Növbəti ayın ortalarında qarpızın qiyməti aşağı düşəcək" - Açıqlama

"Qarpızın qiymətinin bir müddət bu həddə davam etməsi gözlənilir”
Bu sözləri "Sherg.az”a bazarlarda qarpızın bahalaşmasının səbəblərini izah edərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib.
Onun sözlərinə görə, ilin indiki dövründə qarpızın qiymətinin baha olması normal haldır:
"Hazırda bostan qarpızı satışa tam olaraq cəlb olunmayıb. İndi satışda olan qarpızlar ehtiyatda olanlardır. Onlar da bu vaxtlar qutarmaq üzrədir. Buna görə də qarpızın qiymətində kəskin bahalaşma müşahidə olunur. Amma bu tendensiya çox uzun müddət davam etməyəcək. Artıq növbəti ayın ortalarında qarpızın qiyməti aşağı düşəcək. 
Çünki ehtiyatda olan qarpızlar qutarandan sonra bostan qarpızları satışa cəlb olunacaq. Həmin vaxt isə qarpızın qiymətində kəskin ucuzlaşma müşahidə olunacaq. Amma bir müddət keçid dövrü ilə bağlı olaraq qarpızın qiyməti bu həddə qalacaq. Təxminən növbəti aydan başlayaraq qiymətlər düşməyə başlayacaq”.
Qarpızın zərərli tərəflərindən danışan E. Hüseyinov onu da bəyan edib ki, satışda olan qarpızların kehfiyyətində çox ciddi problemlər var:
"Artıq üç ildir ki, əlimizdə olan xüsusi cihazla qarpızın tərkibindəki nitratların miqdarını ölçürük. Bzarlarımızda olan qarpızların 90 faizinin tərkibindəki nitratlar miqdarı normadan qat-qar artıqdır. Bu da əhalinin sağlamlığı üçün ziyandır. Nitratların miqdarından çox olması əhalinin kütləvi zəhərlənməsinə yol açır. Bunun qarşısını almaq lazımdır. Çox təəssüf edirəm ki, Qida Təhlükəsizliyi Agendliyi bu barədə susur. Məsələ ilə bağlı əhaliyə heç bir məlumat vermir”
Qeyd edək ki, bir neçə gün bundan öncə qarpızın bir kiloqramı 20-30 qəpiyə satırısa hazırda 50-60 qəpiyə satılır. İki gündür ki, qarpızın qiymətində 30-40 qəpik artım var.
Kənan Eynuroğlu