"O səs Azərbaycan"a 3 milyon manat xərcləndi, nəticə olmadı

Oqtay Əliyev: "Fikrimiz var ki, "Yeni ulduz" layihəsinə yenidən start verək"
"Gəncdir deyib çatan onları söyüb yıxır. Gənc olanda nə olar, onlar bir çox ahıl yaşlı müğənnilərdən daha istedadlıdır"


Azərbaycan səhnəsində son 2-3 il ərzində sanki boşluq yaranıb. Nə illərdir səhnədə olan müğənnilərin maraqlı layihələrini görə bilirik, nə də gənc nəslin fərqli performansla diqqətimizi çəkə biləcək çıxışlarını. İllər əvvəl mütəmadi olaraq «Yeni ulduz» layihəsi boyunca Azərbaycan səhnəsinə yetərincə gənc ifaçı gələ bildi. Onlar müsabiqədə iştirak etdikləri müddətdə səhnə mədəniyyətinə sahib olmaqla yanaşı, peşəkarlarla əməkdaşlıq etməklə təcrübə qazanmış olurdular. Xalq artisti Mübariz Tağıyev kimi sənətkardan səhnə mədəniyyəti öyrənmək, musiqiləri mənimsəmək, musiqi texnikasından xəbərdar olmaq gənclərə imkan yaradırdı ki, həm potensiallarını sərgiləsinlər, həm də efirdə tanınsınlar. Hərçənd «Yeni ulduz» müsabiqəsini bəzən tənqid edənlər də oldu ki, bu qədər müğənni hara axın edir? "Hər il belə müsabiqəni keçirməyə ehtiyac varmı" deyə söz xatirinə danışanlar da oldu. Müsabiqə təşkilatçıları da bir müddət fasilə vermiş oldular. 

Nəticə maraqlıdır yəqin. Bir neçə ildir Azərbaycan səhnəsinə maraqlı gənc ifaçılar gəlmir. Axın çoxdu, seçilənlər isə yoxdur. Bir dönəm Azərbaycan səhnəsi məhz «Yeni ulduz», «Xalq ulduzu» müsabiqələrindən tanınan gənclərin hesabına zənginləşmiş oldu. Ən azı məhz o müsabiqənin məhsulları sayılan bir çox müğənnilər bu gün populyardır, bir çoxlarının adını çəkə bilərik ki, «Yeni ulduz»un yetirmələri sayılır. Düzdür, illər sonra «O səs Azərbaycan» layihəsi keçirilsə də, səmimi olsaq, bu yarış o qədər də maraqla izlənmədi. 

Müəyyən kütlə müsabiqəni izləsə də, kütləvi bir maraq yarada bilmədilər. Dövlət Televiziyası bu müsabiqənin rəsmi lisenziyası üçün səhv etmiriksə, 1 milyona yaxın vəsait ödəmişdi, layihənin ərsəyə gəlməsi, onun dekorasiya və digər texniki tərəfləri ümumilikdə təxminən 3 milyon manat civarı əhatə edirdi. Amma 3 milyonluq layihənin nəticəsi heç də gözlənilən qədər ola bilmədi. 

Elə bu mövzuyla bağlı uzun illər televiziya layihələrinin rəhbəri, «Yeni ulduz» müsabiqəsinin əsas yaradıcılarından və səlahiyyətlilərindən sayılan Oqtay Əliyevlə əlaqə yaratdıq. Oqtay Əliyev «Şərq»ə açıqlamasında səhnəmizdə bugünkü boşluğun, sönüklüyün səbəblərindən danışdı: 

«Çox təşəkkür edirəm ki, bu mövzuya toxunursuz. Bu gün çox jurnalistlər səti yazılarla kifayətlənirlər. Belə köklü məsələlərdən yazmaq, bu barədə bir araşdırma aparmaq əziyyəti çəkmirlər. Həqiqətən səhnə üçün köklü bir problemdir.

 Əslində bizim də fikrimiz var ki, bu layihəyə yenidən start verək. Məlumdur ki, Dövlət Televiziyasının təşkilatçılığı ilə 2 il əvvəl «O səs Azərbaycan» oldu. Sözün açığı, bu layihədən daha böyük dalğa gözləyirdim. Amma nədənsə, o dalğanı görə bilmədik. Efirlərdə demək olar ki, o layihənin iştirakçılarını görə bilmədik. Biz «Yeni ulduz» layihəsinə start verən gündən mətbuatla işbirliyi qurduq. 

O zamanlar saytlar yox idi, qəzet jurnalistlərini dəvət edirdik, onlarla müsabiqə boyu əməkdaşlıq edərək layihə barədə maraqlı məqalələr hazırlanırdı, tənqidləri qeyd edilirdi. Biz elə etməliyik ki, həyata keçirdiyimiz layihələr xalqımıza, xalqın ruhuna yaxın olsun. Biz xalqımızdan uzaq duranda onda heç nə alınmır. Belə bir müqayisə deyim. Biz deyək ki, Pifaqor kimi düşünüb, Nəsibə xala kimi danışmalıyıq. 

Nəsibə xala kimi düşünüb, Pifaqor kimi danışsaq, onda aləm dəyər biri-birinə. Xalqın qəbul etdiyi dillə danışaq ki, onlar da yeniliyi qəbul edib, həzm etsinlər. Bizim «Xalq ulduzu», «Yeni ulduz» layihələrində xalq mahnılarına, türk musiqisinə, Avropa musiqisinə də yer verilirdi. Yəni tamaşaçıya yaxın dildə təqdim edirdik ki, onlar üçün də maraqlı olsun. Bu gün təqdim olunan layihələrin formatı bir qədər fərqlidir. Böyük məbləğ xərclənib «O səs Azərbaycan» üçün. Təxminən 3 milyona başa gəlib. 

Amma nəticə tam deyil. 16 "Yeni ulduz" layihəsi həyata keçirdik. Hər müsabiqədən 1 qalib oldu. Eyni zamanda ümumilikdə 80-90 nəfər iştirakçısı var idi. Onların da hamısı üzərlərində işləmədilər. Amma yenə az-çox səhnədə qalanlar oldu. Həmin iştirakçılar arasında hətta muğam müsabiqəsinə gedənlər də oldu, qalib olanı da. Bu, gənclərə olan dəstək idi. Sizin kimi jurnalistlər mətbuatda bir az çox olsa, Azərbaycan səhnəsində təsadüflərin sayı da azalar. 

Çünki tənqidlər olar, peşəkar musiqi təbliğ edilər. Belə bir fikrimiz var ki, mətbuat nümayəndələri ilə görüş keçirək, inşallah, yenidən «Yeni ulduz» layihəsinə start verək. Daha fərqli formada, maraqlı formatda tamaşaçı qarşısına çıxmağı düşünürük».

Oqtay Əliyev gənclərə dəstəyin vacibliyi məsələsinə də toxundu: «Biz verilişlərə nə qədər yeni simaları, eyni adamları dəvət etməliyik? Hətta o gün verilişlərin birində də qeyd etdim - dünən efirə çıxan ifaçı tələb edir ki, verilişə tək gəlmək istəyir. 

Niyə tək gəlməlisən? Sən 2 saatlıq efirə hansı savadınla, hansı intellektinlə, maraqlı ifa tərzin, performansınla gəlirsən ki, 2 saat efiri doldurmağa gücün yetsin və məni təəccübləndirə biləsən. Digər məsələ də odur ki, hər verilişin öz xarakteri və xüsusiyyəti var. Elə verilişlər var ki, orda fikir mübadiləsi aparılır, müzakirələr olur. Hamı ulduzluq eşqi ilə yaşayır. 

Mətbuatla görüşmək istəyirəm. Başqa bir məsələdir ki, gənclərə dəstək vacibdir. Gəncləri sıxmaq da doğru deyil. Gənclər arasında kifayət qədər istedadı olanlar var. Onlar zamanla maraqlı layihələrə imza ata bilərlər. Amma gənc deyib köhnə müğənnilər sıxır onları. O gün Əli Mirəliyevlə bir verilişdə idik, ona iradımı bildirdim. Sən yekə ağsaqqal kişisən. 

Deyirsən ki, indiki gənclərin hamısı savadsızdı. Dedim bir dayan. 18-20 yaşlı gənclər var ki, onların istedadı var. Sadəcə onlara yol açmaq lazımdı. Soruşuram ki, sən Əli Mirəliyev indiyə qədər hansı gəncə dəstək olub bir not öyrətmisən? Deyir, "ala, o mənim işim deyil". Bəs kimin işidir? Bəs niyə yekə-yekə danışıb gəncləri tənqid edirsən. O dönəmlər keçdi. Gəncdir deyib çatan onları söyüb yıxır. Gənc olanda nə olar, onlar bir çox ahıl yaşlı müğənnilərdən daha istedadlıdır. Gənclərə dəstək üçün addımlar atmalıyıq. İllərdir səhnədə olmaq gəncləri savadsızlıqda suçlamağa əsas vermir. Ayıbdı. Sən özün sənətdə nə etmisən ki, gənclərdən nəsə tələb edirsən?

Tahirə Məmmədqızı