“Oğlumu düşündüyüm üçün ikinci dəfə ailə qurmadım”

Hüsniyyə Mürvətova: “İnşallah, onu evləndirəndən sonra mən də gələcəkdə ailə qurmağı düşünərəm”




Qadın elə bir mövzudur ki, onu nə qədər incələsən də, araşdırsan da yenə də yenidir. Hər bir millətin mədəniyyəti, əxlaqı, gələcəyi həm də ölkənin qadınlarının çiyinlərinə düşür. Qadınlar bütün varlılığın, canlılığın özüdür. Elə "Şərq”in budəfəki qonağı da xanım olaraq aktrisa olaraq maraqlıdır. Əməkdar artist Hüsniyyə Mürvətovanın qadın dünyasını tanımaq, onunla həmsöhbət olmaq istədik. Onu tanımağa dəyər. Bir az ruh dünyasına bağlı, bir az da həyatın reallıqları qarşısında sərt durmağı bacaran qadın - Hüsniyyə Mürvətova ilə söhbətimizi təqdim edirik.

- Səhnədə olmaq, teatrda çalışmaq qadın üçün o qədər asan deyil. Bu doğrudanmı belədir?
- Bu gün sənətdə, səhnədə olmaq o qədər çətin deyil. Diqqət yetirsəz, görərsiniz ki, valideynlər özləri arzulayır ki, uşaqları səhnədə olsun, podiuma çıxsın. Bizə yaxınlaşırlar ki, uşağımız, qızımız podiumda olsun. Bu gün sənətə gəlmək o qədər çətin deyil. Bizim dövrümüzdə isə səhnəyə gəlmək çox çətin idi. Mənim valideynlərim səhnəyə gəlməyi qətiyyən istəmirdilər. Mane olmağa çalışdılar. Atam sənətə gəlməyimə qadağa qoymuşdu. Amma istedadı olan insanın yolunun kəsmək olmur. Hətta bir teatrdan çıxanda atam istəmirdi başqa bir teatrda aktrisa kimi fəaliyyətimi davam etdirim. Onlara etiraz olaraq bir həftə ac qaldım. Yeyə bilmirdim. Çünki ruhum küskün idi. Gördülər ki, mümkün deyil. Mən səhnəsiz yaşaya bilməzdim.

- Bu sözü bəzən çox dilə gətirirlər, səhnəsiz yaşaya bilmərəm...

- Balığı sudan çıxarsanız yaşaya bilərmi? Yox. Aktyor da səhnəsiz, filmsiz, dublyajsız yaşaya bilməz. Təbii ki, əgər bu insanın ruhu, canı sənətlə döyünürsə səhnəsiz solar, ölər. Barmaqarası baxanları nəzərdə tutmuram. Bəziləri şöhrət üçün sənətə gəlir. Sadəcə, tanınmaq istəyi ilə səhnəyə çıxmaq başqadı, səhnə ilə yaşamaq başqa. Nə onlar səhnədə olmasa səhnə heç nə itirməz, nə də onlar səhnəsiz heç nə itirmirlər.

- Ailə quranda necə, həyat yoldaşınızın qadağaları oldumu?

- Doğrusu, həyat yoldaşım yeni evlənəndə bir az qısqanclıq etdi ki, işləməyəcəksən, səhnəyə çıxma, filan. Amma qayınanam da, qayınatam da sənət adamları olduqları üçün mənim sənətdə olmağımı dəstəklədilər. Oğlanlarına bildirdilər ki, sən o xanımla ailə quranda aktrisa ilə evlənmisən. Səhnədə olan istedadlı birini səhnədən uzaq saxlamaq doğru deyil. Zamanla yoldaşım da qəbul etdi. O özü də rejissor idi. Bir yerdə işlədiyimiz vaxt da olurdu.

- Çətin deyildi həyat yoldaşınızla eyni sahədə çalışmaq?

- Çətin tərəfi də olub, asan tərəfi də. Təbii ki, hər bir kişi kimi o da qısqanırdı. Sevəndə qısqanclığın olması normaldı.

- Onda həyat yoldaşınızdan səhnə üzündən ayrılmamısız?

- Qətiyyən. Sadəcə zamanla anladıq ki, xasiyyətlərimiz tutmur.

- Bir oğlunuz var. Onunla münasibətləriniz necədi? Dost ola bilirsiz, ya valideyn övlad münasibətlərinə üstünlük verirsiz?

- Oğlumun 18 yaşı var. Türkiyədə təhsil almağa hazırlaşır. Çalışıram ki, onunla dost ola bilim. Münasibətimizdə dostluq üstünlük təşkil edir. Hərdən mənimlə elə zarafatlar edir ki, deyirəm, oğul mən sənin dostun deyiləm, ananam. Çox səmimi münasibətimiz var. Amma eyni zamanda, məndən çəkindiyi qədər də həyatda heç kimdən çəkinmir.

- Demək istəyirsiz sərbəst böyütmüsüz?

- Sərbəst böyütməmişəm. Deməzdim, amma özü sərbəst düşüncəli gəncdir. Macərapərəstdir. O sərbəstliyi ona vermirəm. Zaman gələr sərbəst addım atmağına da imkan yaranar.

- Bəs nə əcəb ikinci dəfə ailə qurmadınız?

- Elə oğlumu düşündüyüm üçün ikinci dəfə ailə qurmadım. İstəyirəm o elə bir yaşa çatsın ki, ali təhsil alsın, evlənsin. Həyatımı ona həsr etmişəm. İnşallah, onu evləndirəndən sonra mən də gələcəkdə ailə qurmağı düşünərəm. Həyatdı. İnsan bir yaşdan sonra sirdaşa, dərd ortağına ehtiyac duyur. Niyə də olmasın.

- Bəlkə bu günə qədər yenidən sevə biləcəyiniz insan qarşınıza çıxmayıb?

- Ola bilər. Bəlkə də bu da səbəb olub. Bəlkə o insan qarşıma çıxsaydı ailə qurardım.
- Qadın üçün tənhalığı yaşamaq yəqin ki çətin olar...
- Mənim üçün tənha olmaq daha asandı.

- Bəlkə özünüzü aldadırsız?
- Bilmirəm. Nə deyim... Artıq neçə illərdi təkəm, alışmışam.

- Bəlkə sərbəst yaşamaq istəyinizdən irəli gəlir?

- Əslində tək də olsam, mənim özümə qoyduğum xüsusi qadağalar, qaydalar var. Mən o sərbəstlikdən kənara çıxmıram.

- Bəs sevgiyə münasibətiniz necədi? Sevgiyə inamınız varmı?

- Sevgiyə artıq inanmıram. Sevgiyə dəyər verən insanam. Sevgiyə hörmətim var. Təbii ki, sevmişəm. Həyat yoldaşımla ailə qurarkən sevib ailə qurmuşam. Hüsniyyə xanım sevmədən yaşaya bilməz.
- Onda sevgi bir gün bitə bilir...

- Bəli, sevginin bitdiyi nöqtə ola bilir. Onda nöqtə qoymaq lazımdı.

- Sevgidən ağlayan vaxtınız olub?

- Yox, olmayıb. Amma yetərincə ağlatdığım olub. İnanın ki, qarşımda ağlayan çox olub. Tələbə vaxtı mənim qarşımda ağlayan olub. O insana hörmətim var. Sevgidən ağlamaq zəiflik, utanc deyil. Sevməyi də hər insan bacarmır. O da bir Allah vergisidir. O insan məni çox sevirdi. Sadəcə anladım ki, o insanla ailə qura bilmərəm.

- Bu gün qarşınıza daha imkanlı, sizi sevən bir insan çıxsa səhnədən uzaqlaşmağınızı istəsə, seçiminiz maraqlıdı.

- Qətiyyən. Mən bu sənətə vurğunam. Atama görə atmadığım sənəti heç kimə görə atmaram.
- Arzuladığınız, amma bu günə qədər oynamadığınız rol varmı, orda tam Hüsniyyə xanım potensialını göstərə bilər.

- Var. Arzusunda olduğum bəzi obrazlar var. Təbii ki, hər bir aktrisanın səhnədə arzuları olur. Mən bu günə qədər bir çox obrazları yaratmışam. Amma psixoloji, xarakterik obrazları sevirəm.

- Kinoda çəkilmək təklifi gəlirmi?

- Bəli, bədii filmə çəkilmişəm. Bu yaxınlarda Orxan Mərdanın filminə dəvət olundum, çəkildim. "Qaragöz” filmində Elməddinlə tərəf-müqabili olmuşam. Film aktrisası kimi də çalışmaq istəyirəm. Qarabağ mövzusunda da bir filmdə çəkilmək dəvəti gəlib. İnşallah, o filmdə də rol alacam.

- Aktrisa üçün teatr, ya da kinonun fərqi varmı?

- Əslində aktrisa üçün bunun elə böyük fərqi olmamalıdır. İstedadın varsa, hər ikisində özünü təqdim edə bilərsən.

- Deyirlər kaprizli, seçimli aktrisasız? Seriallardan dəvət gəlirmi?

- Bilmirəm nədən barəmdə o təəssürat yaranıb ki, kaprizli aktrisayam. Eşitmişəm deyirlər ki, kaprizli aktrisadır. Amma əslində elə böyük kaprizlərim də yoxdu. Mən professionallığa önəm verən biriyəm. Bunu kapriz adlandırırlarsa, ola bilər. Seriala dəvət almışdım. Bu yaxınlarda efirlərdə olmalıdır. "Yarpaqlar” adlı serialda çəkilmişəm.

- Deyirlər həm də bahalı aktrisasız...

- Vallah adım çıxıb. Hamı mənə yaxınlaşmağa qorxur, rejissorlar ehtiyat edir ki, o kaprizli aktrisadır. Çox pul istəyəcək. Onsuz da rejissor aktyorun dəyərini bilirsə, ona o qonorarı verəcək.

- Seriallarda 50 manata çəkilən aktrisalar da var. Qonorarın aktyorun ifasına təsiri ola bilirmi?

- Düzünü desəm, mən heç vaxt 50 manata çəkilmərəm. İnsan özünə, sənətinə ilk əvvəl özü dəyər verməyi bacarmalıdır. Mən özümü bu qədər ucuzlaşdıra bilmərəm. Ya mən pulsuz çəkilərəm, ya da normal qonorar tələb edərəm. Rejissor da bilir ki, 50 manata kimi seriala dəvət edə bilər. Mən dostun təklifini qəbul edib, kömək məqsədilə pulsuz çəkilərəm, amma 50 manata rol oynamaram.

- Yəqin ki, sizə də teatrda, səhnədə paxıllıq edən, yolunuzu kəsmək istəyənlər olub?

- Olub, o qədər olub ki. 16 yaşından səhnəyə gəlmişəm. Yolumu kəsməyə çalışanlar da olub, paxıllıq edənlər də tapılıb. Mənə ancaq Allah kömək edib. Başımı salıb işimi görmüşəm. Nə qədər pislik etsələr də, bu pislik yenə özlərinə qalıb. Məni yıxa bilməyiblər. Xarakterli qadınam. Həyatda özümə güvənim olub. Əksinə, gənclərə dəstək vermişəm. Həmişə əldən tutmuşam. Bu yaxşılığımı dəyərləndirən də olub, unudan da. Allah insana yol açırsa, bəndə səni yıxa bilməz.

Tahirə Məmmədqızı