"Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanla bağlı daim qarşıdurma siyasəti aparır. Bu addımları vaxtaşırı ya gücləndirir, ya da azaldır”.
Bunu "Sherg.az”a millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovun yenidən qurumun vitse-prezidenti seçilməsindən danışarkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, qurumun azərbaycanlı deputatlara və digərlərinə qarşı tətbiq etdiyi siyasi oyunların məqsədi onların qətiyyətini sındırmaqdır:
"Belə siyasi oyunlar həyata keçirildikcə, bu qurumun təmsilçiləri özləri-özlərindən dərs götürür, yersiz addımlarından nəticə çıxarırlar. Səməd Seyidova qarşı olan təzyiqlər Azərbaycana qarşı yönəlmiş addımlardır. Ona görə, həmin proseslərin nəticəsində münasibətlərin rəvanlaşması əvəzinə mübahisəli vəziyyət yaranıb. Bu durumdan Azərbaycan deyil, Avropa Şurasının özü ziyan çəkdi. Sözügedən şəkildə cərəyan edən proseslərdə Avropa Şurası imic itkilərinə məruz qalır. Ötən sessiyada "fırtına” qaldıran təşkilatın səyləri boşa çıxdı.
Nə Azərbaycanın mövqeyi dəyişdi, nə də Səməd Seyidovun qətiyyətini sındıra bildilər. Ona görə, ötən sessiyadakı biabırçılıqdan sonra AŞ PA özü də nəticə çıxarıb, Azərbaycan təmsilçisinə qarşı yönələn hücumların qeyri proporsional olduğunu anlayıb. Səməd Seyidovun yenidən vitse-prezident seçilməsinin, ona etimad göstərilməsinin səbəbi də qurumun addımlarından nəticə çıxarmasıdır”.
Qeyd edək ki, prosedur qaydalarına əsasən 2018-ci ilin yanvar ayında AŞPA-nın prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib. Seçkilər zamanı AŞPA-nın prezidenti vəzifəsinə İtaliyadan olan cənab Mişel Nikolleti və vitse-prezidentlər biri AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri olan Səməd Seyidov seçilib.
Lakin cari il İtaliyada keçirilən son seçkilərdən sonra cənab Mişel Nikolleti İtaliya Parlamentinə üzv seçilə bilmədiyi üçün AŞPA-nın prezidenti vəzifəsindən istefa verməli oldu. Bu səbəbdən AŞPA-nın 2018-ci il yay sessiyasının ilk günündə AŞPA-ya yeni prezident və vitse prezident seçkiləri keçirilib. İyun sessiyası çərçivəsində vitse-prezidentlik üçün keçirilən seçkilər zamanı Səməd Seyidov yekdilliklə vitse-prezident seçilib. O, 2020-ci ilin yanvar ayına kimi vəzifəsini icra edəcək.
Aysel Aslan