Narazılıq:"Cümhuriyyətlə bağlı qızıl sikkələrin qiyməti 1600 dollar olacaq" - Əlçatan deyil

Ruslan Rəhimov: " Ümid edirəm ki, gümüş sikkələr də buraxılacaq. Onların qiyməti təqribən 90-100 manat olur və kolleksionerlər rahatlıqla əldə edərlər”



"Mərkəzi Bankın (MB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xatirə sikkələri buraxmasını müsbət qiymətləndirirəm”.

Bu barədə "Sherg.az”a kolleksioner Ruslan Rəhimov bildirib. 

O diqqətə çatdırıb ki, indiyə qədər MB-nın buraxdığı sikkələr tam əlçatan olmayıb:

"Bu pul nişanlarının hər hansı mağazası, satış yeri yoxdur ki, kolleksionerlər rahat şəkildə əldə edə bilsinlər. Ancaq uzun bürokratik işlər, rəsmi şəkildə müraciət edilməsi, məktub yazılmasından sonra sikkələri əldə etmək olur. Buna görə, indiyə qədər həmin dəyərli eksponatları əldə edə bilməmişik.

Həmin sikkələrin qızıl və ya gümüş olacağı ilə bağlı dəqiq məlumat verilmədi. Mən bildiyimə görə, pul nişanları ancaq qızıl olacaq. Qızıl sikkələrin ortalama qiyməti təqribən 1600 dollar civarında olacaq. Bu isə hər kəs üçün əlçatan qiymət deyil. Ümid edirəm ki, gümüş sikkələr də buraxılacaq. Onların qiyməti təqribən 90-100 manat olur və kolleksionerlər rahatlıqla əldə edərlər”.

Mərkəzi Bankın yubileylə bağlı kağız pul buraxmadığını xatırladan kolleksionerin sözlərinə görə, xatirə pul nişanları ölkənin tanıdılması üçün müstəsna vasitələr olsa da, Azərbaycan bundan çox az istifadə edir:

"Dünyanın hər yerində kolleksionerlər var. Mərkəzi Bank isə Azərbaycanın zəngin tarixi irsindən çox az faydalanır, yetəri qədər xatirə sikkələri buraxmır. Halbuki pul nişanları ölkənin tarixini, mədəniyyətini tanıtmaq üçün ən önəmli vasitələrdən biridir. Məsələn, Qazaxıstanda xüsusi zərbxana da var və xüsusi xatirə sikkələri buraxılır. Həmin pul nişanlarını alan şəxslər Qazaxıstanın mədəniyyəti, tarixi haqqında yaxşı məlumatlar əldə etmiş olur.

Yaxşı olar ki, Mərkəzi Bankın məsuliyyətli şəxsləri ildə heç olmasa 10-15 sikkə buraxılmasına diqqət etsin. Pul nişanları qızıl olmaya da bilər, əsas odur ki, dünyada yayılsın. Bu zaman Azərbaycanın daha çox tanıdılmasına nail olarıq”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, o cümlədən Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yubiley pul nişanları buraxacaq. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, yubiley sikkələri yubiley mərasiminə qədər ölkəyə gətiriləcək və təqdim olunacaq.

Aysel Aslan