"...Nəinki orqan köçürülməsi heç meyiti yarmağa icazə vermirlər"





"Avropada bütün xəstələr xəstəxanaya gedərkən onlara bu sual verilir: başınıza bir şey gələrsə, bəzi orqanlarınızın ehtiyacı olan şəxslərə köçürülməsinə etiraz etməzisiniz?”

Bunu "Sherg.az”a Azərbaycanda meyitdən orqan köçürülməsi ilə bağlı konsepsiyanın hazırlanmasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu söyləyib. 

O bildirib ki, insanlar orqanlarının başqasına həyat verəcəyi fikrini mənimsəməlidirlər:

"Bəzən ölən adamın yaxınları meyiti heç yarmağa belə icazə vermir. Əslində ölünün yaxınlarının minnəti olsun ki, həmin şəxsin sağlam orqanları başqasına həyat verəcək. Zamanla bu konsepsiya insanlar tərəfindən qəbul ediləcək. Hər bir yeniliyə müqavimət olur, bu da yeni konsepsiya olduğundan əvvəl müqavimət olacaq. 

Lakin insanları lazımınca məlumatlandırmaq, yüksək maarifləndirmə həyata keçirmək lazımdır. Bununla da yavaş-yavaş insanlar özləri başa düşəcək ki, insan ölün, torpağa qarışacaq, amma orqanları yüzlərlə insana həyat verə bilər. Təbii ki, belə olduqda konsepsiyanın effektiv nəticələri olacaq”.

S.Cəlaloğlu onu da əlavə edib ki, insanlar bu məsələdə həkimlərə də güvənməlidir:

"Onları yetərincə məlumatlandırmaq lazımdır. Bizim kimi cəmiyyətlərdə səhiyyə bəzən yanlışlara yol verir. Xəstələrdə ölüm riski olduqda, orqanlarını çıxarmağa cəhd "həkimlər” də olur. Ona görə, yeni prosedurları cəmiyyətə təqdim edərkən sui-istifadə hallarını kökündən həll etməliyik”.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazıminin sözlərinə görə, hazırda dövlət tərəfindən ehtiyacı olan xəstələr üçün meyit orqanlarından istifadə etmək üçün müəyyən konsepsiya işlənilir.

Aysel Aslan