Neftçalada "KİTABSIZLIQ" :" “Qızıl fond”a yığılası kitablar ayaqlar altında..." - Foto

Son illər respublikamızda rayon və kəndlərdə yerləşən orta məktəblər əsaslı təmir edilib, çoxları yeni binalara köçürülüb. Yenidən formalaşdırılan orta məktəb binalarının kitabxanalarındakı köhnəlmiş kitablar isə ya zibilliyə atılır, ya da yandırılır. 
Tanınmış təhsil eksperti Kamran Əsədov da sosial şəbəkə hesabında kitabxanası bu cür "talan edilən” Neftçala rayonu Astanlı kənd orta məktəbinin köhnə binasından fotolar paylaşıb. 
K.Əsədov "Sherg.az"a deyib ki, yerlə yeksan edilən kitabların içərisində hətta "Azərbaycan Sovet ensiklopediyası”, 1930-40-cı illərdə dərc edilmiş qiymətli kitablar da var:
"Bu kitablar kitabxana qeydiyyatında itmiş, korlanmış, istifadəyə yararsız kitablar kimi qeyd olunur. Mən həmin məktəbdə oxuduğum illərdə kitabxanadan 2400-ə qədər kitab götürüb, oxumuşdum. Ayaq altına atılmış kitabların içərisində kitabxanaçıların mənə oxumağa vermədiyi və ya çoxsaylı xaişlərdən sonra götürə bildiyim yüzlərlə kitab var idi. "Azərbaycan-Sovet nsiklopediyası” satışda yüksək məbləğə təklif olunur, təxmini 200-300 manatdır. Viktor Hüqonun "Səfillər” romanının 1928-ci ildə çap olunmuş versiyası da əski kitablar içərisində idi. Kiril-Azərbaycan əlifbası ilə yazılan həmin kitabların yığılması ilə bağlı müraciət edəcəyəm.
Azərbaycanda kifayət qədər köhnə kitabxanalar var, kitablar yararsız vəziyyətdə qalıblar. Orta məktəblərin maliyyə fondu olmalıdır. Halbuki həmin məktəblərin direktorları o qədər fəaliyyətsizdirlər ki, gözlərini ancaq maaşa dikiblər. Məktəblərdə direktorlar sərgilər keçirə bilərlər, əski kitabları başqa kitab satışı məntəqələrinə satıb, gəlir əldə edə bilərlər. Mən həmin atılmış kitablardan 30-a yaxınını öz şəxsi kitabxanam üçün götürdüm. Yerdə qalanın məhv olmaması üçün də aidiyyəti orqanlara müraciət edəcəyəm”.
Bütün orta məktəblərin kitabxanalarının kitabla təmin olunduğunu vurğulayan ekspert deyir ki, 4472 orta ümumtəhsil məktəbində oxuyan 1,6 milyon şagird kitab oxumur:
"Oxucu qabiliyyəti ona görə azdır ki, məktəblərin kitabxanaları şagirdlərə kitab vermək istəmirlər. Bir neçə ildən sonra həmin kitablar ya yandırılır, ya da zibilliklərə atılır. Elə kitablar qarşıma çıxdı ki, hətta 1925-ci ildə çap olunub, amma orijinallığının, təzələyinin qorunması indiki kitablardan daha yaxşı idi. Aydın görünürdü ki, həmin dövrdə nəşr edilən kitablar indi buraxılanlardan qat-qat keyfiyyətli olub. Bəziləri hətta "Qızıl fond”a yığılası, arxivə göndəriləsi nadir nüsxələr idi.
Bəziləri düşünür ki, həmin kitablar kiril qrafikası ilə çap olunub, oxunmayacaq. Halbuki orta məktəblərdə xarici dil olaraq, rus dili keçirilir və rus sektorunda təhsil alan kifayət qədər şagird var. Biz orta məktəblərdə direktorlar, kitabxanalarla bərabər köhnə kitabların oxu günlərini keçirə bilərik. Mütləq maraq yaranacaq.
Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim ki, köhnə kitablar üçün xüsusi fond yaradaq, atılmış kitabları həmin mərkəzdə toplayaraq, satışını həyata keçirək. Orta məktəblərin maliyyə məsələsini də bu şəkildə yoluna qoymaq olar. Direktorlar isə bu cür pul qazanmaq əvəzinə, uşaqları evə buraxmaq, pul alıb, qiymət yazmaqla pul əldə edirlər”.
K.Əsədov onu da əlavə edib ki, Astanlı kənd məktəbi yeni binaya köçürülüb və köhnə bina məhv olmaq üzrədir:
"Həmin məktəbi cüzi təmir etməklə uşaq bağçası kimi istifadəyə vermək olar. O kəndlərdə uşaq bağçasına hava, su qədər ehtiyac var. Düşünün, nə qədər fəaliyyətsiz şəxslərdir ki, sağlam binanı göz görə-görə məhv olmasına imkan yaradırlar. Bununla bağlı layihələr, sərəncamlar verilsə də, yerli idarə orqanları, məmurlar işləmirlər”.
Aysel Aslan