Niyə körpələrin əksəriyyəti kəllədaxili təzyiqlə doğulur? - İZAH
Azərbaycanda hər il yeni doğulan 1000 körpədən 10-u ölür. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib. O qeyd edib ki, əgər hər il 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir. Son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promilli təşkil edir, yəni hər 1000 yeni doğulan uşaqdan 10-u ölür. R.Hüseynov vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb.
Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda diridoğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Baş neonatoloq əlavə edib ki, yeni meyarlara əsasən çəkisi 500 qr-1 kq olan az çəkili uşaqlar da diridoğulanların siyahısına daxil edilib: "Nəticədə 2015-ci ildə körpə ölümü faizi 0,8 faiz artıb. Lakin bu artım yalnız həmin ildə müşahidə olunub və 2016-cı ildə azalmağa doğru gedib. Ötən il yeni meyarlara əsasən dünyaya gələn və sağ qalan uşaqların sayı 2 dəfə artıb. Əgər 2015-ci ildə yeni meyarlara əsasən doğulan 267 körpədən 96-sı sağ qalmışdısa, 2016-cı ilin 6 ayı ərzində 106-sı sağ qalıb”.
Uşaq ölümlərində artım var
Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev də KİV-ə verdiyi açıqlamada 1990-cı illərin əvvəllərilə müqayisədə, 25 il ərzində Azərbaycanda uşaq ölümlərinin 3 dəfəyə qədər azaldığını, lakin 2015-2016-cı illərdə uşaq ölümlərinin 2 promilli artdığını demişdi. Baş pediatr da bu göstəricinin diri doğulmanın yeni meyarlarına keçidlə bağlı olduğunu vurğulamışdı: "Əvvəl 500 qram çəkidə dünyaya gələn uşaq kimi qiymətləndirilmir, gecikmiş düşük adlandırılırdı. Amma indi onlara da diri doğulan kimi yanaşıldığından uşaq ölümlərinin sayında artım var. 22-28 həftə ərzində dünyaya gələn uşaqlarda yaşama şansı az, ölüm riski çox olduğuna görə, 2 promilli (1 promil əhalinin mində bir hissəsidir. Uşaq ölümləri promillə ölçülür) artım var. Yəni, bizdə hər min nəfərə 2 nəfər uşaq ölümü baş verir. Bu da təbiidir və bu gün üçün qənaətbəxşdir. Biz çalışırıq ki, göstəricilərimiz dünyanın inkişaf etmiş ölkələrinə bərabər olsun. Hazırda bizdə körpə ölümləri 10-12 promilli arasında dəyişir. İstəyimiz odur ki, göstəricini 4-5 promilliyə çatdıraq”.
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında hətta bir körpə ölümünün də arzuolunmaz bir hal hesab edildiyini bildirdi:
- Körpə ölümlərinin məlum statistikası, ölçü vahidi, dünya üzrə qəbul olunan normalar və s. mövcuddur. Lakin hamımız bilirik ki, hətta bir körpənin ölümü də arzuolunmazdır. Körpə ölümü ana üçün böyük psixi travmadır. Əlbəttə, istəyimiz budur ki, körpələr vəfat etməsin, dünyaya sağlam gəlsinlər. Həkimlər də məhz buna çalışır. Ana və ya körpə ölümü hər bir həkim üçün qəbulolunmazdır. Hansı həkim istəyər ki, pasiyentini itirsin?! Söhbət körpədən gedirsə, məsələ lap ciddiləşir. Amma bilməliyik ki, körpə ölümləri səbəbsiz baş vermir. Burada bir çox səbəblər var. Əvvəla, körpələrin böyük əksəriyyəti kəllədaxili təzyiqlə doğulur. Doğuş zamanı travmaların alınması beyin daxili təzyiqi şərtləndirir. Mərkəzi və periferik sinir sistemi xəstəliklərinin geniş yayılması da bununla bağlıdır. Amma sizə deyim ki, təkcə travmalarla dünyaya gələn körpələrdə deyil, travmasız doğulmuş körpələrdə də çox zaman beyindaxili təzyiq müşahidə edilir. Bilirsiz, burada yalnız bir səbəb axtarmaq düzgün deyil. Bir çox amillər belə vəziyyətin yaranmasını şərtləndirir.
Səbəblərsə çoxdur...
Ş.Namazova qeyd etdi ki, ekoloji tarazlığın pozulması, ətraf mühitdə baş verənlər, ananın hamiləlik dövründə qidalanmasından tutmuş, keçirdiyi hər hansı sarsıntıya qədər hər bir şey körpənin sağlam doğulub-doğulmamasına öz təsirini göstərir:
- Qidalanma hamiləlik dövründə xüsusi əhəmiyyət daşıyır. Amma nə edəsən ki, ekoloji təmiz qidalar tapmaq da son illər çətinləşib. Süni qidalarla qidalanan insanda hər hansı xəstəliyin, anomaliyanın olacağı da gözləniləndir. Biz həkimlər hər zaman analara körpəni ana südü ilə qidalandırmağa çağırırıq. Ana südü misilsizdir. Baxın, ana südü ilə qidalanmış körpələrə və süni qidalarla qidalanmış körpələrə. Aralarında çox böyük fərq var. Həm fiziki göstəricilər, həm bioloji, tibbi göstəricilər, sağlamlıq baxımından. Körpə ana südü ilə qidalanmırsa, bu, artıq bütün bir ömür boyu problemli yaşamaq deməkdir. Ana südü ilə qidalanmayan körpələrdə həzm sistemi pozğunluqları, qəbizlik yaranır. Bu problemlər uşaq böyüdükcə digər problemlərə və xəstəliklərə yol açır.
Qız uşağıdırsa, o, sabah ana olacaq, oğlan uşağıdırsa, o da ata olacaq. Uşaq gərək özülündən sağlam olsun ki, gələcəkdə sağlam nəsil dünyaya gətirsin. Körpə ölümlərində düzgün getməyən, pozulmuş hamiləliklərin rolu böyükdür. Bəzən pasiyentlər vaxtında həkimə müraciət etmirlər, gecikmiş halda xəstəxanaya gəlirlər və həkim də məcburiyyət qarşısında pasiyenti əməliyyat masasına qaldırmalı olur. Hamilə qadın 9 ay müddətində ciddi nəzarət altında olmalıdır.
Ümumiyyətlə, qadınlar, gənc xanımlar ginekoloji yoxlamalara ciddi yanaşmalıdırlar. Bütün xəstəliklərdə, bütün hallarda erkən diaqnoz, pasiyentin vəziyyətinin əvvəlcədən müəyyənləşməsi həkim üçün də, pasiyent üçün də zəruri əhəmiyyət daşıyır. Gənc xanımlar sağlamlıqlarına ciddi yanaşmalıdırlar. Xüsusən də hamiləlik dövründə. Hamilə qadın vaxtlı-vaxtında tibbi müayinələrdən keçməlidir.
Tələb olunan analizləri verməlidir ki, hamiləliyin necə keçdiyi bilinsin. Əgər bir problem varsa, öncədən qarşısı alınsın. Təəssüf ki, müxtəlif səbəblərdən xanımlar hamiləlik dövründə həkimə az müraciət edirlər. Bəzən səhlənkarlıq edir, təhlükəli viruslara qarşı önləm almırlar. Bunlar da nəticə etibarilə bəzən dölün inkişafdan qalmasına, bəzən hamiləliyin yarımçıq kəsilməsinə, ya da zəif, qüsurlu körpələrin doğulmasına gətirib çıxarır.
Qadın məsləhətxanaları, poliklinikalar, sahə həkimləri də bu məsələyə ciddi yanaşmalıdır. Hamilə qadınların qeydiyyata alınmasını təmin etməlidirlər, məcbur etməlidirlər ki, qadın müayinələrdən keçsin. Bu, həm gələcək ana üçün, həm də doğulacaq körpə üçün zəruridir. Analar sağlamlıqlarına biganə yanaşmamalı, doğulacaq körpələrinin sağlamlığına da, hətta deyərdim ki, sağ qalmalarında da böyük məsuliyyət daşıyırlar. Hazırda tibbi maarifləndirmə geniş yayılıb. İnternet resursları var. Gələcək analar özləri hamiləliyin şərtləri ilə maraqlanmalı, hamiləliyin gedişatını bilməli, kiçik bir şübhə yarandıqda dərhal həkimə müraciət edib, sağlamlıqlarına biganə qalmamalıdırlar.
Məlahət Rzayeva