İlham Əliyev: Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillər müşahidə olunur
"Son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillər müşahidə olunur”. Bunu ötən gün Milli Məclisdə andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev söyləyib. Dövlət başçısı vurğulayıb ki, prezident seçkiləri kampaniyası ölkəmizdəki siyasi mədəniyyətin hansı formada olduğunu ortaya qoydu:
"Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səsləndi, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir”. Prezident bəyan edib ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır: "15 il ərzində çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun. Buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm”. Dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycanda üç-beş radikal müxalif ünsürlərin çirkin fəaliyyətini çıxmaq şərti ilə siyasi mədəniyyət qorunur. Hökumət tərəfindən görülən tədbirlər nəticəsində siyasi arenalarda insanlar öz sözlərini sərbəst söyləmək imkanı əldə ediblər ki, bu da həmin qüvvələrin sivil qaydada mübarizə aparmasına gətirib çıxarıb. Əksər partiya funksionerləri normal qaydalar çərçivəsində, söyüşsüz və təhqirsiz mübarizə metodlarına yiyələniblər. Bütün bunların reallaşmasında isə dövlətin müstəsna xidmətləri olub. Prezidentliyə namizədlərin irəli sürdükləri təkliflərin indiki hakimiyyət tərəfindən nəzərə alınması isə siyasi mədəniyyətin ən yüksək göstəricisidir.
Siyasi mədəniyyətin inkişafı ilə bağlı "Şərq”ə danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Prezidentin çıxışını diqqətlə izlədiyini deyib. Partiya funksioneri Azərbaycanda siyasi mədəniyyətin formalaşması ilə bağlı söylənilən fikirləri tamamilə bölüşdüyünü bildirib:
"Cənab Prezidentin seçki prosesi dövründə bütün namizədlərin çıxışlarına diqqətlə yanaşması və irəli sürülən təkliflərin gələcəkdə hökumətin proqramlarında yer alacağını bildirməsi çox mühüm addımdır. Azərbaycanda yeni siyasi münasibətlərin formalaşması üçün ciddi baza yaradılıb. Bilirsiz ki, mən seçkilərdə prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi olmuşam. Seçki prosesində partiyanın platformasından irəli gələn bir çox mühüm məqamları ictimai rəyə çatdırmışıq. Mövcud problemləri və problemlərin həlli yollarını boğazdan yuxarı mülahizələrlə deyil, obyektiv şəkildə cəmiyyətin diqqətinə çatdırmağa cəhd göstərmişik. Fikrimcə, konstruktiv yanaşma tərzi Azərbaycan üçün mühüm önəm daşıyır. Xüsusən, siyasi münasibətlərin formalaşması prosesinin Azərbaycan Prezidentinin xüsusi diqqət mərkəzində olması və dövlət başçısının buna yüksək dəyər verməsi bizi çox sevindirir. Deməli, Azərbaycan tamamilə yeni siyasi mərhələyə qədəm qoyur. Düşünürəm ki, siyasi münasibətlər sistemində ölkənin maraqlarına xidmət göstərən, inkişafını təmin edən qüvvələrin qarşılıqlı əlaqələrin inkişafı istiqamətində atacağı addımlar olduqca vacibdir”.
İsmayıl