"Nurayın xalası onu 7 il saxlayıb, böyüdüb, atanı da valideyn hüququndan özbaşına məhrum edib”.
Bunu Sherg.az-a Quba sakini Nuray Bayramzadənin məsələsinə hüquqi qiymət verən hüquqşunas İradə Cavadova deyib.
O bildirib ki, məsələnin müzakirəsi zamanı insanlar daha çox uşağın atası ilə qalmaq istəməməsini qabardır. Lakin fərqli məqama diqqət etməliyik:
"Məsələ burasındadır ki, Nurayın anası vəfat edəndən sonra anladığım qədərilə atası övladını almaq istəyib. Ananın qohumları onun ölümünü bəhanə edərək, zaman istəyib və beləliklə, məsələ ləngidilib. Ata deyir ki, mən 7 ildir məhkəmələrdəyəm. İndi Nurayın 10 yaşı var və ata məhkəmələrdə olduğu vaxtda uşaq böyüyüb, atasını tanımayıb. Tanımadığı üçün təbii olaraq, atanı istəməyəcək. Uşağın atasını görməməyi ata istəmədiyi üçün deyil, buna imkan verilmədiyi üçün belə alınıb. Ata uşağı istəyibsə, ana tərəfi ən azından onun Nuraya yaxınlaşmasına şərait yaratmalı, təhsili, sağlamlığı, tərbiyəsi ilə maraqlanmağa, övladı ilə vaxt keçirməyə imkan verməli idi. Hətta hesab edirəm ki, ata gəlməsə belə, qohumlar onu məcbur edib, üstünə düşməli idilər ki, bu uşaq sənin də övladındır. Ata evlənib və başqa övladı da var. Nurayın həmin uşaqlarla ünsiyyəti məsələsi də ortaya qoyulmalıdır. Hər iki tərəf uşağın mənafeyini qorumalı olduğu halda, hərə öz mənafeyini düşünür və bundan əziyyət çəkən isə Nuray olur”.
İ. Cavadova qeyd edib ki, ata qəyyum müəyyən olunduğunu söyləsə də Qəyyumluq Şöbəsi bu haqda heç bir məlumat verməyib, üstəlik ata Nurayla görüşə dəvət edilməyib və ona bildirilməyib:
"Bütün bunlar onu göstərir ki, Nurayın xalası və digər qohumları atanın maraqlanmadığını deyərək, aldadıb. Hesab edirəm ki, Qəyyumluq Şöbəsi də məsələyə məhsuliyyətsiz yanaşdığından günahkarlardan biri də onlardır. Videoda açıq-aşkar görünən və ictimaiyyətdə haqlı olaraq qınanan bir məsələ də icraçıların kobud hərəkətləridir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, əlimdə 5-6 ildir ki, icra olunmayan məhkəmə qərarları var. Məsələn, bu yaxınlarda Nərimanov rayonun icra şöbəsində uşaqla ünsiyyət barədə problem yaşanmışdı. Rəsmən boşanan ailənin azyaşlı övladı atası ilə ünsiyyət qurmaq istəmir, atasından qorxurdu. İcraçı zorla 11 yaşında uşağı sürükləyir, anadan alıb, ataya verir. İcraçıların bu cür davranmasının adını qəddarlıqdan başqa bir şey qoya bilmirəm. Övlad anaya şərt qoyur ki, məni atamla görüşdürsən, buna imkan versən özümə qəsd edəcəm. Ana qorxduğuna görə məhkəməyə müraciət edir ki, uşaq valideynlə görüşmək istəmir. İcraçı isə dirənir ki, mütləq qaydada məhkəmə qərarı icra olunmalıdır. Məhkəmə qərarında yazılıb ki, uşaq ataya verilməlidir. Artıq övladın 10 yaşı varsa, ondan fikri soruşulur və uşaq atasını istəmirsə, bununla məsələ bitir. Zor tətbiq etməklə bunu həll etmək mümkün deyil”.
Xanım hüquqşünas atasının Nurayı zorla aparmaq istəməsinə diqqət çəkib. Yenə də Nurayın məsələsində atanı qınaya bilmədiyini deyən İ. Cavadova Azərbaycanda boşanma etikasının olmamasını kəskin pisləyib:
"Tendensiya belədir ki, boşandınsa, uşaq qalır ortada, atanın vecinə olmur, sanki ana bu uşağı ata evindən gətirib. "O uşaq, o sən özün bilərsən” - deyib, aliment üstündə qırğına başlayırlar. Əksər hallarda atalar saxta yollarla alimentdən yayınırlar. Boşanmalarda ən böyük travmanı yaşayan uşaqlar olduğuna görə, valideynlər bir-birinə düşmən kəsilməkdənsə, övladlarının gələcək həyatı üçün birlikdə çalışmalıdır. Nurayın məsələsi ilə bağlı ümid edirəm ki, Ədliyə Nazirliyi düzgün qərarı verəcəkdir. İcraçıların həmin davranışlarına qarşılıq uyğun ölçü götürülməlidir. Atanın mövqeyini isə anlayıram ki, o sadəcə 7 ildir övladına həsrət qalıb və ünsiyyət yaratmaq istəyir. Ata valideynlik hüquqlarını icra etməlidir və uşağı da onun əleyhinə istiqamətləndirmək lazım deyil”.
Qeyd edək ki, bir neçə gündür Quba rayon sakini, 10 yaşlı Nuray Bayramzadənin bioloji atasına verilməsi ilə bağlı qalmaqal yaşanır. Məhkəmənin qəbul etdiyi qərarın icrası prosesində yaşanan insidenti əks etdirən videonun sosial şəbəkələrdə yayımlanması böyük səs-küy yaradıb.
Aysel Aslan