bəhanədən başqa bir şey deyil:
"Kılıçdaroğlunun namizəd olmamasının yeganə səbəbi növbəti uğursuzluqdan qorxmasıdır. 8 seçkidə ard-arda məğlub olan Kılıçdaroğlu Ərdoğan qarşısında 9-cu dəfə məğlub olmaq istəmir. Çünki növbəti uğursuzluq onun siyasi fiaskosu olar. CHP daxilində anti-Kılıçdaroğlu əhval-ruhiyyəsi yaranar və sədrin istefasına yol açar. Məncə, Məhərrəm İncənin namizəd kimi təqdim olunması Kılıçdaroğlunun hiyləsidir. Kılıçdaroğlu yaxşı bilir ki, İncə "Cümhur İttifaqı”nın namizədinə qarşı ciddi alternativ deyil. Buna baxmayaraq, onun namizədliyini irəli sürməklə gələcəkdə CHP sədrliyi uğrunda ən ciddi rəqibini ortadan qaldırır. Məhərrəm İncə seçkidə məğlub olduqdan sonra partiya liderliyindən əl çəkəcək. Eyni zamanda Kılıçdaroğlunu qurultaylarda tənqid edə, onu istefaya səsləyə bilməyəcək”. Analitik bəyan edib ki, hakim partiya qarşısında ittifaq yaradan dörd siyasi qurumun hər biri seçkidə öz namizədini irəli sürəcək. Hansı partiyanın namizədi seçkinin ilk turunu keçməyi bacararsa, digər partiyalar onun xeyrinə geri çəkiləcək:
"Digər namizədlərin Ərdoğan qarşısında ciddi əngəl yaradacağını, səsləri parçalaya biləcəyini düşünmürəm. Səadət partiyasının içində Temel Karamollaoğluna qarşı çıxan xeyli şəxs var. Vətən partiyasının sədri Doğu Perinçinin isə bütün dövrlərdə türk toplumu içində dəstəyi az olub. Perinçik "dərin dövlətin” əməliyyatlarında rol alan şəxs kimi tanınıb. Zaman-zaman PKK terrorçuları ilə əməkdaşlığa getməsi onun nüfuzunu azaldıb. Ehtimal ki, seçkinin birinci turunda "Cümhur İttifaqı”nın namizədi qələbə çalacaq. Bu qələbə çox önəmlidir, çünki qarşıdakı 7 il kritikdir. Bu müddət ərzində Türkiyənin növbəti yüzillik üçün mövqeyi müəyyən ediləcək”.
İsmayıl Qacayev