"Nəticəsiz görüşlər ümidləri azaldır" - Dağlıq Qarabağ düyünü açılmır ?

"Son dövrlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müəyyən hərəkətlilik müşahidə olunur".
Bu barədə "Sherg.az”a politoloq Elşad Mirbəşiroğlu danışıb. 
O vurğulayıb ki, zaman-zaman müşahidə etdiyimizi bu cür hərəkətlənmələr münaqişənin tənzimlənməsi istiqamətində konkret irəliləyiş yaratmayıb:
"Hesab edirəm ki, hazırkı məqamda da münaqişənin tənzimlənməsi istiqamətində müzakirələrin intensivləşməsi real perspektivlərdən xəbər vermir. Bir həqiqət var ki, münaqişənin tənzimlənməsində vasitəçi qurum – ATƏT-in Minsk qrupu bu məsələdə mövqeyini hələ də dəqiqləşdirməyib. Mövqe Ermənistanın işğalçı dövlət kimi tanınması olmalıdır. Ermənistan prezidenti Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi geyimdə səfərlər edir, hərbçilərinin toplantısını keçirir və digər separatçı hərəkətlərə yol verir. 
Münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan vasitəçi qurumlar və dövlətlər heç bir reaksiya vermir. Serj Sarkisyanın, digər erməni rəsmilərinin belə addımlar hər şeydən öncə vasitəçiləri ciddi narahat etməlidir. Çünki bu cür hərəkətlər onların vasitəçilik addımlarına ciddi xələl gətirir, öz prinsiplərini yerinə yetirməsinə mane olur. Təəssüf ki, belə mövqeni bu gün görmürük. Vasitəçilər bu günə qədər tez-tez eşitdiyimiz fikirləri təkrar edirlər”.
Nəticəsiz görüşlərin münaqişənin tənzimlənməsi imkanlarına ümidləri azaltdığını vurğulayan politoloqun sözlərinə görə, mövqelərin uzlaşdırılmasına gətirib çıxaran, münaqişənin tənzimlənməsi istiqamətində müsbət nəticələr verəcək görüşlər keçirilməlidir:
"Ermənistanın işğalçı dövlət olması ilə bağlı qəti mövqe mövcud deyil. Həmçinin Ermənistan özünün separatçı addımlarında davam edir. Düşmən status-kvonu ciddi cəhdlə saxlamağa çalışır. Bu cür addım atan dövlətə qarşı real sanksiyalar həyata keçirilməli olduğu halda həmin istiqamətdə hər hansı təşəbbüs belə yoxdur. Bütün bunları nəzərə alaraq münaqişənin tənzimlənməsi istiqamətində real addımların olmadığı qənaətindəyəm. Münaqişənin tənzimlənməsində maraqlı olan yeganə tərəf Azərbaycandır. Dövlətimiz beynəlxalq normalara əməl olunmasını dəstəkləyir və hər bir addımı, bəyanatı ilə bunu dəstəkləyir. Ermənistan da belə mövqe nümayiş etdirsəydi, yaxud buna vadar edilsəydi, o zaman münaqişənin tənzimlənməsi mümkün olardı. Hazırda belə reallıq mövcud deyil”.
Qeyd edək ki, son günlərdə Dağlıq Qarabağ münaqişəsi ətrafında intensiv görüşlərin keçirilməsi, danışıqların həyata keçirilməsi bu istiqamətdə irəliləyiş, yeni təkliflər olması haqqında təəssürat yaradıb.
Aysel Aslan