Oğuldan qisas...

Mentalitetimizdən qan damır
Qatil atanı, mütiliyə öyrəşən qadınlar yaradır

Sabirabad rayonunda 7 yaşlı uşağın atası tərəfindən amansızlıqla, başına çəkiclə zərbələr endirilərək öldürülməsi cəmiyyətdə rezonans yaradıb. Hadisə barədə xəbər tutan hər kəs atanın vəhşiliyini, bir uşağa qarşı bu cür qəddarlığı necə edə bildiyini müzakirə edir. Əksəriyyət isə övladına qarşı bu cür vəhşilik edən bir insanın psixoloji vəziyyətinin yerində olmadığı qənaətindədir. O cümlədən də ekspertlər. 

Qeyd edək ki, Sabirabad Rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət martın 28-nə keçən gecə rayonun Ulacalı kəndində törədilib. Röyal Məmmədov öz oğlunu, 2010-cu il təvəllüdlü Röyamini qətlə yetirib. Əvvəllər üç dəfə mühakimə olunmuş Röyal Məmmədov həbsxanadan yenicə çıxaraq evinə qayıdıb: "Həbsxanadan qayıtmış Röyal həyat yoldaşını xəyanətdə günahlandırıb və Röyamın başqa kişidən olduğunu iddia edib. Bu zəmində Röyalla həyat yoldaşı arasında münaqişə yaranıb. R.Məmmədov dəfələrlə həyat yoldaşını və uşağı öldürməklə hədələyib. Sonuncu mübahisə zamanı o, həyat yoldaşını öldürmək istəyib, lakin qadın onun əlindən qurtularaq qaçıb. R.Məmmədov da gecə çəkic götürərək uşağı evdən aralıdakı daxmaya aparıb. Orada o uşağı qətlə yetirib. Röyal uşağın başına çəkiclə 7 zərbə endirib. Sonra Məmmədov polisə zəng edərək cinayəti etiraf edib.

"Bir paçka siqaret al gəl,sənə meyit verəcəm”

İstiPress-in verdiyi məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 27 yaşlı Röyal Məmmədov qayınanasının adına olan torpaq sahəsini satmaq istəyib. Lakin həm həyat yoldaşı, həm də qayınanası buna razılıq verməyiblər. Evdə dava salan Röyal əvvəlcə həyat yoldaşının üzərinə hücum çəkib. Təzyiqdən qorxan qadın xalasıgilə qaçıb. Röyal Məmmədov isə qayınanasından uşağı ona verməyi tələb edib. Qayınanası isə "qoy uşağı geyindirim, sonra apar” deyib. Uşağı öldürməyə aparan Röyal Məmmədov hadisədən əvvəl qayınanasına ismarıc ünvanlayır: "Sədiyə de ki, bir də Röyamini görməyəcək. Aparıram başını kəsməyə. Bu da qisas”. Amansız hadisəni törədəndən sonra qatil ata kəndin sahə müvəkkilinə zəng edərək: "Bir paçka siqaret al gəl, sənə meyit verəcəm” deyib. Bundan sonra sahə müvəkkili polis bölməsinə zəng edərək bu barədə məlumat verib. Polis əməkdaşları zəngdən dərhal sonra hadisə yerinə gediblər.

Röyamin Məmmədov üçuşaqlı ailənin ən böyük övladıdır. Kənd məktəbinin birinci sinfində təhsil alan Röyamin əlaçı şagird olub. Nənəsinin sözlərinə görə, Röyamin atasından qorxurmuş. Hətta hadisənin baş verdiyi gecə: "Nənə, məni atama vermə, qorxuram” deyib.

Röyaminin anası Günel Məmmədova isə deyib ki, Röyal bir neçə il əvvəl kiçik oğlunu da qaçırıb, lakin ona xələl yetirmədən geri qaytarıb. Amma bu dəfə fərqli oldu: "Röyal bilirdi ki, mən Röyamini çox istəyirəm. Məni ən çox onun ölümü yandırar. Ona görə də onu öldürdü”.

Ata adına ləkə olan insan, nə günahı vardı o körpənin?

Sosioloq jurnalist Lalə Mehralı "Şərq”ə açıqlamasında belə vəziyyətlərdə adamın nə deyəcəyini, necə davranacağını unutduğunu deyib: "O qədər sarsılmışam ki, bu hadisədən, iki gündür özümə gələ bilmirəm. Bir ata, yaradanın ən mükəmməl əsəri adlandırılan insan bu vəhşiliyi necə rəva görər öz balasına? Canı canından, qanı qanından bir körpəni bu qədər vəhşiliklə qətlə yetirmək hansı vicdana, atalıq mərhəmətinə, insanlıq duyğusuna sığışar?

Bir neçə versiya oxudum qətlin səbəbləri barədə. Kimisi atanın narkotik aludəçisi olduğunu iddia edib, kimisi uşağın başqa adamdan olma ehtimalını irəli sürüb, kimisi də mülk üstündə sözlərinin çəp gəldiyini, atanın uşağı arvadını qorxutmaq üçün öldürdüyünü deyir.

Səbəbi hər nə olursa olsun, bu cür vəhşiliyə haqq qazandırmaz. Narkotik aludəçisidirsə, bu qədər aqressiv, vəhşilik törədən biridirsə, onun ailəsi bunu əvvəldən bilməyib? Kənd camaatı deyir hər gün döyürdü ailəsini, uşaqları, arvadını. Hamı da bilirmiş narkotik istifadə etdiyini”.

Bu cür hallarda qadınlardan çox şey asılı olduğunu vurğulayan xanım sosioloq hesab edir ki, övladını öldürən adama həyat yoldaşı hər gün döyülməyə, söyülməyə razı olaraq boyun əyib, bişirdiyi çörəkləri ərinin satıb puluna narkotik almasına etiraz etməyib: "O cəsarəti də qatil ataya məhz bu mütilik verib. Hər səfərində döyüb pulunu aldığı arvadına bu dəfə də istədiyini etdirmək istəyib, evi satmağı tələb edib. Həmişə bir sözünü iki eləməyən qadının etiraz eləməsi onu vəhşiləşdirib. Qadını tuta bilmədiyi üçün qisasını oğlundan alıb”.

Lalə xanımın sözlərinə görə, həmin qadın lazımi orqanlara xəbər verərək ərinin dispanserdə qalmasına nail ola bilərdi. O adamın narkoman olması olan bu qətlə görə yüngül cəza verilməsinə səbəb deyil! Tutaq ki, lap narkotikdən istifadə etmir, uşağın öz uşağı olmadığını bilib öldürüb. Ata adına ləkə olan insan, nə günahı vardı o körpənin?

Sosioloq sonda təəssüflə uşaqların dünyaya gələndə valideynlərini seçə bilmədiklərini qeyd edib.

...mentalitet və digər faktorlar Azərbaycanda ailədaxili problemləri sivil qaydada həll etməyə imkan vermir

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə hesab edir ki, internet, sürət əsrində yaşamağımız, insanların bir-birinə biganə olması, bir insanın digərinin psixi sağlamlığına hörmət etməməsi və s. kimi məqamlar insanlar arasında münasibətlərin mənfi istiqamətə getməsinə gətirib çıxarır.
Son vaxtlar insanlarda aqressiv davranışların, aqressiyanın təzahür formalarının geniş yayıldığını, bunların da müxtəlif səbəblərinin olduğunu vurğulayan psixoloqun sözlərinə görə, insanın insana qarşı qəddarlığı, biganəliyi, müharibələr, aclıq əvvəllər də olub, insan insanı yeyib, bir-birinə zərər yetirib. Lakin bəşəriyyət inkişaf edir. Biz inkişafın elə bir mərhələsindəyik ki, artıq insanlar bir-birinə qarşı humanist davranmalı, humanizm dəyərləri əsas tutulmalıdır.

E.Rüstəmli deyib ki, qlobal miqyasda da insanların bir-birinə qarşı biganəliyi, yadlaşdığı hiss olunur, lakin Azərbaycanda dünya miqyası ilə müqayisədə bu hal daha kəskin xarakter daşıyır: "Qadın illərdir həyat yoldaşını tanıyır. Bir neçə ildir ailəlidirlər, həyat yoldaşının psixikasını, həyata baxışını bilir. Əslində hadisə haqqında deyilən ilkin versiyalar təsdiqini tapmalıdır. Amma tutaq ki, elə deyilənlər kimi olubsa da, problemi sivil yolla da həll etmək olardı. Lakin fakt faktlığında qalır ki, bu gün Azərbaycanda ailədaxili zorakılıq halları, məişət zəminində cinayət hadisələri var. Azərbaycan ailəsi qlobal dünyada baş verən dəyişikliklərə adekvat cavab verə bilmir və hələ bir müddət verə də bilməyəcək”.

Psixoloqun sözlərinə görə, mentalitet və digər faktorlar Azərbaycanda ailədaxili problemləri sivil qaydada həll etməyə imkan vermir. Məhz bu səbəbdən də bu gün Azərbaycanda cinayət hadisələrinin əksəriyyətinin kökündə məişət problemləri, ailə-məişət zəminində baş verən cinayətlər, ailədaxili konfliktlər və dolayısı ilə ailənin iştirakı ilə baş verən konflikt və cinayətlər durur: 

"Təsadüfi deyil ki, bu gün Azərbaycan məhkəmələrinin böyük bir qismini boşanmalar, əmlak-mülk davaları təşkil edir. Çıxış yolu isə ancaq insanların maariflənməsindən keçir. Hər kəs çalışıb özünü neqativ, kriminal hadisələr haqda informasiyadan qorumalı, oxumamalı, baxmamalıdırlar. Çünki onların əksəriyyəti insan beynində şüuraltı infeksiya yaradır. Konflikt, münaqişə olanda həmin infeksiya özünü büruzə verməyə başlayır”.

Şəymən